

“Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri adından Azadlıq radiosunun rəsmi saytında 2014-cü il 27 oktyabr tarixində dərc olunmuş "İki Azərbaycan vətəndaşı Dağlıq Qarabağda məhkəmə qarşısındadır" adlı material ilə bağlı Azadlıq radiosuna müvafiq etiraz məktubu göndərərk bizim mövqeyimizin də saytda dərc olunması xahiş olunub. Obyektlivlikdən və qərəzsizlikdən danışan Azadlıq radiosunun saytında mövqeyimiz indiyədək dərc olunmayıb”.
Kanal24 xəbər verir ki, bunu Milli Məclisin deputatı, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması İctimai Birliyinin İdarə Heyətinin üzvü Rövşən Rzayev təmsil etdiyi qurumun mövqeyini ifadə edərkən bildirib. Deputat bildirib ki, radionun rəhbərliyinə edilmiş çoxsaylı zənglər ya cavabsız qalıb, ya da radionun Azərbaycan üzrə rəhbəri və hal-hazırda Praqada yaşayan Kənan Kazımoğlunun "metrodayam", "mənlik bir şey yoxdu, rəhbərliyə məlumatı göndərmişəm" kimi cavablari ilə müşayət olunub: ““Demokratik dəyərlər, obyektivlik və qərəzsizlik” prinsiplərindən danışan Azadlıq Radiosunun belə davranışı Azərbaycana qarşı ikili standartların tətbiq olunduğunu bir daha təsdiq edir. "Qarşı tərəfin fikrini dərc etməyə hazırıq" prizmasından məsələlərə "yanaşan" Azadlıq radiosu bu davranışı ilə təbliğ etdiyi"dəyərlərə" sadiqliyini sübut etmiş oldu. Birtərəfli qaydada müəyyən dairələrin sifarişi əsasında Azərbaycana qarşı qarayaxma kampaniyasının önündə gedən Azadlıq radiosunun bu fəaliyyəti eləcə də peşəkar jurnalistika prinsiplərindən kənardır”-deyə R.Rzayev qeyd edib.
Dağlıq Qarabağın azərbaycanlı icması hesab edir ki, birtərəfli qaydada belə bir xəbərin verilməsi Azərbaycanın işğal edilmiş ərazilərindən yaradılmış qondarma rejimin təbliğinə və separatizmin, etnik təmizləmənin təşviqinə xidmət edir.