Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 13 saylı internat məktəbi ilə bağlı sosial şəbəkələrdə ürəkağrıdan fotolar paylaşılıb.
Qaynar.info-nun verdiyi xəbərə görə, paylaşımlarda adıçəkilən internat məktəbində istilik sisteminin olmaması üzündən uşaqların soyuqdan əziyyət çəkdiyi bildirilir və hər kəsdən isti geyimlərlə onlara yardım edilməsi xahiş olunur.
Bu ürək parçalayan məsələ ilə bağlı İnternat məktəbinin özünə zəng vursaq da, telefonlara cavab verən olmadı. Buzovna bələdiyyəsindən isə telefonu qaldıran şəxs "burada suallarınıza cavab verə biləcək adam yoxdur" dedi.
Xəzər rayonu İcra Hakimiyyətinin ictimai-siyasi məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov isə Qaynar.info-ya açıqlamasında qış mövsümünə keçidin noyabrın 12-ə təyn olunduğunu bildirdi: "Bununla əlaqədar olaraq, istilik sisteminə qoşulma da həmin tarixdə baş verəcək. Amma biz indi dərhal internat məktəbi ilə əlaqə saxlayacaq, vəziyyəti araşdıracağıq. Gərəkirsə, həmin tarixi qabağa çəkəcəyik".
Qeyd edək ki, Buzovna qəsəbəsi 13 saylı Xəzər birinci seçki dairəsinə daxildir. Ərazinin millət vəkili Rauf Əliyevdir.
18:16 31.10.2014