isaznow.com
Az Iw En Ru

Zahid Oruc: "Günü sabah Sərkisyanın məhkəməsinə başlamaq lazımdır"

"Hazırkı erməni rəhbərliyi bizim oradakı əsirlərdən fərqli olaraq real təcavüzkarlıqla və kütləvi insan qırğınları ilə məşğul olublar".

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin (MM) deputatı Zahid Oruc dilə gətirib.

"Xankəndidə iki azərbaycanlı girov-Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qurulmuş saxta məhkəmə prosesinə qarşı Azərbaycan insanında, vətəndaşlarımızda hiddət və qəzəb nə qədər başadüşüləndirsə, vəkillə təminat, onların hüquqlarının qorunması üçün beynəlxalq təşkilatlardan yardım istəmək də bir o qədər təbiidir. Lakin hesab edirəm ki, ən effektli yol-Ermənistana, onun Dağlıq Qarabağdakı bədnam rəhbərliyinə qarşı ən mühüm tədbir günü sabah Serj Sərkisyana, Seyran Ohanyana və digər hərbi cinayətkarlara qarşı Baş Prokurorluqda açılmış cinayət işini məhkəməyə çıxarmaq, sözügedən şəxsləri qiyabi mühakimə etməkdir"-deyən Z.Orucun sözlərinə görə, hazırkı erməni rəhbərliyi bizim oradakı əsirlərdən fərqli olaraq real təcavüzkarlıqla və kütləvi insan qırğınları ilə məşğul olublar. 

"Ona görə də Qarabağda tanınmayan məhkəmə strukturlarının belə bir prosesi keçirməsi nə qədər qeyri-hüquqidirsə, Azərbaycan məhkəməsində Sarkisyana və digərlərinə qarşı çıxarılacaq hökmlər şübhəsiz ki, qanuni sayılacaq. Azərbaycan məhkəmə sistemi, o cümlədən, xarici dövlətlərin, hətta, Avropa İnsan Haqları Məhkəməsinin yuridiksiyası tamamilə yol verir ki, qiyabi məhkəmə prosesləri həyata keçirilsin və qərarlar çıxarılsın. Təsadüfi deyil ki, ölkəmizin hüquq praktikasında da bir neçə dəfə belə hallar gerçəkləşdirilib. Ona görə Daqlıq Qarabağdakı saxta məhkəmə prosesinə ən yaxşı zərbə bizim mühakimə orqanlarının addımı, adekvat reaksiyası olardı. Eyni zamanda qeyd edim ki, həmin çıxarılmış hökmlə məlum şəxslərin Azərbaycana gətirilməsi isə beynəlxalq hüquqa müvafiq həyata keçirilir"-deyə, Z. Oruc daha sonra sözlərinə əlavə edib.

 


18:27 30.10.2014