

Bakı Dövlət Universitetində (BDU) Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinə həsr olunmuş tədbir keçirilib.
Müvafiq qurumların nümayəndələrinin, alim və müəllimlərin, tələbələrin iştirak etdikləri tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında” 2014-cü il 14 yanvar tarixli Sərəncamının əhəmiyyətini vurğulayıb.
Rektor Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının tarixindən və keçdiyi inkişaf mərhələlərindən bəhs edib. Ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatına Naxçıvanın əvəzsiz töhfələr verdiyini vurğulayan akademik A. Məhərrəmov muxtar respublikanın inkişafında ulu öndər Heydər Əliyevin tarixi xidmətlərini xatırladıb.
Tədbirdə AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “90 illik şərəfli yol” mövzusunda məruzəsi dinlənilib. Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov çıxış edib.