

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Göygöl və Hacıqabul rayonlarında məcburi köçkünlər üçün salınan yeni qəsəbələrdə olub.
Komitədən Kanal24.az-a verilən məlumata görə, Ə. Həsənov ərazidə aparılan tikinti işlərinin gedişi ilə yaxından tanış olub, inşaat işlərini aparan tikinti şirkətlərinin rəhbərləri ilə görüşüb, onların arzu və təkliflərini dinləyib və tövsiyələrini verib.
Əli Həsənov Prezident İlham Əliyevin diqqət və qayğısı ilə hər il minlərlə məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırıldığını bildirib: “Məcburi köçkünlərin məskunlaşdırılması ölkəmizin qarşısında duran prioritet məsələdir. Dövlətimizin başçısı qaçqın və məcburi köçkünlərin problemlərini daim diqqət mərkəzində saxlayır və bu məqsədlə qarşıya konkret vəzifələr qoyulub. Bu vəzifələrin yüksək səviyyədə həlli istiqamətində İlham Əliyevin müəyyən etdiyi strategiya, həmçinin dövlətimizin başçısının qaçqınlara və məcburi köçkünlərə diqqət və qayğısından irəli gələn tapşırıqlar vaxtından əvvəl və keyfiyyətlə yerinə yetirilməlidir”.
Göygöl və Hacıqabul rayonları ərazisində salınan bu yaşayış massivi dövlətimizin başçısının müvafiq sərəncamları ilə təsdiq edilmiş Dövlət Proqramının müvafiq bəndinə əsasən inşa edilir. Yeni salınmış qəsəbələrdə eyni zamanda məktəb binası,uşaq bağçası, tibb məntəqəsi, ATS binası və klub-icma mərkəzinin də tikintisi həyata keçirilib.
Qeyd edilib ki, tikinti işlərinin sürətlə aparılması ilə yanaşı, keyfiyyətə də ciddi fikir verilməli və yaşayış kompleksi bütün infrastruktur obyektləri ilə birlikdə yüksək keyfiyyətlə təhvil verilməlidir.
Ərazidə tikinti işlərinin başa çatdığını və qəsəbəyə qaz, su, və elektrik ilə tam təchiz olunduğu haqda məlumat verilib.
Əli Həsənov həmçinin məcburi köçkünlərlə də görüşüb, onların istək və arzularını dinləyib və müvafiq tapşırıqlar verib.