

Bakıda bacının digərinin başını kəsməsi xəbəri bir neçə gündür ki, ölkə gündəmini zəbt edib. Ailədaxili münasibətlərin bu həddə çatmasında tez-tez qızların valideynləri də qınanır.
Kanal24.az xəbər verir ki, “Qafqazinfo”ya daxil olan məlumata görə, öldürülən Günel və öldürən Pərvanə Nuriyeva bacılarının atası Etibar Nuriyev təkcə Şəkidə tanınmır. Onunla bağlı dəfələrlə mediada xəbərlər yayımlanıb. Onlardan biri “525”ci qəzetin 08.05.2014 tarixli sayında çap olunan məqalədir:
“Etibar Məsim oğlu Nuriyev. Bu sadə, zəhmətkeş insanı yaxından tanıyanlar onun nə qədər saf, təmiz həyatının mənasını halal zəhmətdə, xalqına, millətinə xidmət etməkdə görən biri olduğunu bilirlər. O, Şəki Sahibkarlıq Assosiasiyasının və Şəki Bələdiyyəsinin üzvüdür...” (Məqalənin tam formasını screen variantda oxuya bilərsiniz.)
Qeyd edək ki, “Bacı bacının başını kəsdi” başlıqlı xəbərlərdən əvvəl, bu iki bacı qəzetlərdə bir araya təbriklərlə dolu xəbərlərlə gəliblər. Belə ki, Günel və Pərvanə bacılarının tələbə olması ilə bağlı məlumat “Şəki təhsili” qəzetinin 5 sentyabr 2012-ci il tarixli 18-19-cu sayında yer alıb. Burada bacılara aid məlumat “Nuriyevlər ailəsinin sevinci” başlığı ilə gedib.