

Azərbaycanda aprel ayının 11-də keçirilmiş prezident seçkilərindən sonra hökümətdə ciddi dəyişikliklərin olacağı gündəmdə idi. Başda siyasi ekspertlər olmaqla hər kəs bir çox nazirlərin uzun illərdir tutduqları vəzifədən uzaqlaşdırılacağını hesab edirdilər. Vəzifədən gedəcək məmurların isə yerinə gənc kadrların gələcəyi söylənilirdi. Ən çox da Azərbaycanda 22 ildir ki, baş nazir vəzifəsini icra edən Artur Rasizadənin öz postunda qalıb –qalmayacağı müzakirə olunurdu. Bu gün Milli Məclisin keçirdiyi iclasda baş nazir postuna Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri və Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi vəzifələrini icra edən Novruz Məmmədovun namizədliyi irəli sürüldü və qəbul edildi. Prezidentin də sərəncamına əsasən hər zaman Azərbaycanın daxili və xarici siyasət məsələlərinin həllində fəal iştirak edən Novruz Məmmədov ölkənin yeni baş naziri təyin olundu.
Gənc siyasi ekspert Tural Əhmədov Novruz Məmmədovun baş nazir təyin olunması ilə əlaqədar öz fikirlərini Kanal24 –lə bölüşüb.
Siyasi ekspert ölkə prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən Novruz Məmmədovun baş nazir vəzifəsinə gətirilməsini ölkənin siyasi məsələlərində yeni bir mərhələ olacağını və uğurlu dəyişikliklərin baş verəcəyini hesab edir.
"Bu gün Azərbaycanın siyasi həyatında tarixi bir hadisə baş verdi. Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Azərbaycanın yeni baş naziri bəlli olub.
Bu gün də Novruz Məmmədovun ölkənin baş naziri seçilməsi ölkə başçısının yürütdüyü düzgün və məqsədyönlü siyasətinin bariz nümunəsidir. Hesab edirəm ki, Novruz Məmmədovun baş nazir postuna gətirilməsi yerində və tam düzgün atılmış bir addımdır. Çünki Novruz Məmmədov ölkənin həm xarici, həm daxili siyasətinə düzgün qiymət verməyi bacarır. Praqmatik düşüncəli, səmimiyyəti ilə hər zaman fərqlənən, Azərbaycanın siyasi həyatında daim fəal iştirak edən Novruz Məmmədovun baş nazir kimi fəaliyyəti bundan sonra da ölkənin xarici və daxili siyasətində uğurların əldə olunacağına inamı artırır.
Gələcək illərdə də Novruz Məmmədovun birbaşa vasitəçiliyi ilə Azərbaycanın xarici siyasəti daha da möhkəmlənəcək və ölkənin bu yönümdə olan siyasətində ciddi dəyişikliklər, daha uğurlu naliyyətlər əldə ediləcəyi şübhəsizdir . Xarici dövlətlərlə münasibətlərin daha da inkişafı baxımından bu şəxsin xidmətləri tədqirəlayiq olacaq. Eyni zamanda onu da qeyd etmək istəyirəm ki, yeni təyin olunmuş baş nazir Novruz Məmmədov çox aktiv sosial media istifadəçisi olmaqla yanaşı , həmçinin Azərbaycan siyasətçiləri arasında ən çox tvit atan nazir kimi tanınır. Bu da onu göstərir ki, Novruz Məmmədov ictimaiyyətə daha yaxındır və baş verən hər bir hadisəyə münasibət bildirir. Məhz xalqa yaxın olmağı Novruz Məmmədovu xarakter baxımından da hər zaman humanist və səmimi biri kimi tanıdıb. Hesab edirəm ki,ölkə rəhbərliyi tərəfindən etimad doğuraraq baş nazir vəzifəsinə gətirilən Novruz Məmmədov ilk gündən öz öhdəliklərini layiqincə yerinə yetirəcək və siyasi məsələlərin həlli istiqamətində uğurlu naliyyətlərə imza atacaqdır.
Hesab edirəm ki, yeni baş nazirin Dağlıq Qarabağ probleminin sülh yolu həlli istiqamətində atacağı addımlar da diqqət çəkəcək.Sözsüz ki ,uzun illərdir Azərbaycanın xarici və daxili siyasətində yaxından iştirak edən bir şəxsin baş nazir kimi də düzgün qərarları və fikirləri Qarabağ problemində növbəti mərhələ yaratmaq və həlli istiqamətində ciddi irəliləyişlərin əldə olunmasına öz tövhəsini verəcək.
Novruz Məmmədovu baş nazir vəzifəsinə təyin edilməsi münasibəti ilə təbrik edir,fəaliyyətində uğurlar arzulayıram."