

“Azərbaycanın qədim tarixə malik olması, Qərb və Şərq mədəniyyətləri arasında kəsişmə nöqtəsi rolunu oynaması ölkəni mötəbər tədbirlərin keçirilməsi üçün ideal məkana çevirir.
Kanal24.az xəbər verir ki, bu sözləri IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarından biri, italiyalı jurnalist Sergio Bellucci AzərTAc-a müsahibəsində söyləyib.
O, Forumun müxtəlif mədəniyyətlər arasında dialoqun nə dərəcədə önəmli olduğunu bir daha nümayiş etdirdiyini vurğulayıb.
Jurnalist deyib: “Dünya xalqları öz tarixləri və ənənələrinə, ölkələr geosiyasi maraqlarına görə bir-birindən fərqlənirlər. Lakin qarşılıqlı anlaşma yolu ilə yaxınlaşmanın yollarını tapmaq vacibdir. Məhz bu istiqamətdə Bakı Forumu il keçdikcə daha mühüm önəm kəsb edir”.
Sergio Bellucci bildirib ki, biz dialoq anlayışını heç vaxt kənara qoymamalıyıq. Bu məfhumu qarşılıqlı anlaşmaya, qarşılıqlı anlaşmanı isə birgə mövcudluğa çevirməliyik. Bakı Humanitar Forumunun ənənə halını alması Azərbaycanın dünyaya bəxş edə biləcəyi töhfələrin sayını artırır. İnanıram ki, növbəti illərdə də Forum mədəniyyətlər arasında dialoqu genişləndirmək missiyasını uğurla təbliğ edəcək.