isaznow.com
Az Iw En Ru

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində “Açıq qapı günü”

Oktyabrın 22-də Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) kütləvi informasiya vasitələri nümayəndələri üçün növbəti “Açıq qapı günü” keçirilib. Tədbir ictimaiyyəti və KİV nümayəndələrini komitənin struktur bölmələrinin fəaliyyəti ilə daha yaxından tanış etmək məqsədi daşıyıb.

Kanal24.az xəbər verir ki, QKDK Aparatının rəhbəri Bəxtiyar Əzizov tədbirin Prezident İlham Əliyevin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində şəffaflığın artırılması və mərkəzi icra hakimiyyəti orqanlarının açıq hökumət prinsiplərinə uyğunlaşdırılması istiqamətində həyata keçirildiyini qeyd etdi.
Komitənin tədavülün tənzimlənməsi şöbəsinin müdiri Ağahüseyn Xudaverdiyev təqdimatla çıxış edərək struktur bölmələrinin əsas fəaliyyət istiqamətləri və vəzifələri barədə məlumat verdi. Şöbə müdiri qiymətli kağızların tədavülünün tənzimlənməsi, qiymətli kağızlarla bağlanmış əməliyyatlara nəzarət, qiymətli kağızlar bazarının peşəkar iştirakçıları tərəfindən əqdlərə dair təqdim edilən hesabatların qəbulu və təhlili istiqamətində görülən işlərdən danışdı.
Sonda jurnalistləri maraqlandıran suallar cavablandırıldı.


21:59 22.10.2014