isaznow.com
Az Iw En Ru

AXCP-də "yarpaq tökümü" davam edir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisinin üzvü İslam Mahmudov təmsil olunduğu partiyadan istefa verib.

Kanal24.az xəbər verir ki, Trend-in məlumatına görə, İ.Mahmudov bununla bağlı yaydığı bəyanatda istefasının səbəblərinə toxunub.

Bəyanatda deyilir ki, o, 1989-cu ildən AXCP-nin üzvü olub. "Bu gün AXCP-nin rəhbərliyinə daxil olan bir çox şəxslərin cəmiyyətin müxtəlif təbəqələrinə qarşı uğursuz savaş açdıqlarını müşahidə edirəm. AXCP sədri bütün bu yersiz kampaniyalara göz yumursa, o zaman cəmiyyətdə şübhə yaranır ki, kampaniyanın başında şəxsən özü dayanır. Sanki bu partiya məğlubiyyətinin qısasını xalqdan almaq iddiasındadır. Azərbaycanda şərəfli siyasi keçmişi olan bir partiyanın bu cür çirkin kampaniyada yer almasına etiraz olaraq AXCP sıralarından çıxdığımı bəyan edirəm".

Bəyanatda daha sonra qeyd edilib: "Onu da əlavə etməyi borc bilirəm ki, kimsə mənim AXCP üzvü olmamağım barədə cəfəng iddiaya düşməyə cəhd etməsin. Bunun şahidi olan bütöv bir rayon şöbəsi var. Sonuncu prezident seçkisi zamanı bu partiyanı məntəqə seçki komissiyasında təmsil etmişəm. Bu addımımla bağlı tənqidləri sayğı ilə qarşılayacağam. Amma onu da deyim ki, hər hansı təhqir olacaqsa, bunu edənlərin hər biri beş qatını öz payına alacaq".

Qeyd edək ki, son iki gündə bu, AXCP-dən ikinci istefadır. Bundan əvvəl Əli Kərimlinin müşaviri Şakir Abbasov AXCP-dən istefa verib.

AXCP rəsmiləri bununla bağlı hər hansı şərh verməkdən imtina ediblər.


02:02 22.10.2014