

Binəqədi rayonunda 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar hesabat yığıncağı keçirilib.
Kanal24.az xəbər verir ki, yığıncaqda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov hesabat məruzəsi ilə çıxış edərək ötən müddətdə görülən işlər haqqında danışıb. O, 2014-cü ilin yanvar-sentyabr aylarında rayonda sənaye sahəsində keçən ilin müvafiq dövründən 27,9 faiz çox sənaye məhsulu istehsal edildiyini, sənaye müəssisələrində işlə təmin olunanların ötən ilin müvafiq dövründən 17,7 faiz çox olduğu söyləyib.
Hesabat məruzəsi ətrafında çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Vüsar İsmayılov bildirib ki, ötən dövr ərzində Binəqədi rayonu üzrə işçilərin orta sayı 45 min 551 nəfər olub ki, onlardan 17 min 356 nəfəri dövlət, 28 min 185 nəfəri isə qeyri-dövlət sektorunda çalışır. Binəqədi rayonunda hamısı daimi olmaqla 4 min 359 yeni iş yeri açılıb.
Qeyd edilib ki, son illərdə Binəqədi rayonu ərazisində abadlıq-quruculuq istiqamətində görülən işlərin son aylarda “Təmiz Binəqədi” sosial layihəsi çərçivəsində daha da intensiv xarakter alması rayon sakinləri tərəfindən rəğbətlə qarşılanıb və görülən işlər nəticəsində sakinlərin həm kommunal sahədə, həm də ümumi həyat şəraitlərində mövcud olan bir sıra problemlər öz həllini tapıb. Belə ki, rayon ərazisində mərhələli və planlı şəkildə həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində qəsəbələrarası və məhəllədaxili yollarda, mərkəzi prospektlərdə, yaşayış binalarının fasad və dam örtüklərində, park və meydanlarda, həmçinin digər infrastruktur sahələrində yenidənqurma və əsaslı təmir işləri aparılıb və bu istiqamətdə işlər bu gün də davam etdirilməkdədir.