isaznow.com
Az Iw En Ru

Müsavatçılar İsa Qəmbəri tələb edirlər - Partiyada fövqəladə qurultay keçirilə bilər

Müsavatın sentyabrın 27-də keçirilmiş son qurultayından sonra partiya daxilində yaranan qarşıdurma getdikcə daha da qızışır. Arif Hacılının İsa Qəmbərin yerinə başqan seçilməsi prosesindəki yol verilən qanunsuzluqlara əsaslanan digər namizəd Qubad İbadoğlu və onun tərəfdarları arasında mübahisələr, qarşılıqlı ittihamlar partiya daxilində parçalanma həddinə çatıb. Seçkinin nəticələri ilə razılaşmayan və əksəriyyəti gənclər olan partiya üzvləri artıq istefa verdiklərini bəyan ediblər. Bundan başqa, AXC hakimiyyəti zamanı kənd təsərrüfatı naziri işləmiş Tofiq Hüseynli (Qara Tofiq) də artıq Müsavatdan istefa verdiyini bəyan edib. Bundan öncə isə Müsavatın Tovuz rayon təşkilatının üzvləri hamılıqla partiyadan istefa verdiklərini açıqlayıblar. 
Göründüyü kimi, qurultaydakı yeni başqan seçimi Müsavatın uzun illərdən bəri ən sadiq üzvü olan tanınmış insanları belə, seçim qarşısında qoyub. Qalib tərəf proseslərin bu yöndə getməsində məğlub tərəfi qınayır. Məğlub tərəf, Qubad İbadoğlu və onun namizədliyini dəstəkləyən, həm də müsavatçılar arasında kifayət nüfuzu olan Vurğun Əyyub isə tərəfdarlarını partiyadan istefa verməməyə çağırırlar. Ancaq bu çağırışın hələ ki xeyri yoxdur. Bu səbəbdən Müsavatdakı qarşıdurmanın getdikcə daha kəskin müstəviyə keçəçəyi istisna olunmur. Bu halda partiyanın parçalanma ehtimalı da istisna olunmur. 

Məlumata görə, partiyadakı bu gərginliyi səngitmək, kütləvi istefaların qarşısını almaqdan ötrü çıxış yolu aranır. İndiki mərhələdə isə gündəmdə olan ən əsas çıxış yolu kimi İsa Qəmbərin yenidən başqanlığa qayıtmasıdır. Partiyadakı mənbə bildirir ki, artıq bu istiqamətdə ciddi müzakirələr gedir. Keçmiş başqanın yenidən rəhbər kimi qayıtması üçün əgər İsa Qəmbər razılığını verərsə, fövqəladə qurultay keçirilməsi qaçılmaz olacaq. 

Digər məlumata görə, bu məsələ ilə bağlı keçmiş başqanı razı salmaq hələ ki mümkün olmayıb. Mənbə qeyd edir ki, əgər partiya daxilindəki qarşıdurma səngiməzsə və istefaların daha kəskin xarakter alacağı qaçılmaz olacaqsa, bu halda İsa Qəmbər geri qayıtmaq məcburiyyətində qalacaq./modern.az/


18:57 17.10.2014