

Azərbaycan Respublikasının Malayziyadakı səfirliyinin təşəbbüsü ilə bu ölkədə ingilis dilində nəşr edilən “İnternational Business Review” jurnalının 10 illik yubileyinə (100-cü nəşr) həsr olunmuş buraxılışında Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin müsahibəsindən parçalar təqdim edib.
Müsahibədə qeyd edilir ki, Azərbaycanda növbəti illərdə informasiya və kommunikasiya texnologiyaları prioritet sahə olacaq. Hazırda bu sahədə çox yüksək artım tempi müşahidə edilir. Keçən il orbitə ilk telekommunikasiya peykinin buraxılması və yüksək texnologiyalar parklarının yaradılması sahənin inkişafı üçün geniş imkan yaradır.
2014-cü ilin Prezident İlham Əliyev tərəfindən “Sənaye ili” elan olunması barədə məlumatın da yer aldığı müsahibədə bildirilir ki, hazırda sənayeləşmə Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin prioritetlərindən biridir. Transmilli layihələrin icrası və düşünülmüş neft strategiyasının uğurla reallaşdırılması neft-qaz sənayesi ilə yanaşı, digər sənaye sahələrinin də inkişafına təkan verib. Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində sənayenin modernləşməsi və müasir tələblərə cavab verən rəqabət qabiliyyətli sənaye müəssisələrinin yaradılması istiqamətində əhəmiyyətli işlər görülüb. Son 10 ildə ölkə sənayesinə 47 milyard manatdan (60 milyard ABŞ dolları) çox investisiya yatırılıb. Paytaxt Bakıda və regionlarda energetika, maşınqayırma, metallurgiya, məişət cihazları, tikinti materialları, qida məhsulları və digər sahələrdə yüzlərlə istehsal və emal müəssisəsi istifadəyə verilib. Hazırda 90-dan çox sənaye müəssisəsinin tikintisi davam etdirilir./AzerTac/