isaznow.com
Az Iw En Ru

Arif Hacılıdan Qubad İbadoğluna- Xəbərdarlıq

“Partiyanın ayrı-ayrı üzvlərini və bütövlükdə partiyanı nüfuzdan salan açıqlamalara son qoyulması tələb edildi”. 

 

Müsavat Partiyası başqanı Arif Hacılı bunu dünən keçirilən Məclisin ilk iclası barədə məlumat verərkən deyib.

Kanal24-ün verdiyi xəbərə görə, A.Hacılı özünün facebook hesabında yazaraq bildirib ki, dünənki seçkilərdən sonra Məclis üzvlərinin sayı 121-ə çatıb: “MNTK üzvlüyünə 7, sərbət məclis üzvlüyünə isə 32 yer boş qaldı.

Bu yerlərə və partiyanın divan üzvlüyünə seçkilər oktyabrın 25-də gündüz saat 10-a təyin olunmuş Məclisin toplantısında keçiriləcək.

Partiya Divanının 15 nəfərdən ibarət olması qərara alındı. Partiyanın başqanı və Məclisin sədri nizamnaməyə görə birbaşa Divan üzvüdür. 13 Divan üzvü seçilməlidir.

Oktyabrın 25-də hələlik 10 yerə Divan üzvü seçkiləri keçirmək barədə qərar qəbul olundu.

Namizədlərin irəli sürülməsi 13 oktyabr saat 12:00-dan, 22 oktyabr saat 18:00-dək müəyyənləşdirildi. Ərizələr Təşkilat şöbəsinə təqdim edilməlidir".

Partiya başqanı əleyhinə açıqlama verənlərə də mesaj göndərib: “Partiya qurultayının qərarlarını hörmətdən salan, keçirilən seçkilərin nəticələrini şübhə altına almağa cəhd göstərən açıqlamalar qəti şəkildə pislənildi. Partiyanın ayrı-ayrı üzvlərini və bütövlükdə partiyanı nüfuzdan salan açıqlamalara son qoyulması tələb edildi.

Belə hallarla əlaqədar zərurət yaranarsa partiya adından müvafiq açıqlamalar vermək partiyanın başqanına həvalə edildi”.

Qeyd edək ki, qurultayda A.Hacılıya 28 səs fərqi ilə məğlub olan Qubad İbadoğlu və tərəfdarları seçkinin nəticələrini tanımayıb, səsvermə zamanı baş verən pozuntuların araşdırılması üçün MNTK-a müraciət edib./Qafqazinfo/


21:09 12.10.2014