isaznow.com
Az Iw En Ru

Əflatun Amaşov Mətbuat Şuraları Alyansında çıxış edib – FOTO

Avropa Müstəqil Mətbuat Şuraları Alyansının 16-cı illik toplantısı başa çatıb.

SalamNews-un məlumatına görə, belçikanın paytaxtı Brüsseldə baş tutmuş tədbirdə Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov və Şuranın İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli iştirak edib.

MŞ sədri Ə.Amaşov rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri, ötən bir il ərzində gördüyü işlər barədə məruzə edib. Ə.Amaşov çıxışında Şuranın şikayətləri araşdırması təcrübəsindən söz açıb, ölkədə internet media sahəsindəki meyllərə və onların MŞ-nin iş prinsiplərinə təsirinə diqqət yetirib. 30-dan çox ölkədən nümayəndələrin qatıldıqları toplantıda Avropada fəaliyyət göstərən Mətbuat Şuralarının özünütənzimləmə tədbirləri ətrafında müzakirələr olub, Alyansın gələcək perspektivinin təkmilləşdirilməsi məsələlərinə toxunulub.

Bildirək ki, növbəti tədbirin Avstriyada təşkili qərara alınıb.


04:21 11.10.2014