

İran Türkiyəni Suriyaya hərbi müdaxilə etməmək barədə xəbərdarlıq edib. Kanal24-ün Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə İranın xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahiyan bildirib ki, rəsmi Tehran Suriya prezidenti Bəşər Əsədin hakimiyyətdən devrilməsi üçün atılan addımların qarşısını alacaq.
İran XİN rəsmisinin sözlərinə görə ABŞ Suriyadakı İŞİD terrorçu qruplaşmasına aviazərbələr endirməzdən qabaq İrana bu barədə planlarının olmadığını çatdırıb.
“Onlar Suriya hakimiyyətinə də İŞİD qüvvələrini bombardman etməyəcəklərini deyiblər. Lakin onların xəbərdarlıq etmədən Suriya ərazisini bombalamasından sonra artıq ABŞ-a güvənə bilmərik. Suriya torpaqlarında qanunsuz hərbi əməliyyatların aparılması pis nəticələnə bilər. Biz bu barədə Türkiyəni də xəbərdarlıq etmişik ”,-deyə H. Ə. Abdullahiyan bildirib. O qeyd edib ki, İran İŞİD məsələsində Suriya kürdlərinə yardım etmək üçün addımlar atır.
Bildirək ki, oktyabrın 2-də Türkiyə parlamenti hökumətin orduya ölkə xaricində hərbi əməliyyatlar keçirmək hüququ tanıyan qanun layihəsini qəbul edib.
Hələlik isə, Türkiyə ölkə xaricində əməliyyatlara başlamayıb.