

16 ildir Azərbaycanda fəaliyyət göstərən Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurası (IREX) Bakı nümayəndəliyini bağlayıb.
Kanal24 AzadlıqRadiosuna istinadən xəbər verir ki, IREX-in Vaşinqton ofisinin yaydığı məlumata görə, nümayəndəliyin ləğvi barədə qərar bu il sentyabrın 30-da qəbul edilib.
Qərar qəbul edildiyi gün IREX Bakı ofisini boşaldıb.
IREX bəyan edir ki, 1998-ci ildən bəri fəaliyyət göstərdiyi müddətdə Azərbaycanda təhsilə, medianın inkişafına, internet infrastrukturunun genişlənməsinə dəstək olub. Bununla bağlı müxtəlif dövlət və hökumət, eləcə də kommersiya və qeyri-kommersiya qurumları ilə sıx əməkdaşlıq edib.
IREX ümid edir ki, Azərbaycandakı fəaliyyəti Azərbaycan xalqı və hökuməti nəzdində obyektiv qiymətləndiriləcək: “Son vaxtlar müxtəlif səpkidə mediaya ötürülən əsassız və böhtan dolu iftiralar ciddi qəbul edilməyəcək və başladılan proseslər hüququn üstünlüyü çərçivəsində obyektiv yekunlaşacaq”.
Ötən ay – sentyabrın 5-də prokurorluq əməkdaşları IREX-in Bakı ofisində axtarış aparıb. Ofisdəki elektron avadanlıqlar, sənədlər müsadirə olunmuşdu.
Bir sıra yerli və beynəlxalq QHT-lərə açılan «cinayət işi» üzrə iyulun 31-də məhkəmə qərarı ilə IREX-in də bank hesabına həbs qoyulmuşdu.