

“İraq Şam İslam Dövləti” (İŞİD) terrorçularının yezidi və xristian qadınlar üçün müəyyən etdiyi qiymətlərin siyahısı açıqlanıb.
Türkiyə KİV-i xəbər verir ki, barbar təşkilatın özünə qənimət kimi götürdüyü qadınları qul kimi satdığı qiymətlər belədir:
40-50 yaş arası bir yezidi və ya xristian qadının qiyməti 43 dollar, 20-30 yaş arası isə 86 dollar.
Cavan qadınların qiymətini artıran terror təşkilatı 10-20 yaş arası qızları 129 dollara satır. 9 yaş və ondan aşağı qız uşaqları isə 172 dollara satılır.
Xəbərdə kölə qiymətlərinin gün keçdikcə düşdüyü də açıqlanır. İŞİD təşkilatının və yaraqlılarının mühüm gəlir mənbələrindən olan kölə satışı göstəricilərində azalma baş verdiyi bildirilir. Xəbərdə yer alan digər bir detal isə, bir insanın ən çox 3 qul almaq hüququ olduğudur. Kölə satışında azalma olduğunun açıqlanmasına baxmayaraq, yaxınlarda çıxan bir videoda İŞİD yaraqlılarının kölə ticarəti edərkən çox məmnun olduqları görünür.