isaznow.com
Az Iw En Ru

Obamanı məğlubiyyət gözləyir?

Bu gün ABŞ Konqresinə aralıq seçkilər keçirilir. Səsvermənin nəticələri yaxın iki il ərzində ölkədə siyasi qüvvələr balansını müəyyən edəcək.
AzərTAc Euronews telekanalına istinadla xəbər verir ki, sosioloji sorğunun nəticələrinə görə, qeydiyyata alınmış seçicilərin üçdə ikisi ölkənin yanlış istiqamətdə irəlilədiyi və bunda Barak Obamanın günahkar olduğu fikrindədir.
Mütəxəssislər iqtisadi geriləmənin 2009-cu ildə sona yetdiyini desələr də, Barak Obama administrasiyası indiyə qədər sıravi amerikalıların yaşayış səviyyəsini yüksəldə bilməyib. Corc Meyson universitetinin professoru Toni Mişeşl Treyvis deyir ki, iqtisadi sahədə irəliləyiş olsa da, bu, iş yerlərinin artmasında özünü göstərməyib və bir çox amerikalı hələ də işsizdir.
Sosioloji sorğunun nəticələrinə görə, respublikaçılar nümayəndələr palatasında nəinki öz üstünlüklərini qoruyacaq, həmçinin Senatda da üstünlük qazanmaq imkanı əldə edəcəklər.
Belə olduqda prezident və konqres arasında yaranmış gərgin vəziyyət yenə də davam edəcək, qarşıdurma daha da artacaq. Respublikaçılar vaxtilə mühafizəkarların dayağı sayılan Virciniya ştatını geri almaq istəyirlər. Bəs demokratlar Senatı əllərində saxlaya biləcəklərmi?
Senator-demokrat Mark Vorner bütün diqqətini bu kompaniyaya yönəltdiyini və Virciniya ştatının əhalisinin səslərini qazanmağa çalışdığını deyir.
Yüksək iqtisadi göstəricilərə baxmayaraq, həm Virciniya ştatında, həm də bütün ölkədə sabaha inam hissi azalıb. Bir çox amerikalı hesab edir ki, Obama administrasiyası İŞİD qruplaşmasının hücumları və Ebola virusu kimi böhranların təhlükəsini düzgün qiymətləndirə bilməyib, həmçinin onlar xüsusi xidmət orqanlarının işindəki uğursuzluqlara görə cavabdehlik daşıyırlar. Bütün bunların əvəzini isə demokratlar, çox güman ki, seçki məntəqələrində ödəyəcəklər.


01:31 05.11.2014