isaznow.com
Az Iw En Ru

Multikulturalizm səhnə sənətində vacib faktora çevrilir

III Bakı Beynəlxalq Teatr Konfransında mədəniyyətlərarası dialoqun da mühüm amilə çevrildiyi diqqət mərkəzində saxlanılır


Paytaxt Bakı son illər bır sıra beynəlxalq tədbirlərə ev sahibliyi edir. Əlbəttə, bu da ilk növbədə ölkəmizin nəinki sosial-iqtisadi həyatındakı inkişafla bağlıdır, eyni zamanda Azərbaycanın avropalıların nəzərlərində bəşəriyyətin mədəniyyət mərkəzlərindən birinə çevrilməsinin təsdiqidir.
Noyabrın 4-5-də keçiriləcək III Bakı Beynəlxalq Teatr Konfransında dünyanın səhnə sənətinin inkişafı ilə yanaşı, onlardakı mövcud problemlərə də aydınlıq gətirilməsi və onlardan xilas yollarının araşdırılması vacib hesab edilib.
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbycan Milli Elmlər Akademiyası və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə keçirilən konfrans “Teatr sənətinin multikulturalizm-universal dəyərlər sistemində yeri” kimi dünyanın narahatlığını ifadə edən mühüm bir mövzuya həsr edilib. Aktuallığı ilə seçilən, eyni zamanda tarixi mahiyyət daşıyan mövzu qloballaşma dövründə xalqlar və dinlərarası mədəni əlaqələr baxımdan da diqqətçəkəndir.
Xatırladaq ki, bu tədbir “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına əsasən 2010-cu ildə əsası qoyulan konfransın davamı və beynəlxalq statusludur. Beynəlxalq konfransda 40-dan artıq ölkədən səhnə sənətinin 110-dan çox mütəxəssisi – teatr tənqidçiləri, rejissorlar, dramaturqlar, baletmeyster və teatr rəssamları iştirak edir. Daha konkretləşdirsək, konfransda Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası (CAR), Beynəlxalq Kukla Teatrları Assosiasiyası (Fransa), Beynəlxalq Teatr İnsitutu (Kanada), Teatr Rəssamları, Texniki İşçilər və Memarların Beynəlxalq Təşkilatı (Hollandiya), Beynəlxalq Teatr Tədqiqatları Federasiyasının (İrlandiya) rəhbər şəxsləri təmsil olunurlar.
Mühüm və olduqca vacib bir mövzuya həsr olunan konfransın Bakıda keçirilməsini teatr xadimləri və mütəxəssislər yüksək dəyərləndirirlər. Çünki bu konfrans Azərbaycan mədəniyyətinin, o cümlədən teatrının bəşəri arenaya inteqrasiyası baxımından olduqca vacib hesab edilir.
Məsələyə mütəxəssislər tərəfindən münasibət və yanaşmalar müxtəlif olsa da, məram baxımından hamısı da bir nöqtədə birləşir: mədəniyyətlərarası dialoq və multikulturalizm Azərbaycanda dövlət siyasətinin tərkib hissəsi və prioritetlərindəndir. Mədəniyyət və turizm nazirinin müavini, eyni zamanda tədbirin təşkilat komitəsinin sədri Ədalət Vəliyevin fikrincə, III Bakı Beynəlxalq Teatr Konfransı mövzusuna və miqyasına görə əvvəlkilərindən fərqlənir: “Dünyanın məşhur teatr, incəsənət xadimləri – rejissorlar, aktyorlar, keçmiş mədəniyyət nazirləri, ssenaristlər, bir neçə ölkənin teatr xadimləri ittifaqlarının, beynəlxalq teatr festivallarının rəhbər şəxsləri, eləcə də müxtəlif ölkələrin teatrlarının rəhbərlərinin bu konfransda iştirak etmələri üçün müraciət etmişdilər”.
Təşkilat komitəsinin rəhbərinin sözlərinə görə, müzakirə olunan məsələlər, treninqlərdə edilən məruzələr, ümumilikdə konfransın gündəliyinə çıxarılan məsələlər teatr bilicilərinin canlı ünsiyyətini təmin etməklə, təbii ki, uğurlu nəticəyə, gələcəkdə qurulacaq qarşılıqlı əlaqələrə hesablanıb.
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azərpaşa Nemətov hesab edir ki, müzakirə edilən məsələlər dünya, o cümlədən bizim teatrlar üçün olduqca əhəmiyyətlidir. Ona görə də teatrların yeni inkişaf mərhələsinə qədəm qoymasında adıçəkilən beynəlxalq konfransın tarixi əhəmiyyət daşıması danılmazdır. Bu, həmçinin Azərbaycan teatr sənətinin və mühitinin dünya səhnəsi mütəxəssisləri tərəfindən yerində öyrənilməsi və qarşılıqlı fikir mübadiləsi baxımından da zəruri hesab edilir. Çünki teatr mütəxəssisləri paytaxt Bakıdakı teatrların fəaliyyəti ilə maraqlıdırlar. Onlar Azərbaycan səhnəsinin tarixi və bugünü barədə zəngin təəssürat toplamaq üçün teatrlarda olacaq, tamaşalara baxacaqlar.
Konfransdan sonra Azərbaycan teatr tarixində yeni ənənənin başlanacağını söyləyən Mədəniyyət və İncəsənət Universitetinin prorektoru, professor Məryəm Əlizadəyə görə, bu gün Azərbaycan teatrları istər təmir, istərsə də yaradıcılıq nöqteyi-nəzərdən dünyanın qabaqcıl sənət nəhəngləri ilə ayaqlaşmağa çalışır: “Baxın, məşhur festivallarda, ən vacib teatr qurumlarında, müxtəlif ölkələrdə düzənlənən qlobal əhəmiyyətli teatr olaylarında Azərbaycan da iştirak edir. Tolerantlığın tam anlamda kök saldığı ölkəmizdə multikulturalizm məsələsi qlobal problemə çevrilmədiyi məqamlarda belə öz həllini tapmış olub. Bu mənada, düşünürəm ki, belə bir mövzulu konfransa ev sahibliyi etmək bizim haqqımızdır”.
Akademik Milli Teatrının direktoru, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilovun da III Bakı Beynəlxalq Teatr Konfransının əhəmiyyəti barədə fikirləri orijinal və diqqətçəkəndir: “Düşünürəm ki, konfransda müxtəlif ölkələrin teatr xadimləri ilə təmas imkanı bizə daha geniş arealda beynəlxalq teatr əlaqələri qurmaq üçün perspektivlər açır. Ümid edirəm ki, ötən iki konfrans kimi, budəfəki də Azərbaycan teatrı üçün son dərəcə səmərəli olacaq”.
Bəli, minillik teatr ənənəsi olan millətlərin teatr aləmində nələr yaşandığı, nə kimi problemlərin həllinin vacib sayıldığı beynəlxalq tədbirlərin keçirilməsi paytaxt Bakıda heç də təsadüfi yerə adi hal almayıb. Deməli, dünyanın mədəniyyət mərkəzlərinin üzü Bakıya, daha geniş mənda Azərbaycana doğrudur. Dünənə kimi Azərbaycanın Avropaya inteqrasiyası barədə düşünülsə də, bu gün tam əksinə proseslərin getdiyinin şahidinə çevrilirik: nəinki Avropa, sivilizasiyalı dünya Azərbaycana inteqrasiya edir. Təbii ki, bu, ölkəmizin bütün istiqamətlərdə, o cümlədən mədəniyyətin inkişafının göstəricisi, milli mənəvi dəyərlərimizə dövlət qayğısının bariz nümunəsidir. Keçirilən beynəlxalq tədbirlərin sayının artması həm də Azərbacanın dünyada təbliği şəbəkələrinin genişlənməsi deməkdir.

                                                                                                  Məhəmməd NƏRİMANOĞLU,
                                                                                                         

                                                                                                             “Kanal24”


09:54 04.11.2014