

İranda voleybol matçını kişilərlə birlikdə stadionda izləmək istəyən İran əsilli İngilis vətəndaşı olan Qonçeh Qavami adlı qadın bir il həbs cəzası ilə məhkum edilib.
Kanal24.az-ın verdiyi xəbərə görə, Qavaminin vəkili Mahmud Əlizadə Tabetabay təqsirləndirilmiş şəxsin “rejimə qarşı təbliğat” ittihamı ilə həbs edildiyini bildirib. Qavami iyun ayının 20-də Tehranda İran ilə İtalya milli komandaları arasında oynanan kişilər voleybol matçını izləmək üçün rəfiqələri ilə stadiona girməyə cəhd edib. Nəzarətə alındıqdan dərhal sonra sərbəst buraxılan gənc qadın, şəxsi əşyalarını geri almaq üçün polis bölməsinə geri qayıtdığı zaman həbs olunaraq Tehrandakı həbsxanaya göndərilib.
Qeyd edək ki, 1979-cu ilin İslam İnqilabından bu yana İranda qadınların kişilərlə birlikdə matç izləmələrinə qadağa qoyulub. Ancaq bu mövzu barədə fətva və ya qanun çıxarılmayıb. Ona görə də Qavaminin yaxınları məhkəmənin verdiyi qərarı qanunsuz hesab ediblər. Məhkum Qavami isə sərbəst buraxılması üçün həbsxanada 14 gün aclıq aksiyası edib.
Gülnarə Eynullaqızı
"Kanal24"