

Kanal24.az xəbər verir ki, bu günlərdə Yaponiyada iki naməlum uçan obyekt görünüb. Bir çox ufoloqlar hesab edirlər ki, Yaponiya səmasında görünən obyektlər əsl UNO-lardır. Hazırda xarici ufoloji forumlarda qızğın müzakirələr davam edir.
Day.Az saytına fikirlərini bildirən azərbaycanlı tədqiqatçı-izoterik Vaqif Ələkbərovun sözlərinə görə, videoda görünən yarımşəffaf ağ obyektlər üfüqi istiqamətdə sürətlə Ontake vulkanının başına doğru hərəkət edirlər. Ufoloji saytlarda və forumlarda deyilir ki, vulkanın oyanması bununla bağlıdır.
Qeyd edək ki, Yaponiyada Ontake vulkanının oyanması nəticəsində onlarla adam həlak olub. Vulkanın oyanması vaxtı onun ətəyində 300-ə yaxın adam olub. Onların çoxunu xilas etmək mümkün olub.
Azərbaycanlı ekspert isə deyir ki, UNO-nun əks olunduğu videogörüntü şübhəlidir.
"Müasir texnoloji imkanlarla belə video hazırlamaq çətin deyil. Bir qədər rəqəmləri analiz edək. Ontake vulkanının koordinatları 35° şimal eni, 137° şərq uzunluğudur. Onların cəmi 172°-yə bərabərdir. Vulkanın oyanması yerli vaxtla saat 12-yə 7 dəqiqə qalmış başlayıb. Bu yaxınlardakı yazımda da qeyd etmişdim ki, ufoloji tematikada 172 rəqəmi Rusiyada görünən iki UNO-da mühüm rol oynayıb. Həmin UNO-lar da yarımşəffaf idi. Həmin vaxt Malayziyaya məxsus Boeing təyyarəsi yoxa çıxmışdı. Yaponiyada baş verən hadisə də avianəqliyyata təsir göstərdi. Bundan başqa, vulkanın ətəyində olan insanların da sayı təyyarədə olan insanların sayı ilə bərabər idi. Bütün bunları nəzərə alaraq demək olar ki, video saxta deyil", - o əlavə edib.
Ekspertin sözlərinə görə, vulkanların ətrafında tez-tez UNO-ların aktivliyi müşahidə olunur.
"Buna misal olaraq Meksikadakı Popokatepetl vulkanını da göstərmək olar. Bir sıra ufoloqlar iddia edirlər ki, yadplanetlilər vulkanları baza kimi istifadə edirlər", - Vaqif Ələkbərov vurğulayıb.