isaznow.com
Az Iw En Ru

Seçki günü prezidentin Xankəndidə səs verməsi erməni separatçılarının tabutuna vurulan son mismar idi

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması ilə yeni dövr başladı. 7
fevral 2024-cü ildə keçirilən növbədənkənar prezident seçkiləri yeni dövrün başlanğıcı oldu. Yeni
Azərbaycan Partiyasının Prezidentliyə namizədi cənab İlham Əliyev xalqın 92,12 faiz səsini toplayaraq
Prezident seçildi. Konstitusiya Məhkəməsi 2024-cü il 13 fevral tarixli qərarı ilə növbədənkənar
prezident seçkilərinə dair Mərkəzi Seçki Komissiyasının nəticələrini təsdiq edərək, cənab İlham
Əliyevi Azərbaycan Respublikasının Prezidenti elan etdi.
Fevralın 14-də Milli Məclisdə keçirilən Prezident İlham Əliyevin andiçmə mərasimindəki
nitqində son 20 ildə verilən hər bir vədin reallıqda öz əksini tapdığını əsaslı şəkildə qeyd edərək
qarşıdakı yeni dövrün hədəflərini açıqladındı. Bildirilib ki, son 20 ildə verilən bütün vədlər yerinə
yetirilib. Təbii ki, əsas hədəf ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması idi. Dövlət
başçısı İlham Əliyev daim bu əminliyi ifadə edirdi ki, işğal altında olan torpaqlarımız azad olunacaq,
soydaşlarımız dogma yurd-yuvalarına qayıdacaq. Bu hədəfə nail olmaq üçün Azərbaycanın hər bir
sahədə güclənməsi, qüdrətlənməsi vacib amillərdən biri idi.
Prezident İlham Əliyev andiçmə mərasimində bir daha diqqəti bu amillərə yönəldərək bildirdi
ki, İkinci Qarabağ müharibəsi şanlı tariximizdir. Ancaq müharibə olmaya bilərdi. Əgər Ermənistan və
onun rəhbərliyi, onun arxasında dayanan qüvvələr beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının
dörd qətnaməsinə əməl, böyük dövlətlər Ermənistana onun işğalçılıq siyasətinə görə sanksiyalar tətbiq
etsəydilər bəlkə də müharibəyə ehtiyac qalmazdı. Azərbaycan dövləti uzun illər ərzində təmkinlilik
göstərirdi. Baxmayaraq ki, illər keçdikcə ümidlərimiz də tükənirdi, işğalçı dövlət daha da azğınlaşırdı.
Belə hesab edirdi ki, torpaqlarımızı əbədi işğal altında saxlaya bilər.
44 günlük İkinci Qarabağ müharibəsi ermənilərin uzun illər ərzində yaratdıqları bu mifləri tamamilə
dağıtdı. Dünya gördü ki, ən güclü ordu Azərbaycan Ordusu, ən yenilməz, məğrur xalq Azərbaycan
xalqıdır. Xalqımız öz tarixinə, torpaqlarına sahib çıxan xalqdır. Tarixi Zəfərimizdən sonrakı dövrün
reallıqlarına nəzər salsaq görərik ki, dövlət başçısı İlham Əliyevin tarixi ədalətə və beynəlxalq hüquqa
söykənən siyasəti nəticəsində zəfərlərimizin miqyası daha da genişləndi, ərazi bütövlüyümüz və
suverenliyimiz tam bərpa olundu. Dövlət başçısı nitqində bu reallığı xüsusi qeyd etdi ki, əldə edilmiş
bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır. Xalqımızın Prezidentinə inamı və onun vahid amal
ətrafında birləşmə bacarığı uğurlarımızın mənbəyidir.
Zəfərlərimizdən bəhs edərkən gənc nəslin Vətən, torpaq sevgisini də xüsusi qeyd etməliyik.
Prezident İlham Əliyev andiçmə mərasimində bu məqamı da xüsusi qeyd edərək bildirib ki, 44 günlük
İkinci Qarabağ müharibəsində gənclərimizin göstərdiyi şücaət bir vətənpərvərlik məktəbidir. Bu
məktəbi öyrənmək, şahidlərimizin xatirəsinə hörmətlə, qazilərimizə diqqət və qayğı ilə yanaşmaq hər
birimizin vətəndaşlıq borcudur. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, biz onların və on
minlərlə Azərbaycan gəncinin şücaəti, fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün azad Qarabağda
yaşayırıq, qururuq, ərazi bütövlüyümüzü bərpa edən, öz ləyaqətini bərpa edən xalq kimi qururuq,
yaradırıq, şəhər və kəndlərimizi yenidən qururuq.
Bu gün Qarabağımız, Şərqi Zəngəzurumuz dirçəlir. Soydaşlarımız mərhələ-mərhələ doğma
yurd-yuvalarına qayıdır. İşğaldan azad edilmiş bütün torpaqlarımızda Azərbaycan Bayrağı dalğalanır.
Ötən ilin 20 sentyabr tarixində suverenliyimizin bərpasından keçən qısa müddət ərzində Xankəndidə,
Xocalıda görülən işlərin miqyasının təqdimatı bu il soydaşlarımızın bu məkanlara qayıdışının
hədəflənməsidir.
Yeni dövrün qalib Prezidenti andiçmə mərasimində Xankəndi şəhərində səsverməsini
şərtləndirən amillərə də diqqəti yönəltdi. “Mən Azərbaycanın istənilən yerində səs verə bilərdim, ancaq
hesab etdim ki, Xankəndidə səs verməyim daha düzgün olar. Məhz Xankəndidə hələ 1980-ci illərin
sonlarında xalqımıza qarşı qanlı cinayətlər başlamışdır” söyləyən cənab İlham Əliyev qeyd etdi ki,
Xankəndidə səs verdiyi binada xalqımıza qarşı soyqırımı planlaşdırılırdı və oradan idarə olunurdu.
Məhz səs verdiyi binanın önündə yerləşən meydanda erməni millətçiləri və ondan sonra Ermənistan
dövləti bizə qarşı ərazi iddialarını irəli sürmüşdü. Məhz o binada Qarabağı Azərbaycandan ayırmaq
üçün hələ sovet dövründə xüsusi komitə yerləşdirilmişdi və o komitənin əsas məqsədi Qarabağı
Azərbaycandan ayırmaq idi. Ona görə məhz orada otuz il tarixi, Pənahəli xan tərəfindən salınan o
məkanı qanunsuz zəbt edən şeytanlar məhz orada da öz süqutunu özləri təsdiq etmişlər. Müzəffər Ali
Baş Komandan böyük qürur hissi ilə bəyan etdi: “Orada verdiyim səs, o qutuya atdığım bülleten,
sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi.”
Qalib Prezidentimiz yeni dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil olduğumuzu önə çəkərək

yeni hədəflərə zamanında nail olacağımıza əminliyini ifadə etdi. Güclü Azərbaycan həmişə hədəfimiz
olub. Bu reallıq inkaredilməzdir ki, əgər güclü Azərbaycan qurmasaydıq, əgər kimdənsə istər siyasi,
istər iqtisadi sahədə asılı olmuş olsaydıq, heç vaxt biz ərazi bütövlüyümüzü bərpa edə bilməzdik.
Qalib Azərbaycanı qarşıda daha möhtəşəm uğurlar gözləyir. 20 ilin reallıqları bu inama böyük
əsas verir. Sözümüz imzamızdır. Azərbaycan regional inkişafın aparıcı qüvvəsi, dünya birliyinin fəal
üzvü kimi söz sahibliyini daha da möhkəmləndirir. Qarşıda dayanan yeni çağırışlar, eyni zamanda,
böyük ailə olan türk dünyasının birliyinin daha da möhkəmləndirilməsini bir tələb kimi qarşıya qoyur.
Fatma Hüseynova,
Sabirabad rayonu Qaratəpə bələdiyyəsinin sədri, Sosialist Əməyi Qəhrəmanı, 1 dərəcə Əmək
ordenli


18:56 16.02.2024