

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Texnoloji Korpusunun 3-cü mərtəbəsində yerləşən akt zalında yeni monitorların quraşdırılması işlərinin satın alınması ilə bağlı kotirovka sorğusuna yekun vurulub.
Kanal24 xəbər verir ki, sorğunun qalibi “Parketaz” MMC seçilib. Monitorların quraşdırılması QSC-yə 41 482,9 AZN-ə başa gələcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “Parketaz” MMC 23 yanvar 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, ev 17, mənzil 117-də yerləşir. MMC-nin qanuni təmsilçisi Zeynalov İlham Əkbər oğludur.
Şirkətin adından da görünür ki, MMC döşəmə örtükləri üzrə ixtisaslaşıb. Smartjob.az saytında şirkət haqqında bunlar qeyd edilib:
“10 ildən artıq fəaliyyət göstərən “Parketaz” şirkəti bu gün Azərbaycanın döşəmə örtükləri bazarında lider mövqelərini tutan və daim inkişafda olan bir şirkətdir. Şirkətimizdə dünyanın aparıcı döşəmə örtükləri istehsalçılarının keyfiyyətli məhsulları, o cümlədən döşəmələrin yığılması üçün vacib olan müxtəlif ləvazimatlar və döşəmələrə qulluq vasitələri geniş təqdim olunub”.
Bu halda “Bakı Metropoliteni” QSC-nin monitor quraşdırmaq üçün parket şirkətini niyə seçdiyi barədə sualın cavabı açıq qalır.
“Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovdur. O, 2014-cü ildən bu vəzifədədir.
Zaur Hüseynov metropolitenə rəhbərlik etməyə başlayandan qurumun keçirdiyi şübhəli tenderlərin sayı artıb. Həmin tenderlər barəsində mediada yayımlanan materialların sayı kifayət qədərdir.