

Dövlət başçısının hər işgüzar və rəsmi səfəri, hər rəsmi qonağı qəbul etməsi dövlətlərarası
münasibətlərin inkişafına, inamın, etibarın, etimadın yüksəlişinə xidmət edir, siyasi mühitin
stabilləşməsində əhəmiyyətli olur. Bu, həm siyasi, həm də iqtisadi münasibətlərin formalaşması
baxımından nəinki gərəkli olur, həm də zəruridir.
Fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqun Azərbaycana səfəri də
bu baxımdan diqqəti çəkir. Ermənistanın ərazi iddiası ilə başlayan ədalətsiz müharibə 32 il davam etdi.
Bu müddətdə ATƏT-in Minsk qrupu işğalçı dövlətə siyasi təsir göstərmədi, fəaliyyəti hiss olunmadı.
Bu səbəbdən Azərbaycan torpaqlarını işğaldan özü azad etdi. 2020-ci il sentyabrın 27-də əks-hücum
əməliyyatı ilə başlayan İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tarixi Zəfər qazandı.
Azərbaycan sülh müqaviləsinin əsaslarını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərinə
uyğun olaraq 5 prinsip irəli sürdü, bunun əsasında sülh müqaviləsi istiqamətində danışıqlar prosesinin
təşəbbüskarı Azərbaycan oldu.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev rəsmi qonağı qəbul edərkən
çıxışında dedi: “Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin
Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var
və bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında öz əksini tapıb. Həmçinin Ermənistanın
digər normativ-hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddiaları, Ermənistanın qoşulduğu bir çox
konvensiyalarda və digər sənədlərdə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımayan çoxsaylı
qeyd-şərtlər mövcuddur. Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı irəli sürdüyü
iddiaların əsasını da Ermənistan tərəfindən Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün
tanınmaması, Qarabağın Azərbaycandan ayrılması kimi məsələlər təşkil edir”.
Cənubi Qafqaz regionunda aparıcı mövqeyə nail olmaq və nüfuzunu gücləndirmək siyasəti
yürüdən Fransa Ermənistanın silahlandırılmasında maraqlıdır və bu prosesin icraçısıdır. Bu, dünya
dövlətlərinin diqqətindən yayınırmı, yayındırılırmı? Bu, yayınma da, yayındırılma da beynəlxalq
riyakarlıqdır.
Avropa Şurası Parlament Assambleyası siyasi sabitliyi qorumalı olduğu halda, mövcud sabitliyi
pozmağa meyillidir. Onun fəaliyyətini bəşəri dövlətlər də qınayır.
Ümid etmək olar ki, Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqun Azərbaycana
səfəri, səfər zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı təsirini
göstərəcək, Cənubi Qafqazda dayanıqlı sülh üçün siyasi imkanlar genişlənəcəkdir.
Tural Yaqubov,
Sabirabad RİHB aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin
aparıcı məsləhətçisi