isaznow.com
Az Iw En Ru

Ədalətin bərpasına aparan şanlı yol

XX əsrin 80-ci illərinin sonları-90-cı illərinin əvvəllərində Ermənistan Azərbaycanın tarixi
torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etmiş və ölkəmizə qarşı hərbi təcavüzə başlamışdır.
Həmin dövrdə Azərbaycanda hökm sürən hərc-mərclikdən istifadə edən Ermənistan torpaqlarımızın
20%-ni işğal etmiş, işğalçı ölkənin həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan
artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşmüşdür. Azərbaycana qarşı hərbi təcavüzün
nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı
qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar prosesi Ermənistanın
destruktiv mövqeyinə görə nəticə verməmişdir.
Azərbaycanın Silahlı Qüvvələri 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən
müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün döyüş əməliyyatlarını
yüksək səviyyədə həyata keçirməklə mənfur düşməni diz çökdürdü, şanlı Zəfər qazandı və tarixi
ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Ötən hər gün bizi Vətən müharibəsindən zaman
etibarilə uzaqlaşdırsa da, hərbçilərimizin şücaəti, canı, qanı bahasına qazanılan bu qələbə hər bir
azərbaycanlı üçün son dərəcə əziz və qiymətlidir. Biz düz üç onillik ərzində torpaqlarımızın işğaldan
azad ediləcəyinin ümidi ilə yaşamışdıq və qələbə müjdəsini gözləmişdik. Arzularımız 44 günlük Vətən
müharibəsində çin oldu və biz böyük Qələbənin sevincini yaşadıq
Ermənistan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatı imzalamaqla təslim olduğunu rəsmən
təsdiqlədi. Döyüş meydanından məğlub ayrılan düşməndən qənimət kimi götürülmüş silah-sursatdan
böyük bir “muzey” də təşkil olundu. Bütün bunlar  həm Ermənistana, həm də onun havadarlarına ibrət
dərsi olmalı idi. Lakin ermənilər onlara himayədarlıq edənlərin fitvası ilə yenidən Azərbaycanın
ərazisində təxribatlar törətdi, minalar basdırdı və dinc əhalinin, o cümlədən hərbçilərimizin qətlinə bais
oldular. Dünya ictimaiyyətinə dəfələrlə bəyan edilmişdi ki, üçtərəfli Bəyanatın 4-cü bəndi kobudcasına
pozulur, qanunsuz erməni silahlı qüvvələri Azərbaycan ərazisindən hələ də çıxarılmır, hərbi
fəaliyyətləri davam edir və ərazilərimiz minalanır. Bu ədalətsizlik və beynəlxalq hüququn normalarına
hörmətsizlik Ermənistanı getdikcə quduzlaşdırır, polis əməkdaşlarının və mülki əhalinin ölümünə
səbəb olan növbəti mina terrorları həyata keçirilirdi..
Ardı-arası kəsilməyən terror aktları Azərbaycanın səbir kasasını daşdırdı və Qarabağda lokal
xarakterli antiterror tədbirlərinin vaxtı çatdığına işarə oldu. Antiterror tədbirləri zamanı 90-dan artıq
döyüş mövqeyi və bir sıra strateji əhəmiyyətli obyektlər Ordumuzun nəzarətinə keçdi. . Bundan başqa,
7 avtomobil, 1 tank və 4 minaatan və 2 piyada döyüş maşını qənimət kimi götürüldü. Azərbaycan
Ordusu qarşısında cəmi bir sutka davam gətirə bilən silahlı ermənilər yenə də yalvarmağa, ah-zar
etməyə başladılar və bu dəfə də “zavallı” maskasında peyda olmağa çalışdılar.  Ancaq özü yıxılan
ağlamaz. Erməni silahlıları 3 il əvvəlki məğlubiyyətdən sonra dərk etməli idilər ki, onlar Azərbaycan
Ordusundan qat-qat zəifdirlər. Üzərilərinə götürdükləri öhdəliklərə əməl etməli idilər.
Bu dəfə də şər-böhtana, yalana əl ataraq dünya ictimaiyyətini inandırmağa çalışdılar ki, guya
Azərbaycan mülki erməni əhalisini hədəfə alıb. Prezidentin  xalqa müraciətində səsləndirdiyi fikirlər
ermənilərin bu yalanlarını alt-üst etdi. Prezident İlham Əliyev həmin müraciətində açıq şəkildə bəyan
etdi: “Əməliyyat başlamazdan əvvəl mənim tərəfimdən bütün hərbi birləşmələrimizə bir daha ciddi
tapşırıq verilmişdir ki, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni
əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır. Biz həm yüksək dəqiqliyə malik
silahlardan istifadə edərək buna nail olduq, eyni zamanda, Silahlı Qüvvələrimizin peşəkarlığı
nəticəsində mülki vətəndaşlar tamamilə özlərini sığortalanmış vəziyyətdə hiss etmişlər. Eyni zamanda,
göstəriş verilmişdir ki, mülki infrastruktura da heç bir zərbə dəyməməlidir, ancaq hərbi infrastruktur
sıradan çıxarılmalıdır”.
Antiterror tədbirlərinin nəticəsi də təsdiqlədi ki, Qarabağ bölgəsində yaşayan erməni əhalisi
hərbçilərimizin hədəfi deyildi. Qarabağda antiterror tədbirlərinin keçirilməsi bizim haqqımız idi.
Antiterror əməliyyatının həm hərbi, həm də  siyasi məqsədi var idi. Antiterror tədbiri o zaman
sonlanmalı idi ki, separatçı rejim rəhbərliyi , onların hərbi qanadı da təslim olduqlarını deməli idilər. 
Vətən müharibəsindən sonra rəsmi İrəvan sülh müqaviləsini imzalamaqdan qaçmaqla bu əməliyyatı
sürətləndirirdi.  Antiterror əməliyyatı nəticəsində artıq separatçı rejim təslim olduğunu açıq şəkildə
bəyan etdi və bu rejimi təmsil edən “rəsmilər”in Azərbaycan Prezident Administrasiyasının təklif etdiyi

Yevlax şəhərində planlaşdırılan danışıqlarda iştirakı da bunu təsdiqlədi. Separatçı rejim Azərbaycanın
şərtlərini qəbul etmək məcburiyyətində qaldı.  Ayrı yolları yox idi.
Azərbaycan Ermənistan-Azərbaycan münaqişəsinə dair  mövqeyini beynəlxalq ictimaiyyətin
diqqətinə çatdıraraq bildirir ki, bölgədə davamlı əmin-amanlıq  üçün ErmənistanAzərbaycanın ərazi
bütövlüyünü tanımalı, sərhədlərin delimitasiyası prosesi başlanılmalı, sülh müqaviləsi də 
imzalanmalıdır.
Dünya birliyi gördü ki, Azərbaycan yalnız haqq-ədalət tələb edir. Düşmən torpaqlarımızdan
qeyd şərtsiz çıxmalıdır. Azərbaycan ərazi bütövlüyünü təkbaşına, öz daxili potensialı, liderinin
qətiyyəti, ordusunun şücaəti ilə həll etdi. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması
Prezident İlham Əliyevin siyasətinin şah əsəridir, zirvəsidir. Şanlı Zəfər müstəqillik tariximizin ən
parlaq səhifəsidir. Bu Zəfərin sayəsində şəhidlərimizin qanı yerdə qalmadı, onların qisası alındı.
Mahir Tarverdiyev,
Sabirabad Dövlət Sosial-İqtisad Kollecinin direktoru


16:10 05.02.2024