

Hər il Azərbaycan Gəncləri Günü ölkəmizdə yüksək səviyyədə qeyd edilir. Ulu Öndər Heydər
Əliyev tərəfindən əsası qoyulan dövlət gənclər siyasəti gənclərimizin hərtərəfli inkişafında, onların
xoşbəxt və firavan gələcəyinin təmin edilməsində və vətənə layiqli övlad kimi yetişməsində müstəsna
rol oynayır. Ümummilli Lider hər zaman Azərbaycan gəncliyinə arxalanaraq ona böyük ümidlər
bəsləyirdi. Bu səbəbdən Ulu Öndər gənclərlə bağlı dövlət siyasətinin uğurla həyata keçirilməsinə
xüsusi önəm verirdi və adıçəkilən sahənin tənzimlənməsi üçün vacib olan qanunvericilik bazasının
yaradılmasını təmin etmişdi. Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmanla Azərbaycan
Gəncləri Gününün təsis edilməsi gənclərə verilən ali dəyərin bariz nümunəsidir. Zaman dəyişsə, həmin
tarixi dövrdən uzun illər keçsə də, gənclərə verilən ali dəyər, göstərilən diqqət və qayğı dəyişməyib. Bu
gün dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən islahatların
məntiqi nəticəsi olaraq bütün sahələr inkişaf edir. Sevindirici haldır ki, gənclər sektoru inkişafda olan
və daim diqqətdə saxlanılan sahələr arasında daim ön sıralardadır. Son illərdə ölkəmizdə aparılan kadr
islahatlarında gənclərin dövlət strukturlarında məsul vəzifələrə təyin edilməsi gəncliyə etimadın və
diqqətin göstəricisidir. Prezident İlham Əliyevin gənclərlə çoxsaylı görüşləri, onların diqqət və
qayğıları ilə maraqlanması dövlətimizin başçısının ölkə gəncliyinə diqqət və qayğısının təzahürüdür.
Bütün bunlar Azərbaycan gənclərinə göstərilən ali etimadın və sevginin göstəricisi olmaqla yanaşı,
onları ölkəmizin inkişafı yolunda durmadan çalışmağa sövq edən boyük motivasiya mənbəyidir.
Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri də gənclər siyasətidir. Ulu öndər
Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti cənab İlham Əliyev bu
meyarları nəzərə alaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyir,
ölkəmizdə onlara yüksək şərait yaradılması istiqamətində dövlət proqramları qəbul edilir Hər bir
dövlətin əsas missiyası gələcəyini etibar edəcəyi nəsil formalaşdırmaqdır. Cənab İlham Əliyev
gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, dövlət idarəçiliyi
sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə 2005-ci il avqustun 30-da "Azərbaycan Gəncliyi
Dövlət Proqramı"nı (2005-2009-cu illər) təsdiq etdi ki, bu da gənclərə dövlət qayğısının artırılmasını
təmin edirdi. Həmin sərəncamda ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin əsas istiqamətləri öz
əksini tapmışdır. Bu istiqamətlər tamamilə xalqımızın milli mənafelərinin inkişafına yönəldilərək
gəncləri ideya müəllifi olmağa səsləyirdi. Yəni, hər bir gənc fərdi qaydada özünü idarəçi kimi
yetişdirməli, daim təşəbbüskarlıq göstərməlidir.
Hazırda ölkəmizdə 200-dən artıq gənclər təşkilatı fəaliyyət göstərir. Azərbaycan gəncləri
Avropa miqyasında, beynəlxalq qurumlarda təmsil olunurlar. Onlar beynəlxalq tribunalardan
xalqımızın haqq səsini dünyaya yayır, beynəlxalq ictimaiyyətin əsl həqiqəti bilməsi üçün var gücü ilə
çalışırlar. Qürurlu haldır ki, xalqımızın qəhrəmanlıq tarixini yazanlar da gənclərdir. Hər zaman adlarını
fəxrlə çəkdiyimiz Mübariz, Fərid, Murad, Samid, Xudayar, kimi qəhrəmanlar bu gün
Azərbaycanımızda yüzlərlə, minlərlədir. Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində
Prezident İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək əldə etdiyi Zəfər tariximizin ən şanlı
səhifələrindən biridir. Müzəffər Ali Baş Komandanın liderliyi ilə rəşadətli ordumuzun sıralarında
gənclərimizin böyük rəşadət göstərərək tarix yazması Azərbaycan gəncliyinin yüksək vətənpərvərlik
ruhunda yetişməsinin təsdiqidir. Gənclərin milli ruhda tərbiyəsində, onlara Vətən sevgisinin
aşılanmasında ən mühüm amillərdən biri də ölkəmizdə uzun illərdir uğurla həyata keçirilən dövlət
gənclər siyasətidir. Gənclərimizin Vətən müharibəsində döyüş meydanında göstərdiyi şücaətin məntiqi
davamı olaraq hazırda diplomatiya müstəvisində və durmadan davam edən informasiya müharibəsində
də onlar yüksək intellekt və bacarıq nümayiş etdirirlər. Azərbaycan gəncliyi hər zaman uca zirvələr fəth
etməyə qadirdir.
Rəna Hacızadə,
Sabirabad Heydər Əliyev Mərkəzinin direktoru