

Azərbaycanın uğurları, onun regionda aparıcı dövlətə, əsas söz sahibinə çevrilməsi, iqtisadi
qüdrətinin artması, siyasi mövqelərinin güclənməsi Avropanın bir sıra dövlətlərini çox narahat edir. Bir
çox hallarda işğalçı Ermənistanı açıq-aşkar dəstəkləyən, 44 günlük Vətən müharibəsində onların
məğlubiyyətini həzm edə bilməyən Fransa və Almaniya kimi ölkələrin aparıcı rolda çıxış etdiyi Avropa
Şurası Parlament Assambleyasının qış yarım-sessiyasının açılış günündə, yəni yanvarın 22-də AŞPA-
da Azərbaycanın nümayəndə heyətinin etimadnamələri təsdiq edilməmişdir. Deputatların
etimadnamələrin substantiv əsaslarla mübahisələndirilməsi ilə bağlı təşəbbüsü almaniyalı deputat,
Sosialistlər siyasi qrupunun rəhbəri Frank Şvabe irəli sürmüş və həmin təşəbbüs təsdiqlənmişdir.
Bu qabaqcadan planlaşdırılmış addım kimi qiymətləndirilməlidir. Qalmaqallı təşəbbüs formal
olaraq Frank Şvabe tərəfindən irəli sürülsə də, məsələnin arxasında AŞPA rəhbərliyinin özünün
durduğu, sadəcə sosialistləri qabağa verdiyi bilinən faktdır. AŞPA-nın sabiq və qüvvədə olan
prezidentinin əleyhimizə səs verməsi təşkilat rəhbərliyinin mövqeyinin göstəricisidir.
AŞPA-da Azərbaycana qarşı gedən proses təsadüfi deyildir. Avropanın bir çox aparıcı
dövlətlərini Azərbaycanın 2020-ci ilin sentyabr ayında Vətən müharibəsi zamanı öz torpaqlarını
işğaldan azad etməsi, 2023-cü ilin sentyabrında qazandığı Qələbəni daha da möhkəmləndirərək ərazi
bütöblüyünü tam şəkildə bərpa etməsi, ölkəmizin inkişaf və tərəqqisi ciddi narahat etməyə başlayıb,
müxtəlif səviyyələrdə gizli və açıq təzyiqlərə, çirkin kampaniyalar aparmağa başlayıblar. Aydın
görünür ki, AŞPA Prezident İlham Əliyevin müstəqil siyasətini, Ermənistanı məğlubiyyətini, tam
suverenliyimizin bərpa olunmasını həzm edə bilmir. Buna görə də belə çirkin əməllərə əl atır.
Bununla əlaqədar AŞPA-dakı nümayəndə heyəti düzgün qərar verərək bəyanatla çıxış edib.
Bəyanatda qeyd edilib ki, AŞPA-da siyasi korrupsiya, ayrı-seçkilik, etnik və dini nifrət, ikili
standartlar, təkəbbürlülük, şovinizm hökm sürən praktikaya çevrilib. Qeyd edilib ki, qurumda mövcud
olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə
heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına
gəlib.
Qeyd etmək lazımdır ki, AŞPA heç zaman Azərbaycana qarşı dürüst davranmayıb. Hələ ötən il
oktyabrın 12-də bu qurum Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı həqiqət və faktlardan uzaq, erməni
təbliğatının əsas elementlərini təkrarlayan, qərəz və yalanlardan qaynaqlanan qətnamə və tövsiyə
sənədi qəbul etmişdi. Rəsmi Bakı o zaman həmin sənədi Avropa Şurasının Azərbaycana göstərdiyi
ədalətsiz yanaşmanın növbəti təzahürü kimi qiymətləndirmişdi.
AŞPA 19-20 sentyabr hadisəsindən sonra erməni mənşəli sakinlərin könüllü olaraq Ermənistana
qayıtmalarına tam başqa don geyindirməyə çalışmışdı. Antiterror tədbirləri ona görə həyata
keçirilmişdi ki, ölkəmizə qarşı hərbi təhdidlər davam edirdi və buna son qoyulmalı idi. Ancaq AŞPA
Azərbaycanın suveren hüquqlarını qorumasına yox, separatizmi dəstəkləyən Ermənistana arxa olmağa
çalışmışdı.
Burada aşağıdakı sualın verilməsi yerinə düşərdi: Bəs demokratiyanı və insan hüquqlarını
qoruyan bu qurum niyə 2020-ci ildə 44 günlük müharibədən sonra münaqişə və mina partlayışları
nəticəsində itkin düşmüş azərbaycanlıların taleyinə biganə qaldı?
Reallıqda isə odur ki, qurumda fəaliyyət göstərən bəzi avropalı nümayəndələr vətəndaşları
olduğu ölkələrin destruktiv siyasətlərini AŞPA platformasında da yürütməyə çalışırlar. Buna görə də
Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması Qərbin siyasi riyakarlığı və
sifariş kimi qiymətləndirilməlidir.
Daha bir sual insan və vətəndaş hüquqları, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı
prinsiplərini önə çəkən AŞPA niyə 30 il Ermənistanın işğal siyasətini qınamayıb? Keçən vaxt ərzində
heç bir avropalı deputat Ermənistanın təşkilatın digər üzvünün torpağını işğal etməsinə görə ona hər
hansı tədbirlə bağlı çağırış etmədilər, onların nümayəndə heyətinin AŞPA-da fəaliyyətini
məhdudlaşdırmadılar?
Azərbaycan özü öz ərazi bütövlüyünü bərpa edib, bu gün keçmiş məcburi köçkünlərin doğma
yurdlarına qayıdışı prossesi gedir və bu işlər ölkəmizin öz daxili imkanları hesabına, heç bir xarici ölkə
və beynəlxalq təşkilatların köməyi olmadan həyata keçirilir. Lakin bu nədənsə AŞPA-nın üzvlərini
narahat edir. Etnik ermənilərin hüquqlarını qorumağa çalışan AŞPA Ermənistandan qovulmuş
azərbaycanlıların hüquqlarının bərpası və layiqli şəkildə geri qaytarılması ilə bağlı müraciətlərə məhəl
qoymur. Bu, isə ikili standartlardan başqa bir şey deyildir.
Bu gün Azərbaycan Avropa təşkilatları ilə də sağlam əməkdaşlıq etmək istəyir və bu
istiqamətdə zəruri addımlar atır. Ancaq AŞPA-nın belə siyasəti onu gözdən salır və ona inamı sıfra
endirir. Azərbaycan ədalətin tərəfindədir. Ölkəmizə qarşı təhdid, qarayaxama kampaniyası
qəbulolunmazdır. AŞPA-nın fəaliyyətində irqçilik, İslamofobiya mühitinin varlığı göz önündədir. Bu
qurum heç vaxt Azərbaycana səmimi münasibət göstərməyib və tribunalarında zaman-zaman ölkəmizə
qarşı səsləndirilən iftiraların şahidi olmuşuq.
Qeyd edilənlərlə əlaqədar Azərbaycan nümayəndə heyətinin AŞPA ilə əməkdaşlığı və təşkilatda
iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarı təqdirəlayiq haldır.
Vüqar Soltanov,
Sabirabad RİHB aparatının İnformsiya təminatı və təhlil sektorunun aparıcı məsləhətçisi