

Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borelin
Azərbaycana qarşı böhtan dolu açıqlamaları davam edir. Bu açıqlamalarla Avropa İttifaqı Azərbaycan
ilə Ermənistan arasında normallaşma prosesində bitərəf mövqe nümayiş etdirmədiyini bir daha sübut
edir. Otuz ilə yaxın müddətdə Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması faktını bir
dəfə də dilinə gətirməyən qurumun nümayəndəsinin Azərbaycana qarşı davamlı olaraq qərəzli
mövqedən çıxış etməsi təəssüf doğurur. Belə bir şəraitdə Aİ-nin Azərbaycan ilə Ermənistan arasında
sülh prosesində vasitəçilik missiyası mümkünsüzdür. Vasitəçi kimi prosesə töhfə vermək istədiyini
bəyan edən beynəlxalq təşkilatın nümayəndəsinin tərəflərdən birinə qarşı hədələyici tonda bəyanat
verməsi “vasitəçilik” prinsipinin mahiyyəti ilə uzlaşmır. Belə mövqe heç vaxt da qəbul edilə bilməz.
Azərbaycan XİN Yanvarın 22-də Xarici Əlaqələr Şurasının yekunlarına dair mətbuat konfransı
zamanı Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi, Aİ
Komissiyasının vitse-prezidenti Cozep Borrelin Azərbaycana qarşı səsləndirdiyi əsassız iddiaları
qətiyyətlə rədd edərək bildirib ki, Aİ-nin ali nümayəndəsi tərəfindən faktların açıq-aşkar təhrif
olunması Azərbaycanın legitim maraqlarına etinasızlıqdır və bu cür hədələyici ritorika Azərbaycan-Aİ
münasibətlərini daha da gərginləşdirən ikili standartın bariz nümunəsidir.
Ali nümayəndə Azərbaycan Prezidentinin Azərbaycan və Ermənistan ərazilərinə dair tarixi
faktlarla bağlı fikirlərini tamamilə təhrif etməklə yanaşı, Azərbaycana qarşı hərbiləşmə və təcavüzkar
siyasəti qızışdırır. Beynəlxalq ictimaiyyətin Ermənistanı beynəlxalq hüququn norma və prinsiplərinə
uyğun hərəkət etməyə inandırmaq üçün heç bir səy göstərməməsinə baxmayaraq, Azərbaycan hər
zaman Ermənistanla danışıqlara, sülhə və sabitliyə sadiq olub. Azərbaycanın təcavüzə və separatizmə
son qoyduğu tədbirlər Ermənistanla sülh sazişinin bağlanmasına zəmin yaradır.
Bundan əlavə, Aİ nümayəndəsinin diplomatların ölkədən çıxarılması ilə bağlı Fransa ilə
həmrəyliyini ifadə etməsi davam edən hüquqi araşdırma prosesinə açıq müdaxilə olmaqla yanaşı,
Azərbaycandan qovulmuş fransız diplomatların qanunsuz hərəkətlərinə haqq qazandırmağa bərabərdir.
Belə qərəzli bəyanat, Azərbaycanın Fransadakı diplomatlarına qarşı əsassız tədbirlərə məhəl
qoymamaqla yanaşı, diplomatik davranışın bütün qayda və təlimatlarına açıq-aşkar etinasız yanaşan, iş
üzrə araşdırma aparmaqdan imtina edən bəzi dövlətlərin bu quruma necə mənfi təsir göstərdiyini
nümayiş etdirir.
Müstəqil dövlətlə beynəlxalq təşkilatların əlaqələri əsas etibarı ilə dialoq və məsləhətləşmələr
şəklində qurulur. Tənqid, tapşırıqlar vermək, ələlxüsus diktat forması dialoq üçün seçilmiş uğurlu
vasitə sayıla bilməz. Çünki, bu, mahiyyət etibarı ilə dövlətin suverenliyi anlayışını şübhə altına alır.
Azərbaycan Avropa İttifaqı ilə bir neçə istiqamətdə əməkdaşlıq edir. Ancaq, məlum olduğu kimi,
Azərbaycan Avropa İttifaqının və Avropa Parlamentinin üzvü deyil, deməli onların qarşısında üzərində
hər hansı öhdəlik yoxdur. Söhbət sırf əməkdaşlıqdan gedir. Əməkdaşlıq isə qarşılıqlı dialoq və
məsləhətləşmələr deməkdir.
Faiq Xudanlı,
Sabirabad rayonu, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi