isaznow.com
Az Iw En Ru

AŞPA - qərəzli və ünvanlı sifarişləri icra edən qurum

Beynəlxalq hüququn selektiv şərhi, dövlətlərin ərazi bütövlüyü və suverenliyi ilə bağlı məsələlərə fərqli
yanaşma AŞPA-nın rüsvayçı və ikiüzlü xarakterini növbəti dəfə nümayiş etdirdi.
44 günlük Vətən müharibəsində qazandığımız Qələbəni özlərinin də məğlubiyyəti kimi qəbul edən
ermənipərəst dairələr rəzillik və  riyakarlıqlarla öz əməllərini davam etdirirlər. İkinci Qarabağ müharibəsində Ali
Baş Komandan kimi rəhbərlik etdiyi Silahlı Qüvvələrimizin qazandığı Zəfərlə əvəzedilməz lider olduğunu təsdiq
edən Prezident İlham Əliyevə, Azərbaycana olan qısqanclıq daha da artıb. Torpaqlarımız işğal altında qaldığı 30
ildə təcavüzkar Ermənistana dəstəklərini və rəsmi İrəvana havadarlıqlarını davam etdirirlər. Məlumdur ki,
onların arxasında dayanan erməni lobbisidir. Belələri Avropa Şurasında daha çoxdur. Son vaxtlar bizə qarşı
aparılan kampaniyalar, qarayaxma cəhdləri, qara piar kampaniyaları Azərbaycan ictimaiyyətini narahat edir.
Vətən müharibəsindən sonra Qarabağda yüksək peşəkarlıqla, dəqiqliklə antiterror tədbirlərinin mülki
əhaliyə, infrastruktura heç bir ziyan vurulmadan aparılması, Xankəndini könüllü tərk edən ermənilərin Laçın
sərhəd- buraxılış məntəqəsindən heç bir maneə olmadan keçmələri üçün şəraitin yaradılması Azərbaycanın
humanitar siyasətinin bariz nümunəsi idi. Qondarma, «DQR»ın kriminal xunta rejiminin cinayətkar başçılarının
həbsi zamanı da insanlıq və beynəlxalq hüquq normalarına tam əməl edildi. Artıq tarixin zibilliyinə atılmış
separatçı «Dağlıq Qarabağ respublikası»nın cinayətkar, Azərbaycanın təhlükəsizlik və hüquq-mühafizə orqanları
tərəfindən məsuliyyətə cəlb olunan kriminal başçılarının layiqli cəzalar alacaqlarını bildirən Prezident İlham
Əliyev Qarabağda Azərbaycan vətəndaşı kimi yaşamaq istəyənlərin rahatlığı və təhlükəsizliyi üçün bütün
tədbirlərini görüləcəyini də bildirir.
Ermənistandan vasitə kimi istifadə edərək müxtəlif bəhanələrlə Azərbaycan torpaqlarının daşnak tör-
töküntülərinin işğalından azad olunmasını 30 il gecikdirən ermənipərəst dairələr son günlərdə yenidən
fəallaşıblar.  Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi, ermənipərəst
Cozep Borrelin mətbuat katibi Peter Stanonun ölkəmizə qarşı əsassız bəyanatı, təmsil etdiyi qurumun guya
Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü pozması ilə bağlı çirkin açıqlaması riyakarlıqdır. Beynəlxalq
qanunlardan xəbərsiz ermənipərəstlərin rəzil açıqlamaları erməni xörəyini Avropa qaşığı ilə yemək vərdişinin
davamıdır.
Azərbaycanın uğurları, onun regionda aparıcı dövlətə, əsas söz sahibinə çevrilməsi, iqtisadi qüdrətinin
artması, siyasi mövqelərinin güclənməsi Avropanın bir sıra dövlətlərini çox narahat edir. Bir çox hallarda işğalçı
Ermənistanı açıq-aşkar dəstəkləyən, 44 günlük Vətən müharibəsində onların məğlubiyyətini həzm edə bilməyən
Fransa və Almaniya kimi ölkələrin aparıcı rolda çıxış etdiyi Avropa Şurası Parlament Assambleyasının qış
yarım-sessiyasının açılış günündə, yəni yanvarın 22-də AŞPA-da Azərbaycanın nümayəndə heyətinin
etimadnamələri təsdiq edilməmişdir.
Bu qabaqcadan planlaşdırılmış addım kimi qiymətləndirilməlidir. Qalmaqallı təşəbbüs formal olaraq
Frank Şvabe tərəfindən irəli sürülsə də, məsələnin arxasında AŞPA rəhbərliyinin özünün durduğu, sadəcə
sosialistləri qabağa verdiyi bilinən faktdır. AŞPA-nın sabiq və qüvvədə olan prezidentinin əleyhimizə səs
verməsi təşkilat rəhbərliyinin mövqeyinin göstəricisidir.
Bununla əlaqədar AŞPA-dakı nümayəndə heyəti düzgün qərar verərək bəyanatla çıxış edib. Bəyanatda
qeyd edilib ki, AŞPA-da siyasi korrupsiya, ayrı-seçkilik, etnik və dini nifrət, ikili standartlar, təkəbbürlülük,
şovinizm hökm sürən praktikaya çevrilib. Qeyd edilib ki, qurumda mövcud olan dözülməz irqçilik,
Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və
təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib.
Torpaqlarımızın 30 il işğal altında qaldığı müddətdə təcavüzkar Ermənistanı cəzalandırmağı «məsləhət
görməyən» Aİ, AŞPA, Fransa, Almaniya, ABŞ unutmasınlar ki, Azərbaycanın çevik, dinamik və stabil xarici
siyasəti qərəzli dairələrin qəbul etdikləri kağız parçası olan qətnamələrdən qat-qat dəyərli, etibarlı, demokratik,
beynəlxalq hüquq normalarına uyğundur.
İllərdən bəri Azərbaycanı milli maraqlara, dövlətçilik mənafeyinə xidmət edən siyasətindən çəkindirmək
üçün cəhdlər edib, təzyiqlər göstərənlər heç vaxt istəklərinə nail olmamışlar. Vətən müharibəsində qazandığımız
Qələbəni özlərinin də məğlubiyyəti kimi qəbul edən ermənipərəst dairələr bu cür rəzilliklərlə, riyakarlıqlarla
xalqımızı yolundan döndərməyə çalışsalar da məntiqi nəticə də, mesaj da eyni olacaq: «Dəmir yumruq
yerindədir!»
Elçin Nəsibov,
Sabirabad rayonu "Muğanın Səsi" qəzetinin baş redaktoru


16:38 25.01.2024