

1990-cı ilin qanlı yanvar hadisələri Azərbaycan xalqının milli bütövlüyünü təsdiqləyən ən
böyük hadisələrdən biri kimi tarixin yaddaşına əbədi həkk edilib. 20 Yanvar faciəsi bizi yumruq kimi
birləşdirdi və bütün dünya azərbaycanlılarının gücünü ifadə etdi. Azərbaycan xalqının qan yaddaşına
əbədi həkk olunmuş 20 Yanvar hadisələrindən 34 il ötür. 20 Yanvar faciəsinin müasir Azərbaycan
tarixinin ən faciəli, eyni zamanda, xalqımızın azadlıq mübarizəsinin ən şanlı səhifələrindən biridir.
Azərbaycan xalqının haqq-ədalətin bərqərar edilməsi uğrunda səsini hiddətlə ucaldaraq
imperiya buxovlarından birdəfəlik qurtulmağa can atmasından təşvişə düşən SSRİ rəhbərliyi, əslində,
sovet totalitar rejiminin süqutunu daha da sürətləndirən müdhiş cinayətə əl atdı. Sovet qoşunların
qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublikamızın rayonlarında 131 nəfər öldürülmüş, 744
nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil,
80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində
dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar,
həmçinin təcili yardım işçiləri və polis nəfərləri olmuşdur.
Həmin qətliamdan bir gün sonra, yanvarın 21-də xalqımızın böyük oğlu Heydər Əliyev
Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedərək Bakıda kütləvi qırğın törətmiş SSRİ
hakimiyyətini və Azərbaycanın yarıtmaz rəhbərliyini kəskin ittiham edən bəyanat verdi. Azərbaycan
xalqının məruz qaldığı bu dəhşətli və amansız terroru dünyanın mütərəqqi qüvvələri də qətiyyətlə
pislədi.
Azərbaycanda vaxtında dərindən araşdırılmayan və adekvat qiymətini almayan faciəyə yalnız
bir neçə il sonra ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində siyasi-hüquqi
qiymət verildi.
Yalnız ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 1994-cü ilin 20
Yanvar hadisələrinin hüquqi müstəvidə əsl mahiyyəti açıqlandı. 1994-cü il yanvarın 12-də keçirdiyi
müşavirədə ulu öndər Heydər Əliyev bu barədə deyirdi: "...Xalqa təcavüz olunmuş, günahkarlar isə
hələ müəyyənləşdirilməmişdir. Görünür ki, ötən yaxın illərdəki Sovetlər birliyi, respublika rəhbərliyi,
məsul şəxslər öz mənafeləri naminə bu böyük faciənin əsl mahiyyətini xalqa bəyan etməmişlər".
Azərbaycan Respublikası Prezidentinin “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi
haqqında” 1994-cü il 5 yanvar tarixli Fərmanında Azərbaycan Respublikasının Milli Məclisinə Qanlı
Yanvar hadisələri ilə bağlı xüsusi sessiyanın keçirilməsi məsələsinə baxmaq tövsiyə edildi. Milli
Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd
olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini
qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi
qiymətləndirildi.
Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev
şəhidlərin adının uca tutulmasına, onların ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi
diqqət göstərir, hər il yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edərək "Əbədi məşəl" abidə
kompleksinin önünə əklil qoyur.
Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan
şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Dövlət Başçısının “20 Yanvar
şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında”
2006-cı il 19 yanvar tarixli Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə
təqaüd verilir (hal-hazırda bu məbləğ 600 manat təşkil edir). Onların uyuduğu Şəhidlər Xiyabanında
təmir və yenidənqurma işləri ilə yanaşı, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində Qanlı
Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır.
20 Yanvar hadisələri Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə həm
də qəhrəmanlıq səhifəsi kimi yazılıb. Bu mənada 20 Yanvarın Azərbaycanın tarixində ölkəmizin
azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq rəmzi kimi böyük
əhəmiyyəti var. Həmin gün öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini uca tutan Vətən
övladları canlarından keçərək şəhidlik zirvəsinə yüksəldilər. Vətənin azadlığı, suverenliyi uğrunda
özlərini qurban verən şəhidlərin xatirəsi həmişə qəlbimizdə yaşayacaqdır.
Heydar Yaqubov,
Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru