isaznow.com
Az Iw En Ru

20 Yanvar xalqımızın qəhrəmanlıq dastanıdır

Azərbaycan xalqının minilliklərə söykənən qədim tarixinin mühüm səhifələrindən birini də
əsarətə, işğala qarşı yorulmadan mübarizə aparması təşkil edir. Tarixi faktlar sübut edir ki, böyük
dövlətlər, nəhəng imperiyalar yaratmış Azərbaycan xalqı tarixin müəyyən mərhələlərində sərt
sınaqlarla üzləşərək işğala məruz qalsa da, azadlıq mübarizəsini sonadək, məqsədinə nail olana qədər
davam etdirib. Bu yolda bütün təzyiqləri, maneələri şərəflə aşan xalqımızın azadlıq naminə atdığı hər
bir addım bizim qəhrəmanlıq salnaməmizdir. Xalqımızın hər bir nümayəndəsi tarixin bu səhifələrini
qürurla vərəqləyir.
Xalqımızın sovet imperiyasına qarşı mübarizəsi də tarixə qızıl hərflərlə yazılıb və gələcək
nəsillərə dəyərli örnək olan şanlı azadlıq yolumuzun başlanğıcıdır. Bu yolda xalqımız çox
məşəqqətlərdən keçsə də, repressiyalara, təzyiqlərə məruz qalsa da, öz ali amalından bir an da olsa əl
çəkmədi, mübarizəsini ləyaqətlə davam etdirdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə paytaxt
Bakıda imperiyanın ədalətsiz siyasətinə etiraz edən əliyalın Azərbaycan xalqına qanlı divan tutuldu.
Silahlı müdaxilə rayonlarda da baş verdi. Ümumilikdə 147 nəfər qətlə yetirildi, 744 nəfər yaralandı,
841 nəfər qanunsuz həbs olundu, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları,
dövlət əmlakı və şəxsi əmlak məhv edildi. Törədilən hadisələr daim demokratiyanı əldə silah tutan
totalitar rejimin iç üzünü bir daha göstərdi. Bu, insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır
cinayətlərdən biri idi. İmperiya Azərbaycan xalqının birliyini pozmaq, azadlıq mübarizəsini boğmaq,
milli ruhunu öldürmək, müstəqilliyə gedən yolunu bağlamaq niyyətində idi. Amma xalqımız baş verən
hadisədən qorxmadı, sarsılmadı, milli kimliyini, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır
olduğunu göstərdi. 20 Yanvar ümumxalq faciəsi olmaqla yanaşı, həm də xalqımızın müstəqillik,
istiqlaliyyət və hürriyyət uğrunda apardığı milli azadlıq hərəkatının zirvəsi kimi tariximizdə öz yerini
aldı. Bu, dünya tarixində əsarətə qarşı ən şanlı mübarizə idi.
Baş verən hadisənin səhəri günü – 1990-cı il yanvarın 21-də xalqımızın dahi oğlu, Vətənini və
xalqını hədsiz dərəcədə sevən, bütün ömrünü xalqının xoşbəxt yaşamasına sərf edən, bu missiyasını
özünə müqəddəs borc bilən ulu öndər Heydər Əliyev həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın
Moskvadakı daimi nümayəndəliyinə gəldi. Azərbaycanda törədilən qanlı hadisəni bütün dünyaya
çatdırdı, sovet rejiminin fitnəkar siyasətini qətiyyətlə və kəskin şəkildə tənqid etdi. İmperiyanın
törətdiyi qanlı qırğını cəsarətli bəyanatı ilə kəskin şəkildə pisləyən ümummilli lider Heydər Əliyev
əliyalın xalqa qarşı silah işlədilməsini hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və
respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv adlandırdı. Bu, o dövr üçün nə
qədər təhlükəli açıqlama olsa da, Ulu Öndər bunu heç nədən qorxmayaraq böyük fədakarlıqla etdi.
Xalqı ilə həmrəyliyini, hər zaman onunla birlikdə olduğunu göstərdi.
Şəhidlərimiz paytaxt Bakının ən uca zirvəsində uğrunda can verdiyi torpaqda son mənzilə yola
salındı. Törədilən qanlı hadisənin ardınca dəfn mərasiminə yüz minlərlə insanın qatılması xalqımızın
Vətənin azadlığı yolunda heç nədən qorxmadığını, mətinliyini, canından keçən şəhidlərimizin
xatirəsinə müqəddəs münasibətini nümayiş etdirdi. Xalqımızın sonrakı dövrdə başqa mübariz
davranışları da artıq imperiyaya göstərdi ki, Azərbaycanın müstəqillik mübarizəsinin qarşısında duruş
gətirə bilməyəcək. Bu, qarşısıalınmaz mübarizədir.
20 Yanvar faciəsinin milli kimliyimizin formalaşmasında, dövlət müstəqilliyinin bərpası
yolunda dönüş nöqtəsi oldu.  Milli azadlıq hərəkatı siyasi reallığa çevrildi, dönməz xarakter aldı.
Bundan sonra xalq artıq öz gələcəyini müstəqil Azərbaycanda suveren hüquqlara sahib olmaqda,
sərbəst və azad yaşamaqda gördü. Xalqımız bütün çətinliklərə rəğmən, nəhayət, ən ali məqsədinə –
müstəqilliyin bərpasına nail oldu. 20 Yanvar şəhidləri öz qanları ilə azadlıq yolumuza sönməz işıq
saldı, mübarizlik məktəbi yaratdı, həmrəylik nümunəsini gələcək nəsillərə yadigar qoydu. Şəhidlərimiz
göstərdilər ki, bütün uğurlarımızın kökündə xalqımızın sarsılmaz birliyi dayanır. Xalqımız mübariz
ruhunu davam etdirərək 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında qalan Şərqi Zəngəzuru və
Qarabağı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin misilsiz sərkərdəlik məharəti,
yenilməz Ordumuzun qəhrəmanlığı sayəsində azad etdi və müzəffər xalq olduğunu bütün dünyaya bir
daha göstərdi.
Əvəz Məmmədov,
Sabirabad rayonu Qaragüney kənd yaradıcılıq evinin direktoru


11:38 19.01.2024