isaznow.com
Az Iw En Ru

20 Yanvar hadisələri Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə həm də qəhrəmanlıq səhifəsi kimi yazılıb

20 Yanvar faciəsinin baş verməsindən 34 il ötür. Bu hadisə Azərbaycan xalqının məruz qaldığı
ən dəhşətli faciələrdən birini əks etdirən tarixdir, həm də xalqımızın azadlıq mübarizəsi tarixinə qızıl
hərflərlə yazılmış şanlı qəhrəmanlıq səhifəsidir. Məlumdur ki, keçmiş SSRİ-nin çöküş ərəfəsində
xalqımıza qarşı törədilmiş 20 Yanvar faciəsi Azərbaycanın azadlıq mübarizəsinə vurulmağa cəhd
edilən zərbə idi. Və SSRİ rəhbərliyinin xalqımıza, onun azadlıq mübarizəsinə qarşı həyata keçirdiyi bu
qanlı əməliyyat Sovet imperiyasının siyasətinin gerçək mahiyyətini əks etdirən növbəti arqument oldu.
Bu fakt, eyni zamanda, keçmiş SSRİ-nin Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar
siyasəti dəstəkləməsinə növbəti dəfə dəlalət edirdi.
34 il əvvəl törədilmiş bu qətliam, sözün əsl mənasında, öz hüquqları və azadlığı uğrunda ayağa
qalxan xalqın inam və iradəsini sıradan çıxarmaq, həmçinin Sovet hərb maşınının gücünü nümayiş
etdirmək məqsədi ilə həyata keçirilmiş qanlı cinayət idi. O da qeyd olunmalıdır ki, Sovet ordusunun
cinayətləri təkcə həmin gecə ilə məhdudlaşmadı və hələ bir müddət müxtəlif yerlərdə dəhşətli
qətliamlar davam etdirildi. Bu faciənin miqyasının geniş olması üçün SSRİ rəhbərliyi öncədən
müəyyən addımlar atmışdı. Belə ki, təxribat planına uyğun olaraq əvvəlcədən televiziyanın enerji bloku
partladıldığından radio və televiziya verilişlərinin yayımı dayandırılmışdı, eyni zamanda, qəzetlər də
nəşr olunmurdu. Mərkəzi mətbuat və Rusiyanın televiziya kanalları isə hadisəni təhrif edən yalan
məlumatlar yaymaqda idi. Nəticədə görünməmiş zorakılıqla üzləşən, qanı küçələrə axıdılan insanlar
informasiyasız və köməksiz durumda acınacaqlı vəziyyətdə qalmışdılar.
1990-cı il yanvarın 21-də Ulu Öndər Heydər Əliyev Moskvada Azərbaycanın Daimi
Nümayəndəliyinə gələrək xalqımıza qarşı törədilən bu qırğını qətiyyətlə pislədi. Ulu Öndər
hakimiyyətə qayıtdıqdan sonra isə 20 Yanvar faciəsinə siaysi-hüquqi qiymət verdi.
Ümumiyyətlə, Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olub.
Faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib, dönməz xarakter alıb, xalq öz
gələcəyini yalnız müstəqil Azərbaycanda görüb. 20 Yanvar hadisələri nəticəsində Azərbaycanda Sovet
imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi. Baş vermiş hadisələr dünya
azərbaycanlılarının təşkilatlanmasına səbəb oldu. Belə ki, dünya azərbaycanlıları ilk dəfə olaraq milli
faciəmizin tanıdılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar. Bu
təşkilatlanma prosesi zamanı qanlı yanvarla bağlı həqiqətlər müxtəlif ölkələrin ictimaiyyətinə çatdırıldı,
həmçinin soydaşlarımızın müstəqillik ideyaları ətrafında daha sıx   birləşməsini şərtləndirdi.
Beləliklə, 20 Yanvar faciəsi Ümumxalq Hüzn Günü olmaqla yanaşı, həm də Azərbaycan
xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. Sovet ordusunun amansızlığına və
qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı 2 milyona
yaxın insanın iştirakı ilə yanvarın 22-də paytaxtın Azadlıq meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə
əlaqədar matəm yürüşü keçirdi. Bütün bu hadisələr fonunda Azərbaycanın  müstəqilliyi ideyası
ümummilli amala çevrildi. Bu amal uğrunda xalqımızın müstəqillik uğrunda mübarizəsi daha geniş
vüsət alaraq məntiqi sonluğuna çatdı. Belə ki, çox keçmədən xalqımızın müstəqillik ideyası ətrafında
sıx birləşməsi Azərbaycanin öz dövlət müstəqilliyini bərpa etməsi ilə nəticələndi. Ulu Öndər Heydər
Əliyevin ideyaları əsasında inkişaf yolunda addımlayan, Prezident İlham Əliyevin rəhbərliyi ilə
zirvələri fəth edən müasir müstəqil Azərbaycan dövləti hazırda dünyanın ən nüfuzlu ölkələri
sırasındadır. Artıq Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş dövlətdir. Hər
bir vətəndaş öz güclü dövləti ilə fəxr edir, müstəqilliyimiz uğrunda canlarını qurban vermiş
şəhidlərimizin ruhu isə şaddır!
Elçin Gözəlov,
Sabirabad RİHB aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş
məsləhətçisi


10:38 19.01.2024