

Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi olan 1990-cı ilin 20 Yanvar faciəsindən artıq 34 il
ötür. 20 Yanvar faciəsini nə qədər böyük ağrı hissi ilə xatırlasaq da, xalqımızın azadlıq uğrunda
mübarizə əzmini sındırmağın mümkünsüzlüyünü görəndə bundan böyük qürur hissi keçiririk. Həmin
gün uzun illər imperiya əsarəti altında yaşayan xalqımız azadlığa qovuşmaq üçün canından belə
keçməyə hazır olduğunu bir daha dünyaya nümayiş etdirdi.
20 Yanvar hadisələri Azərbaycanda demokratik proseslərə qəsd, dəqiq düşünülmüş hərbi
təcavüz, respublikanın suveren hüquqlarını, ümumiyyətlə, insan hüquqlarını pozan hərəkət idi. Həmin
gün Sovet ordusunun bölmələri dinc əhaliyə qarşı görünməmiş vəhşiliklər törətdilər. Sovet ordusu
qoşunlarının hərbi əməliyyatları nəticəsində Bakıda və rayonlarda 147 nəfər öldürüldü, 744 nəfər
yaralandı, 841 nəfər qanunsuz həbs olundu.
Həmin vaxt Azərbaycan informasiya blokadasına alınmışdı. Dəhşətli faciədən bir az öncə
Azərbaycan Televiziyasının enerji bloku partladılmışdı. Dünya ictimaiyyəti Azərbaycanda baş vermiş
bu qanlı hadisədən xəbərsiz idi. Belə ağır bir vaxtda Ulu Öndər Heydər Əliyev Moskvada xüsusi
nəzarət altında saxlanılmasına, təzyiq və təqiblərə məruz qalmasına baxmayaraq, yanvarın 21-də
Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək, Sovet ordusunun Bakıda törətdiyi bu qanlı
cinayəti kəskin pisləyən bəyanat vermişdi. Ümummilli lider Heydər Əliyev faciənin bütün
günahkarlarının cəzalandırılmasını tələb etmişdi.
20 Yanvar hadisələrinə geniş mənada əsl hüquqi, siyasi qiymət vermək Ulu Öndər Heydər
Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün oldu. Ulu Öndər Heydər Əliyev 20 Yanvar
şəhidlərinin xatirəsinin əbədiləşdirilməsinə, onların ailələrinə dövlət qayğısının gücləndirilməsinə hər
zaman böyük diqqətlə yanaşırdı. Ümummilli Lider hər il yanvarın 20-də Şəhidlər xiyabanına gələrək
ziyarət edir, şəhid ailələri ilə görüşür, onların qayğıları ilə maraqlanırdı. Bu gün Şəhidlər Xiyabınında
ucalan “Əbədi məşəl” abidə kompleksi də məhz Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərin xatirəsinə
ehtiram əlaməti olaraq inşa olunub. Ulu Öndər Heydər Əliyevin 2000-ci il yanvarın 17-də imzaladığı
Fərmanla isə 1990-cı ilin faciəli yanvar günlərində şəhid olmuş oğul və qızlarımıza “20 Yanvar şəhidi”
fəxri adı verilib.
Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev
şəhidlərin adının uca tutulmasına, onların ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi
diqqət göstərir, hər il yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edərək “Əbədi məşəl” abidə
kompleksinin önünə əklil qoyur, həmçinin 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın
xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial
müdafiəsinin gücləndirilməsi üçün mühüm qərarlar vermişdir.
1990-cı ilin 19-20 yanvar tarixlərində Azərbaycan xalqı göstərdiyi qətiyyətlə nümayiş etdirdi ki,
heç bir qüvvə bizim milli azadlıq uğrunda mübarizə əzmimizi qıra bilməz. 44 günlük müharibə və
2023-cü ildə həyata keçirilən bir günlük lokal antiterror tədbiri bir daha xalqımızın yenilməz, məğrur
olduğunu dünyaya nümayiş etdirdi. Azərbaycan xalqı cənab İlham Əliyevin ətrafında dəmir yumruq
kimi birləşərək Qələbəni qazandı.
Şəhidlərimizin xatirəsi xalqımız tərəfindən daim əziz tutulur, həmişə qəlbimizdə yaşayacaq.
Qəhrəman Vətən övladlarının mübarizə yolu gələcək nəsillər üçün əsl örnəkdir.
Aydın Bağırov,
Sabirabad rayonu Cavad kənd 2 saylı tam orta məktəbinin direktoru