

Prezident İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi bu gün ölkə
mətbuatında geniş müzakirə olunmaqdadır. Üç saata yaxın davam edən və 20-dək istiqamət üzrə
sualların cavablandırıldığı müsahibə dövlət başçısı İlham Əliyevin mediaya açıqlığını bir daha
təsdiqlədi. Bu, eyni zamanda, Azərbaycan xalqı və dünya ilə media vasitəsilə dialoqun nadir
formasıdır. Bu kontekstdə 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə Prezident İlham
Əliyevin 30-dan artıq xarici mətbuata müsahibəsini xatırlatmaq istərdik. Dövlətimizin başçısının hər bir
müsahibəsi dünənimizə baxış əsasında qarşıdakı dövrün hədəflərinin təqdimatı oldu. Ümumilikdə bu
müsahibələr beynəlxalq ictimaiyyət üçün Azərbaycan haqqında daha dolğun məlumatların əldə
olunmasında zəngin mənbədir. Bu mühüm məqamı da xüsusi qeyd edək ki, Prezident İlham Əliyevin
hər Yeni ilin ilk ayında yerli televiziya kanallarına müsahibə verməsi artıq ənənə halını alıb. Bu
müsahibələrdə əvvəlki il ərzində ayrı-ayrı sahələrdə qazanılan uğurlar geniş təhlil olunur, hədəflər və
onlara nail olmaq üçün mexanizmlər açıqlanır.
Dövlət başçısı İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi zamanı son
20 ildə Azərbaycanın haradan hara gəlib çıxdığını açıqlayarkən bu dövrün 1993-cü ildən başlandığını
xüsusi qeyd etdi. Həmin ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıdışından sonra Azərbaycan sabitlik və sürətli inkişaf yoluna qədəm qoyaraq gələcəyə doğru böyük
inamla addımladı. 1993-2003-cü illərdə Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü
siyasəti nəticəsində yaradılan möhkəm təməl Azərbaycanın 2003-cü ildən başlanan yeni dövrünün daha
möhtəşəm uğurlarla zənginləşməsində əhəmiyyətli rol oynadı.
İlham Əliyevin müsahibədə böyük qürur hissi ilə qeyd etdiyi “Müasir tariximizin yeni dövrü
məhz sentyabrın 20-dən sonra başlayır” fikri tarixi Zəfərimizdən ötən üç ildə keçilən yolun
ümumiləşdirilmiş ifadəsidir. Bəli, həqiqətən də artıq ölkəmizin həyatında yeni dövr başlayır. Təbii ki,
yeni dövrün yeni hədəfləri vardır. Dövlətimizin başçısının müsahibəsində qeyd etdiyi kimi, yeni dövrə
köhnə hədəflərlə gedə bilmərik. Çünki o hədəflər artıq əldə edildi. İndi bəzi ölkələr var ki, öz tarixi
keçmişini, tarixi uğurları illər boyunca, onilliklər ərzində istismar edirlər. Halbuki onların özlərinin o
zəfərlərə heç bir aidiyyəti yoxdur. Biz o ölkələrdən olmaq istəmirik. Biz nə etmişiksə etmişik, xalq da
bunu qiymətləndirir və qiymətləndirəcək. Ancaq bu tarixi Zəfəri də bundan sonra daim istismar etmək
düzgün olmaz.
Prezident İlham Əliyev daim çıxışlarında bu çağırışı edir ki, əldə olunan uğurlarla
kifayətlənməməli, daim irəli baxmalıyıq. Zamanı qabaqlamaq əsas hədəfimiz olmalıdır. Bu baxımdan
tarixi Zəfərə imza atanda xalqımız tam əmin idi ki, işlərimiz yarımçıq qalmayacaq. Qalibiyyət
rəmzimiz olan üçrəngli bayrağımız Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə dalğalanacaq.
Azərbaycan bu hədəfə sülh yolu ilə nail olmaq üçün səylər göstərdi. Lakin Ermənistan 30 illik işğal
dövründəki çirkin niyyətlərini davam etdirərək üzərinə düşən öhdəlikləri yerinə yetirmədi, hərbi
təxribatlarına ara vermədi. Vəziyyətin bu şəkildə davamı Azərbaycanın lokal antiterror tədbirlərini
həyata keçirməsinə səbəb oldu. Sentyabrın 20-si çoxəsrlik tariximizə suverenliyimizin tam təmin
olunduğu, Azərbaycanın həyatında yeni mərhələnin başlandığı dövr kimi yazıldı.
Dövlət başçısı İlham Əliyevin müsahibəsi özündə mühüm çağırışları, mesajları ehtiva edir.
Ədalətə, beynəlxalq hüquqa əsaslanan siyasətin uğurları davamlı olur. Bu gün dünya Azərbaycanın
timsalında bunu aydın şəkildə görür. Prezident İlham Əliyev bu məqamı da xüsusi qeyd etdi ki, ədalətə
inanmaq lazımdır. Sağlam cəmiyyətin yaranması və möhkəmlənməsi üçün bu, olduqca vacibdir.
Ülviyyə Ağayeva,
4 saylı Sabirabad şəhər uşaq bağçasının müdiri