

Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən
müharibəsi zamanı öz ərazi bütövlüyünü bərpa etdi. Ötən il sentyabrın 19-20-də keçirilmiş lokal
antiterror tədbirləri nəticəsində isə bütün ölkə üzrə suverenliyimizə nail olduq. Bəli, sentyabr
əməliyyatı faktiki olaraq sülh müqaviləsinin imzalanması üçün real şərait yaratdı. Məhz bundan sonra
bölgədə sülhün bərqərar olacağına ümidlər artdı və Azərbaycan bu istiqamətdə atılan addımları
intensivləşdirdi. Nəticədə ötən il dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin
Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında heç bir vasitəçi olmadan
aparılmış danışıqlar nəticəsində iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların
atılmasına dair razılıq əldə olundu. Dekabrın 13-də əsirlərin mübadiləsi baş tutdu, iki ölkə arasında
sərhədlərin delimitasiyası ilə bağlı Dövlət Komissiyasının reqlamenti təsdiq olundu. Eyni zamanda,
Ermənistan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu
sessiyasına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürdü və Azərbaycanın namizədliyini
dəstəklədi. Azərbaycan da Ermənistanın Şərqi Avropa Qrupundan COP-un büro üzvlüyünə
namizədliyini dəstəklədiyini bildirdi. Bundan əlavə, bəyanatda Azərbaycan və Ermənistanın regionda
çoxdan gözlənilən sülhün əldə olunması üçün tarixi fürsətin yarandığı fikrini bölüşdüyü vurğulandı.
Bu, Bakı və İrəvan arasında kənar vasitəçilərin iştirakı olmadan əldə edilmiş ilk razılaşma kimi tarixə
düşdü.
Siyasətçilər belə bir razılaşmanın əldə olunmasını həm də ölkələrarası münasibətlərin
tənzimlənməsi, o cümlədən sülhlə bağlı danışıqaların yeni bir səhifəsinin açılması kimi
dəyərləndirdilər. Bəli, həqiqətən də o gündən bölgədə nisbi sakitlik təmin olundu. Şübhəsiz bu,
Azərbaycan Prezidenti İlham Əliyevin müstəsna xidmətidir. Hazırda Azərbaycanın strateji hədəfi
Ermənistanla sülh sazişinin imzalanmasıdır.
Artıq Ermənistan da Azərbaycanla sülh müqaviləsinin imzalanmasına maraq göstərməkdədir.
Amma hazırda görünən budur ki, rəsmi Bakının sülh sazişi ilə bağlı vasitəçisiz danışıqlar təklifini
İrəvan hələ ki, qəbul etməyib. Yəni, təcavüzkar ölkə istəyir ki, birbaşa təmaslardan fərqli olaraq onların
yanında vasitəçi, daha doğrusu, arxalarında qlobal güc, böyük dövlət dayansın. Bu da Ermənistanın
hələ də müstəqil dövlət olmadığının, müstəqilliyinin formal xarakter daşıdığının real mənzərəsidir.
Halbuki, hər iki tərəfə təkbətək, vasitəçisiz danışıqlar daha sərfəlidir. Çünki vasitəçi bu kimi
proseslərdə öz maraqlarını da ortaya qoyur. Şübhəsiz, belə bir təklif Qərbdən, o cümlədən Fransadan
qaynaqlanır. Belə ki, artıq xeyli zamandır Qərb Ermənistanın əli ilə bölgədə möhkəmlənmək məqsədilə
dəridən-qabıqdan çıxır. Amma Azərbaycan onların bu niyyətlərinin baş tutmamasında bir səddə
çevrilib.
Elə onların ölkəmizə qarşı səsləndirdikləri qərəzli fikirlər, yaydıqları absurd bəyanatlar,
hazırladıqları gülüş doğuran hesabatlar buna hesablanıb. Bir sözlə, hazırda İrəvanın bu mövqeyi
vasitəçisiz danışıqların baş tutmasında çətinliklər yaratmaqdadır.
Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bu vacib
məqama toxunaraq bildirib ki, sülh müqaviləsinin imzalanması üçün əsas şərtlər indi yaradılmışdır:
“Ona görə mətn üzrə işlər fəal getməlidir. Bir məsələ də var. Yəqin, siz də bunu bilirsiniz, Ermənistan
istəyir ki, bu sülh müqaviləsinin zəmanətçiləri olsun. Biz hesab edirik ki, buna heç bir ehtiyac yoxdur.
Bu, iki suveren dövlət arasında imzalanacaq sülh müqaviləsidir. Biz orada heç bir zəmanətçilərə
ehtiyac duymuruq və əgər bu, ikitərəfli formatda imzalanacaqsa, imzalanmalıdır. Əgər kimsə kömək
etmək istəyirsə, biz buna da etiraz etmirik. Ancaq bu kömək elə olmalıdır ki, məcburi olmasın. Çünki
bəziləri indi yarışa çıxıblar ki, danışıqlar bu ölkədə keçirilsin, o ölkədə keçirilsin, ya üçüncü ölkədə
keçirilsin. Bu, bir qədər geosiyasi rəqabətə bənzəyən bir şeydir. Mən bunu istəməzdim. Mən
ümumiyyətlə, istəməzdim ki, Ermənistan-Azərbaycan münasibətləri geosiyasi mövzuya çevrilsin”.
Dövlətimizin başçısı, həmçinin vurğulayıb ki, bu, bizim iki ölkə arasındakı məsələmizdir, özümüz də
bunu həll etməliyik: “Əgər razılığa gəlsək, sülh müqaviləsi imzalanacaq. Əgər razılığa gəlməsək,
deməli, ya danışıqlar davam etdiriləcək, ya danışıqlar dayandırılacaq. Hər iki variant da mümkündür”.
Bəs delimitasiya və demarkasiya məsələsi həllini tapmadan sülh müqaviləsi imzalana bilərmi?
Bəri başdan xatırladaq ki, bu il yanvarın sonunda Ermənistanın və Azərbaycanın sərhədlərin
delimitasiyası üzrə komissiyalarının növbəti iclasının keçirilməsi barədə razılığa gəlinib. Bu
komissiyaların sonuncu iclası ötən il noyabrın 30-da Ermənistan–Azərbaycan sərhədində gerçəkləşib.
Həmin görüşdə tərəflər komissiyanın iclaslarının və birgə işçi görüşlərinin təşkili və keçirilməsinə dair
işçi reqlamentin ilkin mətnini razılaşdırıblar. İki ölkə, həmçinin delimitasiya komissiyalarının birgə
fəaliyyəti haqqında əsasnamə layihəsinin razılaşdırılması üzrə işə başlamaq barədə razılığa gəlib.
Prezident İlham Əliyev müsahibəsində hələ də Gürcüstan və Rusiya ilə delimitasiya,
demarkasiya proseslərinin davam etdiyini əsas gətirərək bildirib ki, əgər biz delimitasiyanı gözləyib
sülh müqaviləsini təxirə salsaq, onda sülh müqaviləsi heç 30 ildən sonra da imzalanmaya bilər: “Biz
hesab edirik ki, sülh müqaviləsi imzalanmalıdır, nə qədər tez olsa, o qədər yaxşıdır. Amma yəni, demək
istəmirik ki, bizim şərtlər əsasında. Ancaq hesab edirəm ki, bizim şərtlərimiz ən ədalətli şərtlərdir.
Delimitasiya prosesi isə davam etməlidir. Kəndlər bizə qaytarılmalıdır. Anklavlarla bağlı komissiyanın
işi nəticəsində də razılığa gəlmək olar. Yəni, hesab edirəm ki, bu, tam məntiqli yanaşmadır”. Buradan
bir daha aydıın görünür ki, Prezident İlham Əliyev Ermənistanın siyasi rəhbərliyinə sülh müqaviləsinin
imzalanması üçün şanslar verməkdə davam edir.
Bütün bunlardan belə qənaətə gəlmək olar ki, yaxın vaxtlarda iki ölkə arasında Azərbaycanın
ədaləltli şərtləri əsas götürülərək sülh müqaviləsi imzlana bilər. Bunu real tarixi şərait, eləcə də
Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlar tələb edir. Bu aspektdən çıxış etsək, Ermənistanın yeni
tarixin gedişatına təslim olacağı şəksizdir.
Rəsul Binəliyev,
Sabirabad RİH başçısının Əliləmbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi