isaznow.com
Az Iw En Ru

2023-cü ilin xarici siyasət uğurları 2024-cü ilə daha böyük inamla və qətiyyətlə qədəm qoymağa əsas verdi

Dövlət başçısı İlham Əliyev 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il
münasibətilə xalqa müraciətində ötən ilin ölkəmizin həyatında ən önəmli hadisə respublikamızın
suverenliyinin bərpası olduğunu diqqətə çatdırmaqla Azərbaycan xalqının bu tarixi hadisəni heç vaxt
unutmayacağını, həmin günün yaddaşımızda əbədi qalacağını vurğulayaraq milli yaddaşımıza tarixi
çağırış etdi. Həqiqətən də, ötən il antiterror tədbirləri nəticəsində Azərbaycanın öz dövlət
suverenliyini tam bərpa etməsi, işğalçı qüvvələrin beynəlxalq hüquqla tanınan ərazilərimizdən
çıxarılması, separatizmə son qoyulması və düşmən ordusunun məhv edilməsi fonunda yekun
qələbənin təmin edilməsi müasir dünya təcrübəsində nadir rast gəlinən nümunədir.
Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması,
onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc
əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın
təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa
edilməsi məqsədilə Azərbaycan Ordusunun ötən ilin sentyabrın 19-da bölgədə lokal xarakterli
antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşu bərpa edildi.
Beləliklə, bir gündən də az sürən antiterror əməliyyatı bizə imkan verdi ki, suverenliyimizi bərpa
edək. Əməliyyat elə tərzdə aparıldı ki, mülki infrastruktura zərər dəymədi və dinc əhali arasında
itkilər olmadı. Əməliyyat başlayan anda bəyan etdik ki, Ermənistan ordusu silahları yerə qoyan kimi
biz dayanacağıq və onlara oraları tərk etməyə icazə verəcəyik. Əməliyyat 24 saatdan az sürdü və onlar
təslim olduqlarını bəyan edəndən sonra bütün fəaliyyətlər dayandırıldı.
Tariximizə Azərbaycanın ərazi bötüvlüyünün, suverenliyinin bərpa edildiyi, Qarabağ adlı
yaramızın sağaldığı, müqəddəs torpaqlarımızda separatizmin kökünün kəsildiyi Zəfər ili kimi yazıldı.
Ermənistan bəzi Qərb ölkələrinin, xüsusilə Fransasnın təlimat, təzyiq və şirnikləndirmələri ilə
danışıqlar prosesini əngəlləyir, gecikdirmə taktikasına əl atır, Üçtərəfli bəyanatlar üzrə öhdəliklərini
ciddi şəkildə pozmaqda davam edir. Şübhəsiz, bütün bunlar təsadüfi deyil. Çünki Rusiyanı regiondan
çıxarıb bu coğrafiyada möhkəmlənmək istəyən Qərb ölkələrinin əlində alətə çevrilən Ermənistan sülh
danışıqları ilə bağlı müstəqil qərar verə bilmir. Ermənistanın baş naziri Nikol Paşinyan bir tərəfdən
noyabrın 16-da parlamentdəki çıxışında “Ermənistan xaricdə işlənib hazırlanmış və nəzərdə tutulmuş
planların həyata keçirilməsi üçün tramplin və plasdarm deyil” fikrini səsləndirir, digər yandan isə
ABŞ və bəzi Avropa İttifaqı ölkələrindən dəstək istədiklərini də söyləməkdən çəkinmir. Bütün bunlar
2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanata imza atan və Cənubi Qafqazda nəqliyyat və loqistika
imkanlarının özü üçün alternativ mühüm əhəmiyyət daşıdığını dərk edən və Azərbaycanla Ermənistan
arasında sülh müqaviləsinin imzalanmasında maraqlı olan Rusiyanı narahat etməyə bilməz. Xarici
qüvvələrin İrəvanı daha təhlükəli geosiyasi oyunlara cəlb etmək istəklərini görürürük. Ermənistan
vətəndaşlarının taleyi Qərb üçün tam önəmsizdir. Onlar ermənilərin hisslərindən, ağrılarından və
əzablarından yalnız öz məqsədləri üçün istifadə edirlər.
Bütün bunlar bir daha göstərir ki, özünü sülh göyərçini kimi göstərməyə çalışan Ermənistanın
siyasi rəhbərliyinin sülh prosesi ilə bağlı bəzi açıqlamaları manipulyasiyadan başqa bir şey deyil.
Əslində uzun illər öz havadarlarının köməyi ilə apardığı işğalçı siyasəti ilə dalana dirənən, bütün
regional layihələrdən məhrum olan Ermənistanın siyasi rəhbərliyi yaxşı anlayır ki, Azərbaycanla sülh
müqaviləsi imzalamasa, Türkiyə Respublikası ilə münasibətləri normallaşdırmasa bu ölkənin çətin və
ağrılı günləri bitməyəcək. Onları Qərb aktorlarının köməyi ilə həll etmək mümkün olmayacaq.
Rusiyadan fərqli olaraq, ABŞ və Avropa İttifaqı respublikaya və ümumilikdə Cənubi Qafqaza sülh və
sabitlik gətirməyə çalışmırlar. Onların məqsədi tamamilə başqadır-Moskvanı və digər regional
oyunçuları sıxışdırıb çıxarmaq, Balkanlar, Yaxın Şərq və Ukraynadan sonra yeni gərginlik ocağı
yaratmaq. Bu mürəkkəb şəraitdən çıxış yolu açıq-aydındır- İrəvan, Bakı və Moskvanın ən yüksək
səviyyədə üçtərəfli razılaşmaları yerinə yetirilməlidir. Bütün bunların fonunda bir daha əmin olmaq
istərdik ki, rəsmi İrəvan müstəqil siyasət yeridərək bəzi Qərb ölkələrinin təhriki ilə sülh prosesini
sabotaj etməkdən əl çəkəcək. Azərbaycanla sülh sazişini imzalamaqla münasibətləri tənzimləyəcək,
bununla da regionda davamlı sülhün, təhlükəsizliyin, əməkdaşlığın, eləcə də iqtisadi, siyasi və mədəni
əlaqələrin bərqərar olunmasına töhfə verəcəkdir.
Dövlət başçısı qeyd edib ki, Prezident kimi ilk illərdən iqtisadi müstəqilliyə nail olmaq üçün
çalışıb müvafiq göstərişlər verib: "Bu gün Azərbaycan iqtisadi baxımdan, o cümlədən siyasi

baxımdan heç kimdən, heç bir ölkədən asılı deyil, prinsipial müstəqil siyasət aparır, o siyasət ki,
Azərbaycan xalqının maraqlarını təmin edir. Azərbaycan xalqının maraqlarını, dövlət maraqlarını
bütün beynəlxalq tribunalardan müdafiə etmək üçün əlbəttə ki, bizim iqtisadi imkanımız olmalıdır.
Hələ Ulu Öndər Heydər Əliyev vaxtilə demişdir ki, iqtisadiyyatı güclü olan ölkə hər şeyə
qadirdir. Bu, tam həqiqətdir və bu gün bizim siyasi müstəqilliyimizin təməlində iqtisadi müstəqillik
dayanır. Mən bunu öz çıxışlarımda dəfələrlə demişəm. Əgər bizim iqtisadiyyatımız kənar dairələrdən
asılı olsaydı, biz uğurlu siyasi kurs icra edə bilməzdik. Bizim siyasi müstəqilliyimizin, o cümlədən
xarici siyasətdə apardığımız prinsipial mövqeyin əsas baza prinsipi iqtisadi müstəqilliyimizdir".
Biz indi dünyada gedən proseslərə diqqətlə baxırıq və görürük ki, hansı ölkələr iqtisadi
cəhətdən başqa ölkələrdən, yaxud da beynəlxalq maliyyə qurumlarından asılıdırsa, o ölkələr müstəqil
siyasət apara bilməz, o ölkələr bir növ böyük ölkələrin girovuna, alətinə çevrilir. O ölkələrin
hökumətlərini bəzi hallarda öz xalqına, öz milli maraqlarına görə istifadə etmək üçün onlara təzyiq
edilir və onlar bu təzyiqə davam gətirə bilmir. Bizə də təzyiq göstərilir və mənim Prezident kimi
fəaliyyətimin bütün dövrlərində göstərilən təzyiqlə üzləşmişik. Ancaq buna davam gətirə bilmişik,
müqavimət göstərmişik, öz sözümüzü demişik və heç bir təzyiq, heç bir hədə-qorxu, heç bir təhdid
bizim siyasətimizə təsir edə bilməz. Nə üçün? İlk növbədə, biz xalqın dəstəyinə arxalanırıq. Son
müddət ərzində keçirilən rəy sorğuları göstərir ki, bizim hökumətimizə ictimai dəstək nə qədər
yüksəkdir. O cümlədən Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında, - mən bunu
səsləndirdim, - hakimiyyətə olan inam baxımından biz dünya miqyasında ön sıralardayıq. Ona görə
iqtisadi müstəqillik bizim üçün əsas vəzifə olaraq qalır. Buna nail olmaq üçün biz gələcək illərdə çox
böyük səylər göstərməliyik".
Təbii ki, bir ilin xarici siyasət uğurlarını bir yazıda əhatə etmək qeyri-mümkündür.
Azərbaycanın müstəqil, ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti hər zaman bu uğurların
sıralanmasının genişliyini təmin edir. Azərbaycan ən yüksək tribunalardan beynəlxalq hüququn norma
və prinsiplərinin tətbiqi, BMT qətnamələrinin icrası üçün vahid mexanizmin müəyyənləşdirilməsini
tələb edir. Cari ilin mühüm çağırışlarından biri də BMT sitemində təkmilləşmənin aparılması,
Təhlükəsizlik Şurasına üzv dövlətlərin sayının artırılmasıdır. Təbii ki, Azərbaycanın hər bir çağırışına
beynəlxalq dəstək böyükdür.
2023-cü ilin xarici siyasət uğurları 2024-cü ilə daha böyük inamla və qətiyyətlə qədəm
qoymağa əsas verir. Artıq sülh müqaviləsinin imzalanması zamanıdır.  Tarixi Zəfərimizin reallıqları
ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və rolunun artmasında, mövqeyinin
möhkəmləndirilməsində öz sözünü deyir.
Seyidabbas Babayev,
Sabirabad RİH başçısının Şıx Salahlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi


10:07 05.01.2024