isaznow.com
Az Iw En Ru

Bu gün bütün dünya azərbaycanlıları haqlı olaraq müstəqil Azərbaycanla fəxr edirlər

Dekabr ayının 31-də, yeni ilin başlanğıcına bir neçə dəqiqə qalmış Prezident İlham Əliyev Dünya
Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqımıza müraciətində mühüm məqamlara
toxundu, zəruri mesajlar verdi. 
Azərbaycanın regional və qlobal müstəvidə geosiyasi imkanlarının artmasında, şübhəsiz ki, ölkəmizin
ərazi bütövlüyünün və tarixi ədalətin bərpasının müstəsna rolu var. 44 günlük müharibədə qələbə qazanaraq
yeni gerçəkliklər yaradan - Qafqazın geostrateji arxitekturasını yenidən dizayn edən, BMT-nin müvafiq
qətnamələrinin icrasına öz hərbi-siyasi resursları vasitəsilə nail olan Azərbaycan nəyə qadir olduğunu bütün
dünyaya göstərdi.
Bu xüsusda ən vacib məqam 2023-cü ilin Azərbaycanın Zəfər təqviminə dövlət suverenliyinin bərpası
ili kimi həkk olunmasıdır. Bu, xalqımızın yaddaşında və dünyanın siyasi tarixində əbədi qalacaqdır. Prezident
İlham Əliyevin qeyd etdiyi kimi, “2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatanda bizim Bayrağımız
Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda biz hamımız yaxşı bilirdik ki, işimiz yarımçıq qalıb.
Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi”.
Hərbi təxribatlar və siyasi sabotajları davam etdirən Ermənistannın illeqal fəaliyyətinin qarşısının
alınması məqsədilə Azərbaycan tərəfindən 2023-cü il aprelin 23-də Ermənistanla sərhəddə, Laçın-Xankəndi
yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması Zəfər marafonunun Laçın qələbəsi idi.
44 günlük Vətən müharibəsinin şanlı Qələbə ilə başa çatması və 24 saatlıq antiterror tədbirləri ilə ərazi
bütövlüyünün tam bərpası - Şuşada son nöqtənin, Xankəndində isə Zəfər nidasının qoyulması müstəqillik
zirvəsində suverenliyin bərqərar olunması ilə əlamətdardır. Müzəffər Ali Baş Komandanın vurğuladığı kimi:
“2023-cü ilin aprel ayında isə biz ərazi bütövlüyümüzü tam bərpa etmişdik. Azərbaycan-Ermənistan sərhədinin
Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsi qurulmuş və o gündən bəri Azərbaycanın ərazi bütövlüyü tam
bərpa edilmişdir”.
Laçın-Xankəndi yolunda nəzarətin təmin edilməsi, ardınca əzəli və əbədi Qarabağımızda lokal
antiterror tədbirləri vasitəsilə konstitusiya quruluşunun bərpası ilə geniş geosiyasi arealda - Cənubi Qafqazda,
Qafqazda və postsovet məkanında separatizmin məhv edilməsi təcrübəsi yaradıldı. 30 ilə yaxın müddətdə
BMT-nin kağız üzərində qalmış 4 qətnaməsinin icrasını təmin etməklə nadir presedent formalaşdıran
Azərbaycan daha bir nümunə yaratdı. Bu, postsovet məkanında separatizmin birdəfəlik məhvinə ilk dəfə məhz
ölkəmizin ərazisində müvəffəq olunmasıdır. Azərbaycan Prezidentinin bildirdiyi kimi: “Dəfələrlə Ermənistan
rəhbərliyinə və onun arxasında dayanmış Qərb ölkələrinə xəbərdarlıq etmişdik ki, bu vəziyyət davam edə
bilməz. Ya separatçı rejim özünü buraxmalıdır, Ermənistan ordusu bizim ərazimizdən çıxarılmalıdır, ya da ki,
biz güc tətbiq edərək dövlət suverenliyimizi özümüz bərpa edəcəyik.
Əfsuslar olsun ki, bizim sözümüzə diqqət yetirilmədi. Sentyabrın 19-da başlamış və cəmi bir gün,
ondan da az davam edən antiterror əməliyyatı Azərbaycan Ordusunun tam Zəfəri ilə nəticələnmişdir. Separatçı
rejim çökmüş, bizim qarşımızda diz çökmüş, ağ bayraq qaldırmış, təslim olmuş, torpaqlarımızdan əbədi olaraq
çıxarılmış və tarixin zibilxanasına atılmışdır. Bununla Azərbaycanda separatizmin kökü kəsildi və separatizm -
bu bəla bizim torpağımızda bir daha baş qaldıra bilməz”.
Prezident İlham Əliyev bəhs olunan müraciəti zamanı Böyük Qayıdış məsələsinə də diqqəti cəlb etdi.
Dövlət başçısı bildirdi ki, “Qarabağ və Şərqi Zəngəzur bu gün böyük tikinti meydançasına çevrilmişdir”.
Böyük Qayıdış tarixi Qələbənin strateji prosesə çevrilməsini təmin edən çox mühüm amillərdən biridir.
2023-ci ildə qürurlu və müzəffər xalqın nümayəndələri, qüdrətli və məğrur dövlətin vətəndaşları kimi
azadlıqdan abadlığa aparan yolda inamla addımladıq. Qarabağın Xilaskarı İlham Əliyevin lider dövlətin Lideri,
Müzəffər Ali Baş Komandan kimi işğaldan azad olunmuş torpaqlarımıza atdığı hər addım tarixin yaddaşına
əbədi həkk olundu. Həmin ərazilərdə kənd və şəhərlərimizin, mədəni irsimizin bərpa olunması, yeni reallıqlar
əsasında ölkəmizin və regionumuzun gələcəyinin inşa edilməsi Zəfər yürüşümüzün davam etdiyini göstərdi.
Müzəffər Ali Baş Komandan İlham Əliyev hələ 2020-ci ildə işğaldan azad edilmiş ərazilərdə
Azərbaycan bayrağını ucaldaraq xalqımızın, dövlətimizin ən yüksək zirvələri fəth etdiyini bir daha bütün
dünyaya nümayiş etdirib. 2023-cü ildə də bu istiqamətdə işlər ardıcıl olaraq davam etdirildi. Budur, bölgəyə
həyat qayıdır, Qarabağa, Şərqi Zəngəzura yeni həyat bəxş edən, yeni nəfəs verən addımlar atılır. Ermənilərin
işğalçı siyasəti nəticəsində dağıdılmış yaşayış məntəqələrinin ən müasir texnologiyalara əsaslanan quruculuq
konsepsiyası əsasında bərpası milli gücümüzün təsdiqi və nümayişidir.
Heydər Rüstəmov,
Sabirabad rayonu Qəzli kənd tam orta məktəbinin direktoru


18:02 04.01.2024