

Azərbaycanın ictimai-siyasi həyatında növbəti tarixi hadisənin astanasındayıq. 2024-cü il fevralın 7-də
ölkəmizdə növbədənkənar prezident seçkiləri keçiriləcək. Artıq Yeni Azərbaycan Partiyası (YAP) İdarə
Heyətinin genişləndirilmiş iclasında nəinki Azərbaycan, eləcə də dünya ictimaiyyəti arasında kifayət qədər
reytinq qazanan cənab İlham Əliyevin Prezidentliyə namizədliyi irəli sürülüb və bununla bağlı qərar yekdilliklə
qəbul olunub. Prezidentliyə namizəd İlham Əliyevin səlahiyyətli nümayəndələri də müəyyənləşdirilib.
Əvvəla, qeyd edək ki, 2003–2023-cü illər ölkəmizin çoxəsrlik dövlətçilik tarixinə möhtəşəm 20 il kimi
daxil olub. Hətta son 20 il tariximizdə o qədər əlamətdar bir tarix olub ki, bu dövrdə ölkəmiz əgər belə demək
mümkünsə, əsrlərə bərabər yol qət edib. Bir neçə fakta müraciət edək: 2003-cü ildə Azərbaycanda ümumi
daxili məhsulun (ÜDM) dəyəri 7,1 milyard manat olduğu halda 2022-ci ildə bu göstərici 133,7 milyard manat
təşkil edib. Ümumiyyətlə 20 il ərzində ölkə iqtisadiyyatı 3,4 dəfə, ÜDM nominal ifadədə 22 dəfə artıb. Qeyri
neft-qaz sektorunda ÜDM-in həcmi 2003-cü ildəki 4,4 milyard manatdan 2022-ci ildə 69,8 milyard manata
çatdırılıb. Dövlət büdcəsinin gəlirləri 2003-cü ildə 1 milyard 221 milyon manat idisə, 2023-cü ildə bu rəqəmin
34 milyard manata yaxın olacağı gözlənilir. 20 il əvvəl regionların sosial-iqtisadi inkişafına dair Dövlət
proqramlarının icrasına başlayarkən Azərbaycan 1,6 milyard ABŞ dolları strateji valyuta ehtiyatlarına sahib idi.
Bu il isə valyuta ehtiyatları 67 milyard ABŞ dollarını ötüb və bu da təxminən 41 dəfə artım deməkdir və s.
Üstəlik, Ümummilli Lider Heydər Əliyevin enerji siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin
iradəsi ilə reallaşan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft-qaz kəmərləri bu gün
respublikamızın inkişafına, xalqımızın sosial rifahının yüksəldilməsinə xidmət etməkdədir. Dövlətimizin
başçısının siyasi iradəsi ilə ərsəyə gələn Cənub Qaz Dəhlizi Azərbaycanın qlobal enerji bazarlarında və
beynəlxalq münasibətlər sistemindəki yerini daha da möhkəmləndirib, ölkəmizi söz sahibinə çevirib. Nəticədə
əldə edilmiş tarixi uğurlar ölkəmizi yeni inkişaf mərhələsinə çıxarıb. Bəli, bu gün Azərbaycan özünün ən
parlaq günlərini yaşayır. Əminliklə qeyd edə bilərik ki, Azərbaycan çoxəsrlik tarixində heç vaxt bu qədər güclü
olmayıb. Bütün bu hədsiz sevinci xalqımıza Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bəxş edib.
Dövlət basşısının son 20 ildə gördüyü işləri kitablara sığışdırmaq mümkün deyil. Bu faktı dünyanın tanınmış
siyasətçiləri də etiraf edirlər.
Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün və bütün ərazilərində
suverenliyinin tam bərpasına nail olub. Hazırda Xankəndidə, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə,
Cəbrayılda, Zəngilanda, Füzulidə və işğaldan aza edilmiş digər rayonlarda bayrağımız əzəmətlə dalğalanır.
Başqa sözlə desək, Azərbaycan Qarabağın separatçı xunta rejiminin girovluğundan azad olunması kimi
mürəkkəb, hətta bəziləri tərəfindən həlli mümkünsüz görünən problemi həll edib, üstəlik Cənubi Qafqazda
dünyanı heyrətə salan abadlıq-quruculuq işlərinə imza atıb. Hazırda erməni vəhşilərindən azad edilmiş
ərazilərimizdə Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən abadlıq-
quruculuq işləri aparılır, otuz il yurd həsrəti ilə yaşayan keçmiş məcburi köçkün soydaşlarımız sevinc və
fərəhlə dədə-baba yurdlarına qayıdırlar. Yeri gəlmişkən, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq
seçkilər bütün ölkə ərazisində keçiriləcək. Bir sözlə, işğaldan azad olunmuş ərazilərə köçürülən əhali də artıq
seçici siyahısına daxil edilib. Əlbəttə, misli-bərabəri olmayan bu möhtəşəm nailiyyətlər Müzəffər Ali Baş
Komandanımız, qətiyyətli Prezidentimiz cənab İlham Əliyevin adı ilə bağlıdır.
Şübhəsiz, bütün bu uğurlarda “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” deyən dövlət
başçımızın yüz ölçüb bir biçərək qəbul etdiyi taleyüklü qərarlar mühüm rol oynayıb. Onu da qeyd edək ki, öz
fəaliyyətini daim xalqla bir yerdə olmaq və xalqa ləyaqətlə xidmət etmək əsasında quran Prezident İlham
Əliyev hər bir vətəndaşın qayğısına qalıb və bununla da hər bir azərbaycanlının Prezidenti olduğunu dəfələrlə
sübut edib. Bu da Prezident İlham Əliyevin yalnız xalqın və dövlətin mənafeyi üçün çalışan, uzaqgörən bir
Lider olduğunun daha bir nümunəsi, Onun yenidən Prezidentliyə namizədliyini əsaslandıran amillərdəndir.
Bəli, Prezident İlham Əliyev hakimiyyətdə olduğu son 20 ildə xalqa verdiyi hər bir vədini şərəflə
yerinə yetirib. Belə olan təqdirdə Onun namizədliyinin irəli sürülməsi labüd idi və qələbələr partiyası olan
YAP İdarə Heyətinin genişləndirilmiş iclasında belə bir addım atıldı. Bu addım bir daha sübut etdi ki, xalqın
Prezident İlham Əliyevə inamı, etimadı, güvəni sonsuzdur.
Elman Nuriyev,
Sabirabad rayonu, Kür və Araz çaylarında bəndlərin istismarı idarəsinin rəisi