isaznow.com
Az Iw En Ru

Zəfər zirvəsinə yüksəlmiş Prezident - İlham Əliyev

Son 20 ilin uğurları bu qənaəti bir daha təsdiqləyir ki, dövlətinin, xalqının gələcəyini düşünən
Liderə milyonların sevgisi şəksizdir. 1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf, tərəqqi
dövrü kimi yazılıb. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli lider
Azərbaycanı müstəqilliyinin bərpasının ilk illərinin xaosundan, anarxiyasından, iqtisadi böhranından,
ən əsası parçalanmaq və müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Heydər Əliyev yeni
Azərbaycan qurdu.
2003-cü ildən isə Ulu Öndər Heydər Əliyevin şah əsəri olan Azərbaycan möhkəm təməl
üzərində cənab İlham Əliyevin rəhbərliyi ilə biri-birindən əhəmiyyətli uğurlara imza atır, dünya
birliyinin layiqli üzvü kimi yerini və rolunu möhkəmləndirir.
Prezident İlham Əliyev xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirdi. Prezident kimi
ölkəmizə rəhbərlik etdiyi 20 ildə bütün sahələrdə sürətli inkişafa nail oldu, insanların rifah halı daha
da yaxşılaşdı. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirildi, ölkəmizin beynəlxalq arenadakı
mövqeləri möhkəmləndi və 30 ilin torpaq həsrətinə son qoyularaq ərazi bütövlüyümüz bərpa edildi.
Bu gün regionda reallaşdırılan bütün irimiqyaslı beynəlxalq layihələr Azərbaycanın iştirakı və milli
maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Reallıqlar bir daha təsdiqləyir ki, liderlik fenomeni
milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir.
Azərbaycan dövlət başçısı İlham Əliyevin qətiyyəti sayəsində qəhrəmanlıq tariximizin şanlı
səhifəsini yazdı. Bu səhifənin yazılmasında Azərbaycanın xarici siyasət sahəsində qazandığı
uğurlardan, ölkəmizin beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyindən bəhs edərkən
bu məqamı da xüsusi qeyd etməliyik ki, müstəqil siyasətimizin, ədalətli, beynəlxalq hüquqa əsaslanan
mövqeyimizin nəticəsi olaraq dünyanın yeni xarici siyasəti nəinki Azərbaycanda müzakirə olundu, 44
günlük müharibənin gedişində tamamilə dəyişdi. Dünya beynəlxalq hüquq normalarının və
prinsiplərinin mövcudluğunu qəbul etməyə məcbur oldu. Azərbaycan regionda yeni əməkdaşlıq
formatı yaratdı.
Vətən müharibəsindəki Şanlı Qələbədən düz üç il sonra daha bir fərəhli anlar yaşadıq. Bu il
sentyabr ayının 19-da Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə  şanlı Azərbaycan Ordumuz
Qarabağ bölgəsində həyata keçirdiyi və cəmi bir gün davam edən zəruri lokal antiterror tədbirlərindən
sonra düşmən tam şəkildə məğlub olduğunu və Qarabağda 30 ildən çox hakimiyyətdə olan qondarma
qurumun buraxıldı elan edildi. Vaxtı ilə işğal edilən kənd və yaşayış məntəqələri ordumuzun
hissələrinin tam nəzarəti altına keçdi.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də Xankəndidə, Xocalıda,
Ağdərədə, Əskəranda və Xocavənddə Azərbaycanın Dövlət Bayrağını ucaltdı. Əzəli düşmən
üzərindəki Şanlı Qələbədə əsas nöqtə isə noyabrın 8-də Xankəndi şəhərində keçirilən hərbi parad
oldu. Artıq Qarabağımız tam azaddır, 30 ildən artıq davam edən işğala son qoyulub.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının
Lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin dağıtdığı işğaldan azad edilən şəhər
və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə
qaytarılmasıdır. Bu qayıdış Böyük Qayıdış olmaqla təkcə azərbaycanlıların Qarabağa deyil, vaxtilə
deportasiya edildikləri bütün tarixi torpaqlarına qayıdışını əhatə edəcək.  İşğaldan azad olunmuş
ərazilərdə icra olunacaq yeni layihələr müasir texnologiyaların və kreativ yanaşmaların sintezidir.
“Ağıllı kənd” layihəsi artıq reallaşmaqdadır.
Prezident İlham Əliyevin effektiv diplomatiyası və nümayiş etdirdiyi siyasi iradə nəticəsində
Zəngəzur dəhlizi reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub
dəhlizlərinin önəmli hissəsini təşkil edəcək. Zəngəzur dəhlizinin açılması bütün bölgə üçün yeni
imkanlar açacaq. Yeni nəqliyyat dəhlizi türk dünyasını, Avropanı və bütün qonşu ölkələri birləşdirə
biləcək qlobal layihədir.
Qeyd olunan qələbə və uğurlar Prezident İlham Əliyevin intellekti, müdrik siyasəti və dahi
sərkərdəlik məharəti sayəsində əldə olunub. Onun rəhbərliyi ilə ölkəmiz gələcəkdə daha böyük
uğurlara nail olacaqdır.
Əlisa Abasov,
Sabirabad rayonu, 5 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırma İdarəsinin Kadrlar üzrə
mütəxəssisi


17:53 23.12.2023