isaznow.com
Az Iw En Ru

Son 20 ilin uğurları - Bütün vədlər, qarşıya qoyulan vəzifələr icra edildi

Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 7 fevral 2024-cü il tarixdə ölkəmizdə növbədənkənar
prezident seçkiləri keçiriləcək.  Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan
Partiyasının İdarə Heyətinin dekabrın 15-də keçirilən genişləndirilmiş iclasında cənab İlham Əliyevin
Prezidentliyə namizədliyi irəli sürülərək yekdilliklə qəbul olundu. Həm növbədənkənar prezident seçkilərinin
keçirilməsi ilə bağlı Sərəncam, həm də cənab İlham Əliyevin Prezidentliyə namizədliyi özündə bütün
məqamları, Azərbaycanın dünəninə baxış əsasında qarşıdakı dövrün hədəflərini ehtiva edir.
Hər dövrün öz tələbləri vardır. Çox da uzaq olmayan tarixə, 2018-ci ilin prezident seçkilərinə nəzər
salaq.  Ölkədə keçirilən hər bir seçki prosesi əldə olunan uğurların və onların fonunda müəyyənləşdirilən
hədəflərin təqdimatı kimi dəyərləndirilir. Qarşıdakı dövr üçün verilən proqnozlar özünü doğruldur,
müəyyənləşdirilən  hədəflər gerçəkliyə çevrilir. 2018-ci ilin 11 aprel seçkilərində də hədəflər dəyişməz idi.
Belə ki, torpaqlarımızın işğaldan azad edilməsi, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı,
Azərbaycanın informasiya cəbhəsində üstünlüyünün təmin edilməsi 2018-ci ildən sonrakı 7 ilin əsas
prioritetləri idi. Cənab İlham Əliyev 2018-ci ildə keçirilən andiçmə mərasimində bu çağırışı etmişdi: “Növbəti
illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Biz qeyd
etdiyim sahələr üzrə səylərimizi davam etdirəcəyik, Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik. Hər bir
sahə üzrə bizim konkret proqramlarımız, planlarımız var. Həm beynəlxalq məsələlərlə, həm bölgələrimizin
möhkəmləndirilməsi, siyasi-iqtisadi islahatların dərinləşməsi, sosial siyasət, ordu quruculuğu ilə bağlı bizim
konkret proqramlarımız var. Güclü siyasi iradə, böyük maliyyə resurslarımız var. Biz bu maliyyə resurslarını
öz əlimizlə yaratmışıq və biz indi öz hesabımıza yaşayırıq. Xalq-iqtidar birliyi var. Ona görə mən əminəm ki,
bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan
ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da
yaxşı yaşasınlar.»
Dövlət başçısı İlham Əliyev həmin andiçmə mərasimində 15 ilin hesabatını verdi, növbəti illərin
hədəflərini açıqladı. Bu gün isə 20 ilin uğurlarına baxış əsasında qarşıdakı dövrdə görüləcək işlərdən bəhs
edilir. Sözügedən andiçmə mərasimində “Onu da biz dünya birliyinə, ictimaiyyətinə çatdırırıq ki, nəinki Dağlıq
Qarabağ, indiki Ermənistan bizim tarixi torpaqlarımızdır. Təkcə sözlə yox, biz sübutlarla dünya birliyinə bunu
çatdırırıq. Elmi əsərlər yazılır, arxivlər qaldırılır, tarixi kitablar yazılır. Bunu sübut edən kifayət qədər tarixi
sənəd var. XIX əsrin əvvəllərində İrəvan xanlığının əhalisinin 80 faizini azərbaycanlılar təşkil edirdi. Biz bir
neçə deportasiyaya məruz qalmışıq. Bütün bunları biz çatdırmalıyıq, çatdırırıq və bu, öz səmərəsini
verməkdədir» söyləyən cənab İlham Əliyev onu da bildirmişdi ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı
prinsipial mövqeyimiz Azərbaycan xalqı tərəfindən dəstəklənir: «Biz bu siyasətdən dönməyəcəyik, bundan
sonrakı illərdə də işğalçını bütün işlərdən, regional işlərdən təcrid edəcəyik, onları ifşa edəcəyik. Gələcək
illərdə isə bizim gücümüz daha da artacaq. Çünki bu gün reallaşan böyük təşəbbüslər, layihələr bizim
gücümüzü daha da artıracaqdır.»
Cənab İlham Əliyev bu ilin 15 oktyabr tarixində Azərbaycan Bayrağını Xankəndidə ucaltdıqdan sonra
xalqa müraciətində  « Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr
icra edildi» söylədi. Bu illər ərzində Azərbaycan gücləndi,  dünya miqyasında özünə layiq yerini tuta bildi.
Artıq dünyada Azərbaycanla hesablaşırlar. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da
böyük coğrafiyada böyük məna daşıyır. Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Biz bu illər ərzində
Qarabağ  münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaratdı.  Eyni zamanda,  güclü
iqtisadiyyat qurduq. Son 20 il ərzində bu istiqamətdə əldə edilmiş uğurlar göz qabağındadır. İqtisadiyyatımız
dörd dəfədən çox artıb. Dövlət başçısı İlham Əliyev bildirir ki, güclü iqtisadiyyat müstəqillik deməkdir.
Müstəqillik heç vaxt şərti olmamalıdır. Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyatın,  güclü ordun
olmalıdır.
Elə bir güclü ordu yaratdıq ki, bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə
yetirə bilər və  bunu döyüş meydanında sübut etdi. Həm üç il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi
44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi, eyni zamanda bu ilin 19 sentyabr
tarixində  cəmi 23 saat davam edən antiterror əməliyyatı gücümüzü göstərdi. Yenə də düşmən ağ bayraq
qaldıraraq təslim oldu. Azərbaycan xalqı  Silahlı Qüvvələrimizlə fəxr edir.
Arxada qalan illər tariximizin öyrənilməsinin və təbliğinin, dövlətçilik, müstəqillik ənənələrinin
qorunmasının da dövlət siyasətimizin əsası olduğuna işıq salır.   Ölkə Prezidenti İlham Əliyevin «1918-ci il
azərbaycanlıların soyqırımının 100 illiyi  haqqında»  Sərəncamını, həmçinin  2018-ci ilin «Azərbaycan Xalq
Cümhuriyyəti ili» elan edilməsini xüsusi vurğulamalıyıq. Tarix heç zaman unudulmur. Prezident  İlham
Əliyevin «1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında» Sərəncamı tarixmizə verilən dəyər,
həqiqətlərimizin təbliği istiqamətində atılan addımların mühüm tərkib hissəsidir. Zaman-zaman ermənilərin 
azərbaycanlılara qarşı  törətdikləri soyqırımlar   bəşər sivilizasiyasının ən qanlı, qaranlıq tarixidir.  Ötən əsrdə 
imperiya siyasətinin quluna çevrilən daşnakların Azərbaycan xalqına qarşı apardıqları soyqırımlarda  qətlə
yetirilən soydaşlarımızın  üzləşdikləri faciələrin, vəhşiliklərin  analoqu yoxdur. Ulu Öndər Heydər Əliyev
1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra  tariximizin obyektiv mənzərəsinin

yaradılması üçün  geniş imkanlar əldə olundu. Ümummilli Liderin fəaliyyətinin əsas tərkib hissələrindən biri
Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılması, həqiqətlərimizin, ermənilərin əsl
simasının dünya ictimaiyyətinə çatdırılması  oldu. Ulu Öndərin ilk görüşünün ziyalılarla olması da təsadüfi
deyildi. Tarixin saxtalaşdırılmasına yol verməməyə çağırış edən Ümummilli Lider faktların dili ilə kitabların
yazılmasını və müxtəlif dillərə tərcümə edilməsini qarşıya mühüm vəzifə kimi qoydu. Ulu Öndərin 1998-ci il
martın 26-da  imzaladığı «Azərbaycanlıların soyqırımı haqqında» Fərmanında ermənilərin azərbaycanlılara
qarşı törətdiyi vəhşiliklərinə  adekvat siyasi qiymət verilmiş və 31 mart «Azərbaycanlıların Soyqırımı Günü»
elan edilmişdir. Məlum Fərman   dünyaya   tarixi həqiqətlərə həqiqət gözü ilə baxmaq üçün çağırış oldu. Son
20 ildə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən cənab İlham Əliyev dəfələrlə
Azərbaycan Milli Elmlər Akademiyasının yığıncaqlarında iştirak etmiş, tariximizlə bağlı araşdırmaların
miqyasının genişləndirilməsi ilə bağlı tapşırıqlarını vermişdir. Prezidentimizin «1918-ci il azərbaycanlıların
soyqırımı haqqında» Sərəncamı təbliğat işimizin daha da gücləndirilməsində stimulverici amildir.
Əbəs yerə deyilmir ki, tarixinə sahib çıxan xalq məğlubedilməzdir. «Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illik yubileyi haqqında» Sərəncamı imzalamaqla, həmçinin 2018-ci ili «Azərbaycan Xalq
Cümhuriyyəti İli» elan etməklə  xalqımızın keçmişinə hər zaman sahib çıxdığını, dəyərlərimizi qoruduğunu,
hörmətlə yad etdiyini bildirən Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin  bu sahədəki
siyasətinə  də sadiqliyini göstərdi.
Sərəncamda qeyd olunduğu kimi, Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya
qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik
ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarını qoruyub saxlaya bildi.
Ümummilli Lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni
yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik
arzularının güclənməsi və həqiqətə çevrilməsinə zəmin yaratdı. Müasir müstəqil Azərbaycan Ulu Öndər
Heydər Əliyevin şah əsəridir. Azərbaycan Xalq Cümhuriyyətindən miras qalan istəklərin daha geniş  və müasir
tələblərə uyğun tətbiqinin nəticəsidir ki,  Azərbaycan dünyanın aparıcı dövlətləri ilə eyni sırada addımlayır,
beynəlxalq siyasətdə mövqeyini möhkəmləndirir.  Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əgər əvvəlki
illərdə  Azərbaycan həqiqətlərini təbliğ etmək üçün müxtəlif ölkələrə getmək zərurəti yarnırdısa, bu gün artıq
ölkəmiz müxtəlif  sahələri əhatə edən beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməklə  malik olduğu
imkanlarını, reallıqlarını dünyaya çatdırır.
Dövlət başçısı İlham Əliyevin “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Yaxın tarix
dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi
ediriksə, dəqiqliklə edirik» fikirləri keçilən yolun təhlili fonunda özünün aydın ifadəsini tapır.  Təbii  ki, bu
fikirlərin təsdiqi bu günədək aparılan siyasət, atılan addımlar, o cümlədən 2020-ci il  sentyabrın 27-dən
başlayan 44 günlük İkinci Qarabağ müharibəsində  Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın
kapitulyasiyasının təsdiqi olan  10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanması oldu. Dövlətimizin
qətiyyəti, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, rəşadətli ordumuzun gücü,
qüdrəti, xalqımızın birliyi, həmrəyliyi, gələcəyə böyük inamı nəticəsində yazılan Zəfər tarixi qalib
Azərbaycanın qarşısında yeni imkanlar açdı. 30 illik işğala 44 gündə son qoyan Azərbaycan Ermənistana və
ona havadarlıq edən dövlətlərə ədalətin və beynəlxalq hüququn mövcudluğunu sübut etdi.
Dövlət başçısı İlham Əliyev ötən il  dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında
yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bu məqama xüsusi
diqqət yönəltmişdir ki, işğal dövründə hətta bir çox hallarda məndə də artıq belə bir fikir formalaşmışdı ki,
dünyada ədalət yoxdur: «Əminəm ki, Azərbaycan xalqının mütləq əksəriyyəti bu fikrə şərik idi. Çünki bu
dərəcədə ədalətsizliyi təsəvvür etmək çətin idi. Yəni,  haqlı ola-ola bizə qarşı bu qədər ədalətsizliyin
göstərilməsi heç bir çərçivəyə sığmırdı. Ancaq inam və ədalətə inam insanların öz əllərindədir. Biz ədaləti öz
gücümüzlə, şəhidlərimizin qanı-canı bahasına, qazilərimizin fədakarlığı, bütün xalqımızın, Ordumuzun birliyi
sayəsində qazanmışıq, ədaləti bərpa etmişik, dünya miqyasında fövqəladə bir nümunə göstərmişik. Həm  hərbi
əməliyyatımız bu gün dünyanın aparıcı ali hərbi məktəblərində öyrənilir, həm də xalqımızın iradəsi,
əzmkarlığı, əyilməz ruhu dillər əzbəri olubdur.”
Elçin Nəsibov,
Sabirabad rayonu "Muğanın Səsi" qəzetinin baş redaktoru


17:51 23.12.2023