isaznow.com
Az Iw En Ru

Azərbaycan tarixində əbədi qalacaq yarış

Dekabr ayının 21-də işğaldan azad edilən Xankəndi şəhərindəki stadionda futbol üzrə
Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları
arasında oyun keçirilib. Bu bütün Azərbaycan xalqının sevincinə səbəb olmuş unudulmaz hadisə oldu.
Belə ki, ilk dəfə idi ki, işğaldan azad edilmiş ərazilərdə futbol matçı keçirilirdi. Həmin oyunda
ölkəmiz Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak etdilər.
Futbol oyununu fasiləsində 2023-cü ilin idman yekunları ilə bağlı təşkil olunmuş mərasimdə
idman ictimaiyyətinin təltif edilmiş nümayəndələri ilə görüşündə Prezident İlham Əliyev deyib:
“Dünyada hələ ki, belə bir nümunə olmayıb ki, xalq, dövlət öz torpağını – uzun illər işğal altında
olmuş torpaqları döyüş meydanında qan tökərək, şəhidlər verərək azad etsin, qursun, yaratsın və cəmi
üç ildən sonra artıq azad edilmiş torpaqlarda futbol matçı keçirilsin, vətəndaşlar Bakıdan, digər
yerlərdən gəlib buna tamaşa etsinlər və qürur hissi yaşasınlar. Biz tarix yazmışıq, yazırıq və bu gün
dediyim kimi, Xankəndi cəmi üç ay bundan əvvəl azad edilmişdir, ancaq artıq Xankəndi –
Azərbaycan şəhəri olan Xankəndi yaşayır və dirçəlir”.
Bu əlamətdar idman yarışmasında vətənimizin ərazi bütövlüyünün bərpası uğrundakı
döyüşlərdə həlak olan şəhidlərimizin müqəddəs ruhuna ehtiram və vətənpərvərlik nümunəsi
göstərilib. Belə ki, ilk dəfə olaraq Xankəndi stadionunda keçirilmiş oyunda qəhrəman şəhidlərimizin
uşaqları və ailə üzvləri də iştirak ediblər. Təşkilatçılar tərəfindən böyük hazırlıq işləri görülüb. Bu gün
bütün Qarabağın ərazisində aparılan quruculuq-abadlıq işləri Xankəndi şəhərində, Xocalıda, işğaldan
azad edilmiş digər ərazilərdə geniş quruculuq-abadlıq işləri aparılır. Xankəndi şəhərindəki stadion
cəmi iki ay ərzində yenidən inşa edilib, əsaslı təmir olunub.
Xankəndi şəhərində keçirilən futbol matçından əvvəl bu mərasimdə çıxış edən Prezident İlham
Əliyevin qeyd etdiyi kimi: “Dörd il bundan əvvəl bu stadionda bəziləri “Qarabağ Ermənistandır və
nöqtə” demişdilər. Biz onlara sübut etdik ki, Qarabağ Azərbaycandır!
İşğal edilmiş torpaqların böyük hissəsi üç il bundan əvvəl – İkinci Qarabağ müharibəsi
nəticəsində işğalçılardan azad edildi. Qarabağın tacı olan Şuşa şəhərində Azərbaycan Bayrağı
qaldırıldı. Üç ay bundan əvvəl – sentyabrın 19-20-də Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə
rayonları da işğalçılardan azad edildi. Oktyabrın 15-də bütün bu şəhərlərdə mən Azərbaycan
Bayrağını ucaltdım. Noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradı keçirildi. Bu gün
isə bu gözəl idman bayramını biz birlikdə qeyd edirik”.
Eyvaz Fərzəliyev,
Sabirabad rayon Ağasaqqalar Şurasının sədri


19:30 22.12.2023