isaznow.com
Az Iw En Ru

Azərbaycan xalqı bu Zəfər ilə bundan sonra əbədi fəxr edəcəklər

Vətən müharibəsində misilsiz şücaət göstərən qəhrəman Azərbaycan ordusu Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi ilə bu il sentyabr ayının 19-20-də birgünlük antiterror tədbirləri
keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. 24 saat ərzində Qarabağdakı qanunsuz hərbi
birləşmələr məhv edildi, separatçılar silahı yerə qoyaraq təslim oldular. Yüksək peşəkarlıqla aparılan,
yalnız legitim hərbi hədəflərin məhv edildiyi antiterror tədbirlərində mülki əhaliyə və obyektlərə zərər
dəymədi. Oktyabrın 15-i müasir tariximizə daha bir şərəfli səhifə kimi yazıldı. Ali Baş Komandan,
Prezident İlham Əliyev separatçılardan təmizlənən Ağdərə, Xocalı, Əsgəran, Xocavənd və
Xankəndidə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı və bununla da müstəqil dövlətimiz
öz ərazilərində suverenliyini tam olaraq bərpa etdi.
İşğaldan azad olunmuş əraziləri yenidən qurmaq, keçmiş məcburi köçkünlərin yurd yerlərinə
qayıdışını layiqli şəkildə təmin etmək Prezident İlham Əliyevin həyata keçirdiyi daxili siyasətin əsas
istiqamətidir. Müharibənin bitdiyi 3 il ərzində ölkə başçımızın həmin bölgələrə davamlı səfərləri
çərçivəsində yaşayış yerlərinin, obyektlərin təməllərini qoyması və genişmiqyaslı yenidənqurma
işlərinə birbaşa nəzarət etməsi bunu bir daha təsdiq edir. Dekabrın 20-də Azərbaycan Prezidenti İlham
Əliyev və birinci xanım Mehriban Əliyevanın Xocavənd və Xocalı rayonlarına səfərləri də məhz
düşmən əsarətindən azad olunmuş yurd yerlərimizin inkişafının, bərpasının dövlətimizin diqqət
mərkəzində olduğunun isbatıdır.
30 illik işğala son qoyan, Azərbaycanın gücünü, qüdrətini bütün dünyaya nümayiş etdirən
Prezident İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün uğurla həyata keçirilir.
Reallaşdırılan layihələr, görülən işlər isə əhatəli və genişmiqyaslıdır. Maddi və mədəni
dəyərlərimizin, tarixi abidələrimizin bərpası isə bu işlərin mühüm tərkib hissəsidir. Respublikamızın
hər bölgəsi inkişaf etdirilir. Ölkə başçımızın işğaldan azad olunmuş ərazilərimizə davamlı səfərləri bu
yerlərdən erməni vandalizminin izlərinin silinməsi, tarixi yurd yerlərimizin dirçəldilməsi ilə müşayiət
olunur. Bütün bunlar bir daha təsdiq edir ki, işğaldan azad olunmuş əraziləri qısa müddət ərzində sülh,
əməkdaşlıq və təhlükəsizlik bölgəsinə çevirmək, rayonları, kəndləri, qəsəbələri, bütün yaşayış
yerlərini tezliklə bərpa etmək, bir sözlə, Qarabağı yenidən qurmaq güclü dövlətin, güclü liderin
sayəsində mümkündür.
Yenidən qurulan Qarabağımızda bu il növbəti uğurlu, tarixi tədbir keçirildi. Dekabrın 21-də
Qarabağımızın mərkəzində – Xankəndi şəhərindəki stadionda azərbaycanlı azarkeşlərin iştirakı ilə
futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK
komandaları arasında oyun baş tutdu. bu əlamətdar idman yarışmasında vətənimizin ərazi
bütövlüyünün bərpası uğrundakı döyüşlərdə həlak olan şəhidlərimizin müqəddəs ruhuna ehtiram və
vətənpərvərlik nümunəsi göstərilib. Belə ki, ilk dəfə olaraq Xankəndi stadionunda keçirilmiş oyunda
qəhrəman şəhidlərimizin uşaqları və ailə üzvləri də iştirak ediblər. Onlar bu yarışı ölkə başçısı İlham
Əliyev və birinci xanım Mehriban Əliyeva ilə bir yerdə izləyiblər.
Yarışın əvvəlində Prezident İlham Əliyev iştirakçılar qarşısında çıxış edərək qeyd etdi ki, “Bu
futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var. Xankəndi qədim Azərbaycan
diyarıdır. Bu kəndin təməli Qarabağ xanı tərəfindən qoyulmuşdur və ondan sonra Azərbaycan
Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər
yaradılmışdır. Əfsuslar olsun ki, 30 il ərzində bu şəhərdə separatçılar yuva salmışdılar. Bu şəhər
separatizmin rəmzinə çevrilmişdi. Torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistan
hesab edirdi ki, bunu əbədi edə biləcək. Biz, şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut
etdik ki, bu, bizim tarixi, əzəli torpağımızdır. Bu torpaqların sahibləri bizik, Azərbaycan xalqıdır. Biz
buraya qayıtmalı idik və qayıtmışıq.
Üç ay bundan əvvəl Xankəndi işğaldan azad edildi. Birgünlük antiterror əməliyyatı nəticəsində
Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir, bu gün bütün Qarabağ bölgəsində
Azərbaycan Bayrağı dalğalanır. Bu, böyük tarixi hadisədir və bu tarix bizim qəlbimizdə əbədi
yaşayacaq. Azərbaycan xalqı, dünya azərbaycanlıları bu Zəfər ilə bundan sonra əbədi fəxr edəcəklər”.
Əlabbas Şıxəliyev,
“Sabirabad Konserv” ATSC-nin sədri


18:29 22.12.2023