

Ölkəmizin paytaxtı qədim Bakı şəhərinin beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi ənənə
halını alıb. Dünyada nüfuzu güclənən ölkəmiz beynəlxalq ictimaiyyətin gözündə təkcə neft və qaz ölkəsi kimi
deyil, həm də mötəbər konfransların, yarışların keçirildiyi bir məkan kimi canlanır. Son illər Azərbaycanın
adının xarici ölkə vətəndaşlarının səfər etmək arzusunda olduğu “ilk 20-lik ölkə” siyahısında yer alması da
təsadüfi sayıla bilməz. Bu mənada BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasının-COP29-un Bakıda keçirilməsi ölkəmizin həm turizm, həm iqtisadi, həm də
siyasi əhəmiyyətini artıracaq.
Hazırda ölkəmizə qarşı bəzi xarici dairələrdə çirkin kampaniyanın aparıldığı bir vaxtda əksər dünya
dövlətlərinin etimad göstərərək Azərbaycanın belə bir mötəbər tədbirə ev sahibliyinə namizədliyini
dəstəkləməsi ciddi diplomatik uğurdur. Ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə dünya miqyasında
xüsusi əhəmiyyətə malik ölkəyə çevrilib. Azərbaycan müstəqil, prinsipial mövqe ortaya qoyduğu, beynəlxalq
hüquqa hörmət etdiyi üçün dünya dövlətlərinin etimadını qazanıb.
Bu ilin sentyabr ayında Azərbaycanda uğurlu antiterror tədbirləri aparıldı. Xaricdəki bəzi dairələr
bundan narahat olsalar da, amma dünyanın əksər ölkələri Azərbaycanı dəstəklədi. Azərbaycan öz ərazi
bütövlüyünü təmin etdi. Əgər aparılan antiterror tədbirləri beynəlxalq hüquqa zidd olsaydı, bu zaman, dünya
ölkələri, xüsusilə də Şərqi Avropadan olan dövlətlər belə bir mötəbər sammitin Azərbaycanda keçirilməsi
təşəbbüsünü dəstəkləməzdilər.
Dekabr ayının 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə BMT-nin
İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un gələn il
ölkəmizdə keçirilməsi ilə əlaqədar məsələlərə həsr edilən müşavirədə bildirilib ki, məlum antiterror
əməliyyatından sonra bəzi Qərb ölkələri və ənənəvi olaraq Fransa Azərbaycana qarşı əsassız ittihamlar irəli
sürmüşdülər və bu ittihamların heç bir əsası yoxdur. Çünki Azərbaycan öz suveren ərazisində separatçılığa
qarşı, işğalçılara qarşı antiterror əməliyyatı keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha təmin etmişdir
və eyni zamanda, bütün humanitar normalara riayət edərək öz suverenliyini bərpa etmişdir. Buna baxmayaraq
Fransada bəzi siyasi liderlər ermənilərdən daha çox erməni olmağa çalışırlar. Ancaq onlar da bu vəziyyətlə
barışmağa məcbur olacaqlar.
2024-cü ildə Bakı dünyanı narahat edən ekoloji və iqlim məsələlərinin həll olunduğu qlobal mərkəzə
çevriləcək. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının növbəti
sammitində iqlim və ekoloji çağırışların həllinə dair daha effektli və sanballı təkliflər irəli sürüləcək, layihələr
hazırlanacaq.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı 1995-ci ildən hər il
keçirilir. Məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizəni gücləndirməkdir. 195 ölkə, o cümlədən Azərbaycan
bu razılaşmaya qoşulub. Qeyd edilməlidir ki, qlobal istixana effekti yaradan qazların emissiyalarının cəmi 0,15
faizi ölkəmizin payına düşür. Hədəfimiz 2030-cu ilə qədər istixana effekti yaradan qazların emissiyalarını 35
faiz, 2050-ci ilə qədər isə 40 faiz azaltmaqdır. Buna bariz nümunə kimi azad edilmiş ərazilərimizdə münaqişə
sonrası həyata keçirilən genişmiqyaslı bərpa işlərini göstərmək olar. Söhbət ekoloji texnologiyalara, həmçinin
“ağıllı” və “yaşıl” yanaşmalara əsaslanan layihələrin icrasından gedir. “Yaşıl enerji” zonası, təmiz nəqliyyat,
“ağıllı şəhərlər”, “ağıllı kəndlər” kimi innovativ yanaşmalar, minlərlə hektar sahədə meşələrin bərpası buna
misaldır.
Gələn il Bakı şəhərində dünyanın 150-dən artıq ölkəsindən 80 minə qədər qonağın gəlməsi gözlənilir.
Tədbirin iki həftə çəkəcəyini nəzərə alsaq, sammitin ölkəmiz üçün əhəmiyyətini təsəvvür etmək çətin deyil.
Təbii ki, burada başlıca faktorlardan biri Azərbaycanda təhlükəsiz mühitin, sabitliyin, inkişafın olması, bütün
sahələrdə modernləşmənin mövcudluğudur. Məhz bunu nəzərə alaraq Şərqi Avropa ölkələrinin əksəriyyəti
COP29-un Azərbaycanda keçirilməsi təşəbbüsü ilə çıxış etdilər və hətta Ermənistan da Bakının xeyrinə öz
namizədliyini geri götürdü. Düşünürəm ki, 2024-cü ildə və ondan sonrakı illərdə Azərbaycan yerli, regional və
beynəlxalq miqyasda bir sıra ciddi siyasi hadisələrin mərkəzində olacaq.
COP29-un Azərbaycanda keçirilməsinin ölkəmizə bir sıra siyasi dividendlər qazandıracaqdır. Belə bir
mötəbər tədbirə ev sahibliyi etmək böyük məsuliyyətdir. Əminik ki, bu sammitdən sonra iştirakçıların
Azərbaycanla bağlı təəssüratları daha da yaxşı olacaq. Onlar ölkəmizdəki inkişafı öz gözləri ilə görəcəklər və
Azərbaycanın çox doğru yolda olduğunu, dövlətimizin ədalətli inkişafa, insan haqlarına, yaşıl enerjiyə, necə
üstünlük verdiyini şəxsən görəcəklər.
Əvəz Məmmədov,
Sabirabad rayonu Qaragüney kənd yaradıcılıq evinin direktoru