isaznow.com
Az Iw En Ru

Bir çox mühüm məqamlara aydınlıq gətirən müsahibə

Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Euronews”
televiziyasına müsahibə verib və çox böyük marağa səbəb olan bu müsahibə dekabrın 9-da həmin
kanalda yayımlanıb. Ölkə başçısı öz müsahibəsində mühüm əhəmiyyət kəsb edən bir sıra məqamlara
toxunub.
Prezident İlham Əliyev ölkəmizin iqtisadi  inkişafından danışankən bildirib ki, Azərbaycanın
iqtisadi inkişafın təməlində aparılan islahatlar dayanır. Bu islahatların nəticəsidir ki, Azərbaycan öz
iqtisadiyyatını şaxələndirməyə, neft və qaz sektorundan asılılığı azaltmağa nail olub. Bununla belə
hazırda neft və qaz sektoru ölkə iqtisadiyyatının əsas hissəsi olmaqda davam edir. Son 20 il ərzində
Azərbaycanın ümumi daxili məhsulu dörd dəfə artıb. Görülən tədbirlər sayəsində yoxsulluq
səviyyəsində yaşayan əhalinin sayı təqribən 50 faizdən 5,5 faizə endirilməsinə nail olunub. Bu onu
nümayiş etdirir ki, enerji layihələrinin həyata keçirilməsi nəticəsində əldə edilmiş sərvət əhalimizin
bütün seqmentləri arasında ədalətli bölünüb.
Azərbaycanın xarici borcunun səviyyəsinin azaldılması istiqamətində də işlər görülür və bu
gün bu rəqəm ÜDM-in 10 faizindən aşağıdır. Növbəti il üçün hədəf ÜDM-in 7 faizidir. Bu da öz
növbəsində Azərbaycanın iqtisadiyyatının dayanıqlılığını nümayiş etdirir. Bugünkü geosiyasi
vəziyyətdə yaranan çətinliklərə baxmayaraq gələn il üçün iqtisadi artımın daha çox olacağı
planlaşdırılıb.
Müsahibədə vacib məsələlərə toxunan dövlətimizin başçısı həmçinin enerji mövzusu barədə
maraqlı fikirlər səsləndirib. Enerji sahəsinin inkişafının neft hasilatından təbii qaz istehsalına keçid
etdiyini qeyd edən Prezident İlham Əliyev bildirib ki, bununla yanaşı, bizim neft hasilatımız və
ixracımız hələ də bir çox ölkənin enerji təhlükəsizliyinin bir hissəsidir. Üç il öncə 3500 kilometr
uzunluğunda inteqrasiya edilmiş qaz boru kəmərlərindən ibarət olan Cənub Qaz Dəhlizinin başa
çatdırılması Azərbaycana özünün qaz təchizatının coğrafiyasını genişləndirmək imkanı yaratdı. Bu
gün ölkəmiz Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və Rumıniyaya qaz ixrac edir. Yaşıl
enerji layihələrinə dair müqavilə və anlaşma memorandumları Azərbaycana yanacaq enerjisindən
bərpaolunan enerjiyə rahat keçid imkanı verəcək. Avropa istehlakçıları da yaşıl enerji ilə təmin
ediləcək.
Ölkə başçısı qeyd edib ki, “Biz genişmiqyaslı iqtisadi islahatlar aparırıq ki, büdcədə daha çox
vəsait toplansın. Biz gömrük və vergi inzibatçılığı sahəsində olduqca uğurlu islahatlar həyata
keçirmişik. Biz bütün dövlət şirkətlərimizdə korporativ idarəçilik sistemi yaratmışıq və bunun
bəhrəsini görürük”.
Qarabağ ermənilərinə gəlincə, dövlətimiz hər zaman bəyan edir ki, könüllü şəkildə
Ermənistana köçən həmin ermənilər Azərbaycan vətəndaşlığını qəbul edib burada yaşaya bilərlər. Bu
məqsədlə Azərbaycan elektron qeydiyyat portalını yaradıb. Qayıtmaq istəyən hər kəsin belə bir
hüququ var. Azərbaycan çoxmillətli dövlətdir. Eyni zamanda, bütün vətəndaşlarımız qanun qarşısında
bərabərdir. Hər kəs də dövlətimizin qanunlarından kənar addımlara yol verməməlidir. Bütövlükdə,
dövlətimizin başçısının müsahibəsi regionda vəziyyətin beynəlxalq ictimaiyyətə çatdırılması
baxımından böyük əhəmiyyət kəsb edir.
Rəna Hacızadə,
Sabirabad Heydər Əliyev Mərkəzinin direktoru


11:01 13.12.2023