

Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Avropanın ən
tanınmış və çoxsaylı auditoriyası olan “Euronews” televiziyasına müsahibə verib və çox böyük
marağa səbəb olan bu müsahibə dekabrın 9-da həmin kanalda yayımlanıb. Müxbirin çoxsaylı və bir
çox sahələri əhatə edən suallarını ətraflı cavablandıran ölkə başçısı öz müsahibəsində mühüm
əhəmiyyət kəsb edən məqamlara da toxunub.
Ölkəmizin iqtisadi inkişafından danışan Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın
iqtisadi inkişafın təməlində aparılan islahatlar dayanır. Bu islahatların nəticəsidir ki, Azərbaycan öz
iqtisadiyyatını şaxələndirməyə, neft və qaz sektorundan asılılığı azaltmağa nail olub. Bununla belə
hazırda neft və qaz sektoru ölkə iqtisadiyyatının əsas hissəsi olmaqda davam edir. Son 20 il ərzində
Azərbaycanın ümumi daxili məhsulu dörd dəfə artıb. Görülən tədbirlər sayəsində yoxsulluq
səviyyəsində yaşayan əhalinin sayı təqribən 50 faizdən 5,5 faizə endirilməsinə nail olunub. Bu onu
nümayiş etdirir ki, enerji layihələrinin həyata keçirilməsi nəticəsində əldə edilmiş sərvət əhalimizin
bütün seqmentləri arasında ədalətli bölünüb.
Azərbaycanın xarici borcunun səviyyəsinin azaldılması istiqamətində də işlər görülür və bu
gün bu rəqəm ÜDM-in 10 faizindən aşağıdır. Növbəti il üçün hədəf ÜDM-in 7 faizidir. Bu da öz
növbəsində Azərbaycanın iqtisadiyyatının dayanıqlılığını nümayiş etdirir. Bugünkü geosiyasi
vəziyyətdə yaranan çətinliklərə baxmayaraq gələn il üçün iqtisadi artımın daha çox olacağı
planlaşdırılıb.
Nəzərdə tutulan işlərə gəlincə ölkə başçısı bildirib ki, gələn il üçün Azərbaycanın əsas dövlət
xərcləri azad edilmiş Qarabağa və Şərqi Zəngəzura yönləndiriləcəkdir. Qarşıda duran əsas
məqsədlərdən birincisi keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına mümkün qədər tez
qayıdışının və məskunlaşmasının təmin edilməsidir. Nəzərdə tutulub ki, 2026-cı ilin sonunadək 140
min insan öz yurdlarında yerləşdiriləcək. Bunun üçün isə tam yeni infrastruktur yaradılır, yaşayış
yerləri inşa edilir və sosial infrastruktura böyük vəsait yatırılır. Həmçinin, 30 il işğal altında olmuş bu
ərazilərin kənd təsərrüfatı, hidroelektrik enerjisi, günəş və külək enerjisi, turizm kimi sahələrdə böyük
potensialı var. Bu, dövlət investisiya proqramının əsas sahəsi olacaq.
Xarici sərmayələrə gəldikdə, yanacaq enerjisi sahəsinə investisiyaların qoyuluşu davam
edəcək. Çünki təbii ehtiyatlar baxımından Azərbaycanda böyük potensial var, Avropada Azərbaycan
qazına böyük ehtiyac var və bu ehtiyac artmaqdadır. Lakin çox əhəmiyyətli inkişaf bərpaolunan enerji
mənbələri ilə bağlıdır. Buna görə də bu, birbaşa xarici investisiyaların əsas istiqaməti olacaq. Ötən ay
regionun ən böyük, 230 meqavat gücündə olan və xarici investorlar tərəfindən tam maliyyələşdirilmiş
günəş elektrik stansiyasının açılışı keçirilib. Növbəti 5-6 ildə isə 10 qiqavat həcmində günəş və külək
enerjisi istehsal edilməsi planlaşdırılır.
Ölkə başçısı öz çıxışlarında və verdiyi müsahibələrində hər zaman mütləq olaraq Ermənistan
ilə münasibətlərə geniş yer ayırıb və bir çox suallara aydınlıq gətirib. “Euronews” televiziyasına
verilən müsahibəsində də Ermənistanla olan münasibətlərin gələcək perspektivləri barədə ətraflı
məlumat verilib. Prezident İlham Əliyev bildirib ki, “Danışıqlar prosesinin təxminən üç ili ərzində,
Ermənistan hər zaman sülh sazişinə Qarabağın erməni azlığına dair müddəanı salmaq istəyirdi. Bizim
mövqeyimiz ondan ibarət idi ki, bu, bizim daxili işimizdir”.
Dövlət başçısı bildirib: “Əgər onlar Azərbaycanda erməni azlığı məsələsini əks etdirmək
istəyirlərsə, onda biz də otuz il əvvəl Ermənistandan qovulmuş azərbaycanlı azlığı məsələsini daxil
etmək istərdik. Özü də Ermənistanda azərbaycanlıların sayı ermənilərin Azərbaycandakı sayından
daha çoxdur və təxminən 300 min insan təşkil edir. Bir sözlə, mövqeyimiz belədir ki, həmin məsələ
qarşılıqlı olmalıdır. Biz iki milli azlığın məsələsini, onların hüquqları və təhlükəsizliyini, o cümlədən
qayıtmaq hüququnu qeyd edək. Yəni, təkcə ermənilərin Azərbaycana qayıtması deyil, o cümlədən
azərbaycanlıların Ermənistana qayıtması məsələsini qoyuruq”.
Xüsusi olaraq vurğulanıb ki, “Səmimi desək, mən hazırda məntiq nöqteyi-nəzərindən sülh
sazişinin imzalanmasına hər hansı ciddi maneə görmürəm”.
Azərbaycanın bunun üçün elektron qeydiyyat portalı açdığını vurğulayan dövlət başçısı
bildirib: “Qayıtmaq istəyən hər kəsin belə bir hüququ var. Onların mülkiyyəti lazımi dərəcədə
qorunur. Bütün tarixi və dini yerlər lazımınca qorunur. Geri qayıtmaq üçün onlar müəyyən qaydalara
əməl etməlidirlər və mən antiterror əməliyyatının keçirilməsindən bir neçə ay əvvəl demişdim ki,
qalmaq istəyənlər Azərbaycan vətəndaşlığı üçün müraciət etməlidirlər. Çünki insanlar başqa ölkənin
vətəndaşı olmaqla Azərbaycanda necə yaşaya bilərlər? Ya vətəndaşlıq, ya iş icazəsi, ya da yaşayış
icazəsi olmalıdır. Onlar dırnaqarası “dağlıq qarabağ respublikasında” yaşadıqlarını deyərək
Azərbaycanda yaşaya bilməzlər. Çünki dırnaqarası “dağlıq qarabağ respublikası” mövcud deyil. Onlar
bunu öz xəyallarında, mifologiyasında uydurublar. Onlar Azərbaycan vətəndaşları olaraq
Azərbaycanda yaşamaq istəyirlərsə, əlbəttə ki, bunu edə bilərlər”.
Sülh sazişini imzalamaq və delimitasiya işlərini başlamaq üçün təklifi Azərbaycanın verdiyini
vurğulayan Prezident İlham Əliyev qeyd edib: “Düşünürəm ki, sülh üçün alternativ yoxdur. Əgər sülh
sazişi imzalanmasa, bu, bütöv bölgə üçün çox pis olacaq. Biz istəyirik ki, Cənubi Qafqaz bölgəsində
hər hansı risk olmasın. Əlbəttə, biz istəyirik ki, Ermənistan nə bu gün, nə də gələcəkdə ərazi
bütövlüyümüzü sual altına qoymasın və Azərbaycana qarşı hər hansı ərazi iddialarından tam əl
çəksin”.
Kəmalə Babayeva,
2 saylı Sabirabad şəhər uşaq bağçasının müdiri