isaznow.com
Az Iw En Ru

Regionda vəziyyətin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından  əhəmiyyət kəsb edən müsahibə

Azərbaycan Prezidenti İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibədə
ölkəmizin ötən dövr ərzində keçdiyi inkişaf yolu, iqtisadi potensialı və bu istiqamətdə perspektivlər
haqqında ətraflı fikirləri yer alıb. Əsas məqamlardan biri də odur ki, bu gün Azərbaycan dünyada
etibarlı tərəfdaş kimi qəbul olunur. Əlbəttə ki, bu uğura dövlətimizin düzgün, uzaqgörən və praqmatik
siyasəti nəticəsində nail olunub.
Hazırda dünyada mürəkkəb proseslər baş verir və bu da təhlükəsizlik amilini önə çıxarır.
Dövlətimizin başçısının müsahibədə dediyi kimi, Azərbaycanı istənilən rəqabətdən, geosiyasi
mübarizədən və ya böyük dövlətlərin toqquşmasından qorumaq üçün lazımi addımlar atılır.
Azərbaycan müstəqil xarici və daxili siyasətə malik ölkədir və bu siyasəti milli maraqlara əsaslanaraq
yürüdür. Əsas amillərdən biri ölkəni qarşıdurma, yaxud rəqabət arenasına çevirməməklə dövləti mənfi
xarici təsirdən və daxili işlərə müdaxilədən qorumaqdır. “Azərbaycanın daxilində risklər yoxdur.
Bizim çox sabit siyasi sistemimiz var, xalqımızın çox güclü birliyi var, xüsusilə işğal olunmuş
ərazilərimizin azad edildiyi tarixi Qələbədən sonra”, – deyə vurğulayan Azərbaycan lideri mühüm
mesajlar ötürüb.
Uğurlarımızın əsasında dayanan əsas amillərdən biri məhz dövlətimizin müstəqil siyasət
yürütməsidir. Bu səbəbdən də ölkəmizin beynəlxalq aləmdə nüfuzu davamlı olaraq yüksəlir. Təsadüfi
deyil ki, Azərbaycan dördüncü ildir ki, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan
Qoşulmama Hərəkatına sədrlik edir. 120 üzv ölkənin ümumi rəyinə əsasən Azərbaycan Qoşulmama
Hərəkatına yeni ölçü və dinamika verməkdə önəmli rol oynayıb. Prezidentin müsahibədə dediyi kimi,
Azərbaycan Qoşulmama Hərəkatının institusional inkişafı ilə bağlı çoxlu addımlar atıb. Parlament və
gənclər platformaları yaranıb, qadınlar üçün platformanın yaradılması üzərində işlər aparılır. COVID
pandemiyası məsələsi ilə bağlı çox fəal olmaqla 80-dən çox ölkəyə yardım göstərilib. Qoşulmama
Hərəkatında sədrliyimiz bizə siyasətimizi, imkanlarımızı nümayiş etdirməyə şərait yaratdı. Bundan
başqa, Azərbaycanın öz qonşuları ilə münasibətləri dostluğa və qarşılıqlı marağa əsaslanır. Yalnız
torpaqlarımızı 30 il işğal altında saxlamış Ermənistanla münasibətlər mövcud deyil.
Dövlətimizin başçısı müsahibəsində Ermənistanın işğal siyasətinin nəticələri, torpaqlarımızın
öz gücümüzə azad edilməsi və Ermənistanla sülh sazişinin imzalanması perspektivləri barədə
fikirlərini ifadə edib. Bir daha bəyan olunub ki, sülh sazişini imzalamaq və delimitasiya işlərini
başlamaq üçün təklif verən ölkə Azərbaycandır. Hazırda Qarabağ məsələsi bitdikdən sonra
Ermənistan bizimlə razılığa gəlməkdə daha həvəsli olacaq. Çünki suverenliyimizin bərpası və
Qarabağda qeyri-qanuni separatçı rejimin ləğv edilməsi ilə Ermənistana daha cəsarətli davranmağa və
ya danışıqlara getməyə mane olan əsas amil artıq mövcud deyil. Prezident müsahibəsində
Ermənistandan qovulan azərbaycanlılarla bağlı bildirdi ki, Ermənistanda azərbaycanlıların sayı
ermənilərin Azərbaycandakı sayından daha çoxdur və təxminən 300 min insan təşkil edir. Əgər rəsmi
İrəvan Azərbaycanda erməni azlığı məsələsini əks etdirmək istəyirlərsə, onda biz də otuz il əvvəl
Ermənistandan qovulmuş azərbaycanlı azlığı məsələsini daxil etmək istərdik.
Ölkəmiz iki milli azlığın məsələsini, onların hüquqları və təhlükəsizliyini, o cümlədən
qayıtmaq hüququnu qeyd edir. Yəni, təkcə ermənilərin Azərbaycana qayıtması deyil, o cümlədən
azərbaycanlıların Ermənistana qayıtması məsələsini qoyuruq. Azərbaycanlıların 30 il əvvəl qovulması
və ermənilərin iki ay əvvəl ölkəmizi tərk etmək qərarı arasında fərqin əhəmiyyəti yoxdur.
Qarabağ ermənilərinə gəlincə, dövlətimiz hər zaman bəyan edir ki, könüllü şəkildə
Ermənistana köçən həmin ermənilər Azərbaycan vətəndaşlığını qəbul edib burada yaşaya bilərlər. Bu
məqsədlə Azərbaycan elektron qeydiyyat portalını yaradıb. Qayıtmaq istəyən hər kəsin belə bir
hüququ var. Azərbaycan çoxmillətli dövlətdir. Eyni zamanda, bütün vətəndaşlarımız qanun qarşısında
bərabərdir. Hər kəs də dövlətimizin qanunlarından kənar addımlara yol verməməlidir. Bütövlükdə,
dövlətimizin başçısının müsahibəsi regionda vəziyyətin beynəlxalq ictimaiyyətə çatdırılması
baxımından böyük əhəmiyyət kəsb edir.
Gülnar Hüseynova,
Sabirabad rayonu Qaratəpə kənd tam orta məktəbinin direktoru


09:58 12.12.2023