

Dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi
keçirildi. Bu kimi açılış mərasimlərinin hər biri iştirakçı ölkələrin malik olduqları imkanların təqdimatında
əhəmiyyətli rol oynayır. Dövlət başçısı İlham Əliyev mərasimdəki çıxışında Azərbaycanın enerji
diplomatiyasının uğurlarından geniş bəhs edərək bildirdi ki, enerji strategiyası uğurla icra edilir. Tərəfimizdən
irəli sürülmüş və icra edilmiş layihələr Avropanın və Asiyanın - Avrasiyanın enerji xəritəsini böyük dərəcədə
yenidən tərtib etmişdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri bu gün Azərbaycan neftini Aralıq
dənizinin və Qara dənizin bazarlarına çatdırır. Cənub Qaz Dəhlizi - uzunluğu 3500 kilometr olan nəhəng
infrastruktur layihəsi Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verir. Avropa Komissiyası, onun
yüksəkvəzifəli şəxsləri Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı kimi dəyərləndirirlər.
Azərbaycanın Bolqarıstana qaz təchizatı iki il bundan əvvəl başlamışdır. 2021-ci ildə 270 milyon kubmetr qaz
təchiz edilmişdir. Keçən il 500 milyon kubmetrdən bir qədər çox olub. Bu il isə bu rəqəm 1 milyard kubmetrə
yaxın olacaq.
Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu sonluqla başa çatması
ölkəmizin əməkdaşlığa önəm verməsinin təqdimatıdır. Bir mühüm məqamı xüsusi qeyd etməliyik ki, “Əsrin
müqaviləsi»nin imzalanmasından öncə Ümummilli Lider Heydər Əliyev dünya təcrübəsinə əsasən belə bir
çağırışı etmişdi ki, təcrübə mübadiləsi olmadan, səylər birləşdirilmədən heç bir ölkə təkbaşına iqtisadi
tərəqqiyə nail ola bilməz. 1994-cü ildə «Əsrin müqaviləsi»nin imzalanması Azərbaycanın etibarlı tərəfdaş kimi
mövqeyinin möhkəmləndirilməsində öz sözünü dedi. O da məlumdur ki, əməkdpaşlıq öncə regional çərçivədə
başlayaraq illər keçdikcə beynəlxalq miqyas aldı. Dövlət başçısı İlham Əliyev sözügedən açılış mərasimində
ölkəmizin enerji sektorunda qazandığı uğurların təhlili fonunda bu mühüm məqamı böyük əminliklə qeyd etdi
ki, Azərbaycan, sözün əsl mənasında, etibarlı tərəfdaşdır, dostluq ənənələrinə həmişə sadiqdir və dostluğu
yüksək qiymətləndirir. Məhz dostluq, qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələr bir çox
ölkələrin maraqlarını təmin edir və qaz sahəsində əməkdaşlıq, eyni zamanda, genişmiqyaslı regional
əməkdaşlığa da güclü zəmin yaradır. Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi, Avropa məkanı və Azərbaycan,
Avropa İttifaqı əlaqələri - bütün bu istiqamətlər müsbət məcrada inkişaf edir.
Prezident İlham Əliyev qeyd olunan mərasimi dostluq, strateji tərəfdaşlıq mərasimi kimi
dəyərləndirərək bildirmişdir ki, bu layihə Serbiya və Bolqarıstanın enerji təhlükəsizliyinə böyük töhfə verə
biləcək layihədir. Azərbaycanın qaz ixracı coğrafiyası daha da genişlənir. Hazırda təbii qazımızı səkkiz ölkəyə
ixrac edirik. Serbiya doqquzuncu ölkədir. Bu doqquz ölkənin yeddisi Avropa ölkəsidir və təbii ki, bugünkü
mərasim - interkonnektorun fəaliyyətə başlaması Avropanın enerji təhlükəsizliyinə də önəmli töhfə verəcək.
Göründüyü kimi, Azərbaycan Avropa İttifaqı, eyni zamanda, quruma üzv dövlətlərlə əməkdaşlığa
xüsusi önəm verir. Avropa İttifaqına üzv ölkələrin üçdə biri ilə strateji tərəfdaşlıq Memorandumu mövcuddur.
O da məlumdur ki, ötən ilin iyul ayında Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası
tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji
Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalandı. Bu Memoranduma görə, Azərbaycan 2027-ci ilə qədər
Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalıdır. Artıq rəqəmlər onu göstərir ki, inamla bu hədəfə
doğru gedirik. 2021-ci ildə Azərbaycanın Avropa məkanına qaz ixracı 8 milyard kubmetrdən bir qədər çox
olmuşdusa, cari ildə bu, təxminən 12 milyard kubmetrə çatacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50
faizini təşkil edir.
Ötən ilin oktyabr ayında Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan
Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi keçirildi. «Azərbaycan bizim üçün arzuolunan, etibarlı
tərəfdaşdır. Mən çox şadam ki, bu məsələdə də mövqelərimiz üst-üstə düşür və biz həmin bu praqmatik və
səmərəli əməkdaşlığımızı bir çox sahələr üzrə irəli aparmaq niyyətindəyik» söyləyən Bolqarıstan Prezidenti
Rumen Radevin cənab İlham Əliyevin bu ölkəyə rəsmi səfərinin ikiqat rəmzi olduğunu açıqlamışdır. Birincisi,
bu il diplomatik münasibətlərimizin 30 ili tamam olur. İkincisi, bu səfər çərçivəsində Yunanıstan-Bolqarıstan
Qaz İnterkonnektorunun açılışı qeyd edildi. Bu strateji layihə həm Bolqarıstan, həm də Şərqi Avropa üçün çox
mühüm layihədir. Bu interkonnektor ilk dəfə olaraq Azərbaycandan təbii qaz almağa imkan verəcək. Bu, təbii
ki, Avropanın enerji xəritəsini dəyişdirəcək. Bu, elə bir infrastruktur layihəsidir ki, təkcə ölkələrimiz arasında
deyil, bütün regionda iqtisadi əməkdaşlığı inkişaf etdirə biləcəyik. Bu layihə Azərbaycanla Bolqarıstan
arasında strateji tərəfdaşlığı bir daha təsdiqləyir.
Şəmsi Hüseynov,
Sabirabad rayonu Qaragüney bələdiyyəsinin sədri