

Azərbaycanla ikitərəfli siyasi, mədəni və iqtisadi əlaqələri möhkəmlənən dövlətlərdən biri də
Serbiyadır. Dövlət başçılarının qarşılıqlı səfərləri əməkdaşlıq əlaqələrinin davamlı inkişafının
təsdiqidir. Prezidentlərin şəxsi dostluq münasibətləri böyük dərəcədə Serbiya-Azərbaycan
əlaqələrinin inkişafına xidmət edir.
Dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış
mərasimi oldu. Bu əhəmiyyətli tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev çıxışında imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamənin əməkdaşlıq
əlaqələrinin yüksək statusunun ifadəsi olduğunu, interkonnektorun fəaliyyətinin ölkələrin sənaye
inkişafına böyük töhfə verəcəyini, keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində
strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalandığını, bu memorandumun səmərəli şəkildə
icra edildiyini, bu memoranduma görə, Azərbaycan 2027-ci ilə qədər Avropaya göndərilən qazın
həcmini iki dəfə artırmalı olduğunu, interkonnektorun fəaliyyətinin ölkələrin sənaye inkişafına böyük
töhfə verəcəyini və s. bildirdi.
Azərbaycan Respublikasının Prezidenti çıxışında Azərbaycanın etibarlı tərəfdaş, dostluq
ənənələrinə həmişə sadiq, dostluğu yüksək qiymətləndirən bir dövlət olduğunu, dostluğun, qarşılıqlı
anlaşmanın, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələrin bir çox ölkələrin maraqlarını təmin
etdiyini xatırladaraq dedi: “Biz bu gün yalnız təbii qaz şəbəkələrini birləşdirmirik. Çünki
Bolqarıstan–Serbiya interkonnektoru yalnız infrastruktur layihəsi deyil. O, bizim ölkələrimizin artan
texnoloji imkanlarının, həmçinin Serbiya-Bolqarıstan, Bolqarıstan-Serbiya-Azərbaycan arasındakı
uğurlu və faydalı əməkdaşlığın rəmzidir”.
Bolqarıstan Prezidenti cənab Rumen Radevin “İnterkonnektor sayəsində Bolqarıstan nəhayət
ki, Azərbaycan qazını qəbul edə bildi. Bizim on il öncə anlaşmamız var idi. O vaxt biz nə Avropadan,
nə də ki, Azərbaycandan fiziki qaz qəbul edə bilmirdik. Mən Prezident Əliyevə təşəkkürümü
bildirmək istəyirəm. O sübut etdi ki, Bakı bütün anlaşma və razılıqlara ciddi yanaşır.” fikirləri də
maraq doğurdu.
Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi də,
mərasimdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı da tarixi hadisə oldu...
Səbinə İsmayılova,
Sabirabad rayonu Güdəcühür köçkün qəsəbə klub-icma mərkəzinin müdiri