

Dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış
mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Serbiya Respublikasının
Prezidenti Aleksandar Vuçiç və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mərasimdə
iştirak ediblər.
Prezident İlham Əliyev Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində
çıxışında bildirib ki, biz bu gün yalnız təbii qaz şəbəkələrini birləşdirmirik. Çünki
Bolqarıstan–Serbiya interkonnektoru yalnız infrastruktur layihəsi deyil. O, bizim ölkələrimizin artan
texnoloji imkanlarının, həmçinin, Serbiya-Bolqarıstan, Bolqarıstan-Serbiya-Azərbaycan arasındakı
uğurlu və faydalı əməkdaşlığın rəmzidir. Əməkdaşlıq bizim regionda davamlı, dayanıqlı iqtisadi
inkişafa və tərəqqiyə gətirir. O, bizim Avropanın gələcəyi üçün quruculuq işləri görmək istəyimizin
bir ifadəsidir. O, Avropa İttifaqının təhlükəsiz və etibarlı enerji mənbələri üçün iddialı baxışdır. Mən
qəti əminəm ki, interkonnektor sərhəd regionlarda, həmin boruların keçdiyi yerlərdə investisiya
maraqlarının artmasına töhfə verəcək.
Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycanın bütövlükdə enerji strategiyası uğurla
icra edilir. Bizim tərəfimizdən irəli sürülmüş və icra edilmiş layihələr Avrasiyanın enerji xəritəsini
böyük dərəcədə yenidən tərtib etmişdir. 2021-ci ildə bizim Avropa məkanına qaz ixracımız 8 milyard
kubmetrdən bir qədər çox olmuşdursa, bu il bu təxminən 12 milyard kubmetrə çatacaq. Bunun
Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil etdiyini vurğulayan dövlətimizin başçısı deyib ki,
2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmi iki dəfə artmalıdır və biz inamla bu hədəfə doğru
gedirik.
Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri bu gün Azərbaycan neftini Aralıq və Qara
dənizləri bazarlarına çatdırır. Cənub Qaz Dəhlizi uzunluğu 3500 kilometr olan nəhəng infrastruktur
layihəsi Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verir. Prezident İlham Əliyev çıxışı
zamanı ölkəmizin enerji sahəsində gələcək planları barədə məlumat verib: «Gələcək planlarımız təbii
ki, qaz təchizatının coğrafiyasını daha da genişləndirməkdir. Gələcəkdə Avropa məkanında yeni
yaradılacaq interkonnektorlar vasitəsilə yeni ölkələrin bazarlarına çıxmaqdır və əsas bizim hədəfimiz
bərpaolunan enerji növləri ilə bağlıdır. 10 qiqavat bərpaolunan enerji növlərinin yaradılması üzrə
Azərbaycan tərəfindən investorlarla sazişlər və anlaşma memorandumları imzalanmışdır».
Bu gün dünyanın bir çox ölkələri ilə yanaşı, Azərbaycanla Serbiya arasında münsibətlər yüksək
səviyyədədir. Hər iki ölkə hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib.
Ölkələr arasında münasibətlərin inkişafında dövlət başçılarının görüşlərinin böyük əhəmiyyəti var.
Belə ki, strateji tərəfdaşlıq zəminində qurulmuş münasibətlər müttəfiqlik səviyyəsinə yüksəlir. Dövlət
başçılarının qarşılıqlı səfərləri onu göstərir ki, əməkdaşlıq əlaqələri davamlı olaraq inkişaf edir.
İmzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə əməkdaşlıq əlaqələrinin yüksək statusundan
xəbər verir.
Balkan ölkələrinin liderləri tərəfindən Azərbaycanla əməkdaşlığa böyük maraq göstərilir.
Bolqarıstan və Azərbaycan bir-birilərini qarşılıqlı olaraq Cənubi Qafqazda və Qara dəniz regionunda
prioritet, strateji və etibarlı tərəfdaş hesab edirlər. Bundan başqa, iki ölkə arasında ticarət, nəqliyyat,
xüsusilə yük daşımaları, sərmayələr, yüksək texnologiyalar, turizm və digər sahələrdə əməkdaşlığın
inkişafı üçün geniş perspektivlər mövcuddur. Ölkəmizin Bolqarıstana qaz təchizatı iki il bundan əvvəl
başlamışdır. 2021-ci ildə 270 milyon kubmetr qaz təchiz edilmişdir. Keçən il isə bu göstərici 500
milyon kubmetrdən bir qədər çox olmuşdur. Bu il isə bu rəqəm 1 milyard kubmetrə yaxın olacaqdır.
Dövlət başçımız bildirdi ki, həm Serbiya, həm Bolqarıstan, həm Şərqi Avropa qrupuna daxil
olan digər ölkələr Azərbaycanın namizədliyini dəstəkləyərək COP29 konfransının Azərbaycanda,
Bakıda keçirilməsinə dəstək göstərdilər ki,bu da, ölkəmizə olan dost münasibətin göstəricisidir.
Nail Xanməmmədov,
Sabirabad rayonu Ulacalı kənd tam orta məktəbinin direktoru